Mirzə Cəlillə ayrılıq məqamı

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 1963

 

Bütün ədəbi məktəblər millətin çərçivəsini daraldır. Ədəbi məktəblərə heyranlıq tərbiyəsinin axırı yoxdur. 

Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının satirik ruhunda günahkardır. Satira "usta"larımız pişik quyruğuyla oynayan kimi daim acı sözlə əylənib millətin bütün önəmli keyfiyyətlərindən yan keçiblər. Onların fərasətindən millət barmaq qatlayıb öz fəzilətlərini sadalaya bilməyi unudub. Amma naqisliklərini əzbərdən bilir. Hamımız ağız-ağıza vermişik: murdarıq, yaramazıq, pisik. Satirik ruh qanımıza yeriyib.


Düşmən millətimizi topla atəşə tutanda, Mirzə Cəlil sözlə tutub. Mirzə Cəlil ədəbi kollaborasionistdir. Özü də həmişə düşmənin görüb-bilmədiyi yerləri nişan alıb.


"Molla Nəsrəddin" jurnalı bizdə natamamlıq kompleksinin səbəbkarıdır. Onun ucbatından millətdə naqislik duyğusu artıq bioloji dominantlıq səviyyəsinə çatıb. Mirzə Cəlildən sonra dürlü qəhrəmanlıq dastanları, comərdlik nəğmələri, fəxriyyələr, nə bilim, bəhariyyələr yaranmayıb. Bu gedişlə yaranmayacaq da. Qəhrəmanlığa dair hər şey qaldı "Molla Nəsrəddin"dən əvvəldə. Zaman sovuşur, xalq yaradıcılığının qəhrəmanlıq mövzularındakı fasilə məndə vahimə oyadır. Bu yüzildə yazarlarımızın az-çox igidlik mızıldayışlarısa səmimiyyətdən uzaqdır, çünki Sovet ruhundan doğulmuşdur. Natamamlıq kompleksinə düçar kəslər qəhrəmanlığı dərk etməz. 


Mirzə Cəlil millətin xarakiri aktıdır. Barı bundan sonrakı müharibələri udmaq xatirinə intihar ədəbi məktəblərini tərk etməliyik. Əfsus, hələ ondan sonra da qələbəyə yol uzundur, çünki hər şey dərinə işləyib, metastaz çoxşaxəlidir. Mirzə Cəlil hər şeyi "anlayıb"sa, bununla böyük iş görməyib. O, ədəbiyyat tariximizdə ölməzlər rəfində guşə seçməklə öz yerini bilməlidir. Onu fəal təbliğ və təşviqlə natamamlıq kompleksimizi özümüz gücləndiririk. Bu minvalla XXI əsrdən etibarən biz başqa millətlər arasına gəlin kimi yaşmaqla, bürüncəklə çıxmalıyıq. Amerika qəhrəman kovboyla simvollaşırsa, Azərbaycan - "savadsız" novruzəlilərlə. Əslində savad heç də alilik meyarı deyil. Kovboy bəlkə adını da yaza bilməz. Çeçen deyiləndə, onun savadlı, ya savadsızlığı anılmır. Mirzəmizin nişangah seçdiyi molla heç də həmişə iyrənc məxluq deyil, o da millətin bir övladıdır və onların əksəri üçün Allah adı əzizdən əzizdir; peyğəmbərinin ismini eşidəndə, məsumluq mucəssəməsinə çevrilirlər. Bu heç də Mirzə Cəlil kimi İsa, Musa və Məhəmmədi milli çaxnaşmalara səbəb görmürlər. Mirzə Cəlil öz ateist savadıyla bəlkə də nurlu bir mollanın yanında avam görünərdi. 


Bizə daha öldürücü yox, dirildici ədəbiyyat vacibdir. Millət Mirzə Cəlilin hər gün yadına saldığı, təlqin yolu ilə təhtəlşüuruna yeritdiyi naqisliklərlə uzağa gedə bilməyəcək. C.Məmmədquluzadə ədəbi satira məktəbi neçə nəsil yazarlarımızı şikəst qoyub. Mirzə Cəlilə sevgilərlə M.Ə.Sabir, Ü.Hacıbəyov kimi nəhənglər də miləti "yıxıb-sürümək" yolu tutmuşdular. Nə qədər gec deyil, ədəbi bütlərə sevgi aldanışlarından qurtulmalıyıq. Sevgilərlə iş görülməz, görülsə də həmin iş başa gəlməz.


Mirzə Cəlil N.Qoqolla bahəm Z.Freydə də mehr salsaydı, millətindəki qüsurların heç də təkcə ona xas olmadığını hökmən görəcəkdi. Bəşəri yalnız instinktlər idarə edir və bu instinktlər millətin əxlaq durumu ilə tən gəlməyə bilər. Əxlaq hər bir xalqda təsadüfən uydurulur və milli əxlaq üslubları bu təsadüflərin sayı qədər olur. İnstinktlərsə məğribdən məşriqə eynidir. Adəmdən başlayıb, xatəməcən də hər yerdə eyni olacaq. Özünü ən çox mədəni adlandıran xalq daha çox şarlatandır. Bəşəriyyətdə ən səthi şey mədəniyyətdir. Xalqların öz mədəniyyətləri ilə öyünmələri oyunbazlıqdan başqa bir şey deyil, yaxud həyat və ölüm, varlıq və yoxluq fövqündə buna heç problem demək olmaz.


"Hər şeyin təzədən dəyərləndirilməsi" vaxtı çoxdan çatıb. Hətta kağız üzərində də amanabənd dayanmış müstəqilliyimizlə az öyünməliyik. Artıq, millətin gələcək mövcudluğu naminə indidən həyəcan təbilləri çalınmalıdır. Mirzə Cəlil bizi bağışlayar.

15.11.1995 "Yeni Müsavat" N38

Digər xəbərlər

Folklorun ölən çağı

Professor Feldman

Rafiq Tağı ilə "Demokrat" qəzetinin əməkdaşı, gənc yazar Xuraman Hüseynzadə söhbətləşib

"Gələcəyimiz naminə Azərbaycanı dini fanatlardan qorumaqdayıq"

“Əbədiyyətə çıxışlar” Konspekt

Şərhlər