Tarix: 25-03-2015 10:54
Baxış sayı: 1979
Rafiq Tağı:
- İlk növbədə deyim ki, demokratik maarifçılık ədəbiyyatının Azərbaycanın taleyində böyük rolu o olub ki, onlar bütövlükdə Azərbaycanı şərq ətalətindən qurtarıblar.
Və Azərbaycan cəmiyyətinə elə təkan veriblər ki, indi sadəcə Azərbaycan insanını o ətalətə qaytara bilməzlər.
Məsələn İran kimi dövlətlər indi çalışırlar ki, Azərbaycanı da öz düşündükləri bir sistemə salsınlar.
Amma Azərbaycan insanı bunu istəmir və yeri gəldikcə ondan imtina edir.
Bu həmin ədəbiyyatın roludur. Amma bununla belə mənim bu klassiklərlə bağlı başqa baxışlarım da var.
Azərbaycan rus imperiyası tərəfindən ilhaq edildikdən sonra Azərbaycan insanını aşağılamaq, onda natamamlıq kompleksi yaratmaq, xilas etmək adı ilə onu şanlı tarixindən ayırmaq, onu bədbəxt durummda göstərmək amaçı ilə ədəbiyyatın bu satıra qolu təqdir olundu.
Bu qol həddən artıq şişirdilirdi. Bu iş sovet dövründə də davam etdirildi...
Bu fikirləri Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirədə yazıçı Rafiq Tağı deyir.
Müzakirə bu mövzuda olub: Klassiklərin yaradıcılığını yenidən qiymətləndirməyə ehtiyac varmı?
Müzakirəyə tənqidçi Əsəd Cahangir və gənc yazarlar Zərdüşt Şəfizadə və Cavid Ramazanov da qatılıblar.
Rafiq Tağı fikrinə davam edir:
- Müəyyən ədəbiyyatçılar deyir ki, guya bu klassiklər Azərbaycan insanını sevə-sevə tənqid ediblər.
Amma belə çıxır ki, sevə-sevə ifşa ediblər. Bunun fonunda isə Azərbaycan insanının içindəki müsbət axınlara biganəlik yaradılırdı.
Yənu burada mənim bəyənmədiyim məqamlar var. Məncə insanın içindəki müsbət keyfiyyətləri çıxartmaq lazımdır.
Yəni Şeyx Nəsrullahı neytrallaşdırmaq, həbs etmək üçün hüquq mühafizə orqanını inkişaf etdirmək kifayət idi, nəinki o cinayətkara bu dərəcədə ədəbi enerji sərf etmək.
Cəhaləti aradan qaldırmaq üçün maarifi inkişaf etdirmək lazımdır. Ədəbiyyatın buna məsrəfi o klassiklərin özlərinin gələcəyini bir qədər kölgədə qoyur.
Əgər onların yüksək sənətkarlıqları olmasaydı, mövzuları öz əhəmiyyətini itirmiş olardı.
ƏSƏD CAHANGİR RAFİQ TAĞI İLƏ RAZILAŞMIR
Əsəd Cahangir:
- Bir məsələyə bir neçə tərəfdən baxmaq lazımdır. Rafiq Tağının fikirləri məncə bu baxışlardan biridir. Maariçilik təkcə Azərbaycan ədəbiyyatının hadisəsi deyil.
Bütün dünya ədəbiyyatının keçdiyi yoldur. Rafiq Tağının bunu yalnız və yalnız çar hökumətinin milli yarımçıqlıq kompleksi yaratmaq məqsədilə beyinlərə yeritdiyi siyasi-ideoloji təbliğatın ədəbi versiyası kimi təqdim etmək istəməsi ilə razı deyiləm.
Axı Rusiyanın özündə Krılov və digərləri də satiralar yazırdılar. Qriboyedovun “Ağıldan bəla”sı rus cəmiyyətinin ən kəskin tənqidi idi.
Dostoyevskinin bütün əsərləri əslində rus çəmiyyətinin ifşasına həsr olunub.
Eləcə də Fransa ədəbiyyatında Volter, Didro, Russo və digərləri öz cəmiyyətlərinin ən kəskin tənqidçiləri idilər.
AzadlıqRadiosu:
- Amma o Rusiyada, Fransada adını sadaladığınız yazarlarla bağlı vəziyyət Azərbaycandakı indi haqqında danışdığımız yazarlarla bağlı vəziyyətə nə dərəcədə adekvat idi.
Əsəd Çahangir:
- Bizim mədəniyyətimiz Avropa mədəniyyətinə 19-cu əsrin ortalarından transformasiya olundu.
Axı cəmiyyət bir şərq blokadasında idi. Sırf müsəlman-türk müstəvisində inkişaf edirdi.
Elə ki, biz Rusiyaya birləşdik, bu bir şərait yaratdı. Axundov məhz bu mühitin yetirməsi idi.
O təkbaşına Avropa filosoflarının, yazıçılarının və dramaturqlarının yerinə yetirdiyi vəzifəni sanki 200 il sonra çiyninə alıb inkişaf etdirməyə başladı.
Məsələn 1857-ci ildə o “Aldanmış kəvakib”i yazanda Fransız ədəbiyyatında artıq “Səfillər” (Viktor H.) və digər əsərlər yaranırdı.
Zaman məsələsini kənara qoysaq Axundov adını sadaladığım avropalıların işinə adekvat bir funksiyanı yerinə yetirirdi.
Mənə elə gəlir ki, əgər Volter, Didro, Russo, Monteskyö və digərlərinin insan mənəviyyatı, dinin, cəhalətin tənqidi olmasaydı bugünkü Aropa olmazdı.
Bugünkü Avropa 18 əsr maarifçılıyin tənqidindən doğulub. Mən bu paralellərlə demək istəyirəm ki, o zamankı maarifçilik siyasi xarakter daşımırdı.
Yəni sadəcə yuxarıdan verilən bir göstəriş deyildi. Bu, insan ağlının, təfəkkürünün müəyyən dönəmdə gəlib çıxdığı zəruri bir mərhələ idi.
"KLASSİKLƏRİ OXUMADAN NÖVBƏTİ MƏRTƏBƏNİ NECƏ TİKƏ BİLƏRİK?"
Zərdüşt Şəfizadə:
- Mən indi Azərbaycan ədəbiyyatını o qədər də oxumuram. Nə klassikləri, nə də müasirləri.
Amma vaxtında, indi adı çəkilən şəxsiyyətlərin hər birinin əsərini 5-6 dəfə oxumuşam. Yəqin ki, ilk dəfə o kitabları sadəcə maraqdan əlimə götürmüşdüm.
Amma zaman keçdikdən sonra dəfələrlə onlara qayıtmağımın səbəbi o idi ki, onlar öz yaşadıqları dövrün nəbzini tuta biliblər və o əsərlərdə dövrün tələb elədiyi hədəflər var.
Ona görə də həmin hədəfləri tutmaq üçün indi də məcburam onları oxuyam.
Həm bir gənc yazar olaraq peşəkarlaşmaq üçün, həm də çoxmərtəbəli Azərbaycan ədəbiyyatının növbəti mərtəbəsini inşa etmək üçün.
Nizami, Füzuli, Mirzə Cəlil və digər pillələri qalxmadan binanın başına çıxıb növbəti mərtəbəni necə tikmək olar?
Yəni hündürlüyü artırmaq üçün zirzəmini mütləq öyrənmək lazımdır.
Cavid Ramazanov:
Sovet klassiklərinin çoxu şəxsən mənə maraqlı olmayıb, oxumamışam. Nəsə oxumuşamsa bu, məktəb illərində olub.
Bunlar sırf pafoslu əsərlərdir. O zaman hər respublikadan bir nəfər tapırdılar, üzərinə missiya qoyurdular. O da sovetləri təbliğ edirdi.
Hətta çobanın şair kimi təqdim olunduğu hallar var həmin dövrdə.
Sözsüz ki, sovet dövrünün çox işlər görən klassikləri də var. Amma böyük əksəriyyətinin əsərləri pafoslu təbliğat üzərində qurulduğu ücün indi onlardan heç nə qalmayıb.
"ZAMAN KEÇDİKCƏ QALANLARININ DA AKTUAL OLUB-OLMADIĞI BİLİNƏCƏK"
AzadlıqRadiosu:
- Klassilərə əvvəlki münasibət indi qalır, ya yox sizlərin fikrincə?
Zərdüşt Şəfizadə:
- Məncə müəyyən mənada qalır.
Əsəd Çahangir:
- Məncə onlar zamanın ələyindən keçir. Bir fakt var ki, əbədi dəyəri, funksional mənası, problematik əhəmiyyəti olan əsərlər dövründən asılı olmayaraq ədəbiyyatda qalır
Rafiq bəylə razıyam ki, funksionallığı olanlar qalır.
Rafiq Tağı:
- Mənə elə gəlir ki, o maarifçi demokratik ədəbiyyatın təbliğinin intensivliyi sanki bir qədər azalıb.
Amma mən istəməzdim ki, o, intensivlikdən düşsün. Çünki, ən azı o bizi Şərq ətalətinə yuvarlanmaqdan qoruyur.
Cavid Ramazanov:
- Mənə də elə gəlir ki, artıq çox şey bəllidir. Qalanların da nə dərəcədə aktual olduğu zaman keçdikcə bilinəcək.
Verilişin aparıcısı və proqramın mətnindən əsas məqamları yazıya köçürən: İlqar Rəsul,
Prodüsser: Gülər Miryəhya