KÜLƏK AĞZINDA YARPAQ
K |
ürü keçib, indi daha heç kəsin vurulmayacağı yaşda, kimlərinsə mənə vurulduğu iyirmi il əvvələ qayıdıram. Bəlkə bəxt quşu yenə başıma qona - bir də vurulan tapıla. Sevilməyin dadı hələ damağımdadır.
Çoxdan məktublaşmadığım yerdə gözləyənim yoxdusa da, yəqin iki il kirayədə qaldığım evəsə getməyə üzüm gələrdi. Orda kim xəstələnirdisə, baxanları mən idim. Xəstə də ki, nəzəri cəhətcə öz həkimiylə dost olar.
Üstündən bir igid ömrü vaxt keçib, mən hələ dürüst kəsdirmirəm də - bəlkə camaat ordan köçüb? Ya kənd quş kimi uçub qonub ayrı yerə? Ayrı yerə qonubsa, batdım, onu bir də tapa bilməyəcəyəm.
Çoxdan niyyət tutmuşdum: bundan sonrakı məzuniyyətlərimi yaşanmış ömrü təzədən yaşamağa sərf edim. Ona görə də hər təzə iş yerinə gedəndə (külək ağzındakı yarpaq kimi mənim daimi məskənim yoxdu), köhnə dönüb olurdu məzuniyyətlərdə gedəcəyim yer. Mən Göydəki kişiyə fırıldaq gəlib, onun verdiyi ömrü qısa şəkildə olsa da, təkrar-təkrar yaşamaq niyyətindəydim. Bu yayı bir vaxt əsgərlikdə olduğum hərbi hissəyə hökmən baş çəkməliyəm. Ondan əvvəlsə ilk maaş aldığım yerə dəyməklə.
Bu müddətdə Allah bilir kim ölüb, kim qalıb. Yaxşısı heç, ordakıların pisindən ötrü də burnumun ucu göynəyirdi. Əcəb gedib görəsən hamı sappasağdır; bircəciyinin burnu da qanamayıb. Sağ-salamat olmaları naminə razıydım elə pisi pis də qalsın, lap əvvəlkindən də betər. Ancaq nağd bilirdim: hökmən kimlərsə ölüb də. Heç adamı ölməyən yer olar?
Uzaqdan kənd qara xətt şəklində görsənirdi. Sonra get-gedə evlər ayırd oldu. Bəzi həyətlərdə paltar-palaz sərilmişdi. Bəzi eyvanlarda uşaq-muşaq qaçışırdı.
Birdən mənim vaxtımda ölənləri xatırladım. Diriləri bəlkə qarışıq salardım da, ancaq ölənlər üzlərinin xırda cizgilərinəcən yadımdaydılar.
Səmayə cavan öldü. Qəbir boyda yorğan-döşək məndən əvvəl də - düz on il onun məskəni olmuşdu. Həyat onun gələcək qəbrini yorğan-döşək şəklində əks eləmişdi. Sevmək də, ərə getmək də sanki ölməsi üçün lazım imiş; o, ömrü boyu ölmək üçün yaşamışdı. Övladların ona köməyi dünyadakı ən müqəddəs işlərdəndi ki, mən şahidi olmuşdum.
Dəli Gülzar. Onun daxması yolun qırağındakı təpə üstündəydi. Yuxudan durandan ta yuxuya gedənəcən öz-özünə danışardı. İnsana özündən yaxşı həmsöhbət kim ola bilər? "Gec-tez məni Mircəfər ağa alacaq!" - gün axşamacan gücü-qüvvəsi bu sözlərə gedirdi. Qız vaxtında indi hamının hörmətlisi, ağsaqqal bir adam olan Mircəfər ağa əvvəl özünü ona sevdirib, sonra atmış, o da atılmağa dözməyib dəli olmuşdu. Yoldan keçənlər onun daxmasına qalxıb, əlindən gələn köməyi əsirgəməzdi. Evin ortasındakı naxışlı mis kasaya əsasən pul qoyurdular. Ancaq ona daimi köməyi üstünə götürən və buna görə də hökumətdən maaş alan qonşuluqdakı arvad hər axşam gəlib o pulları yığışdırıb aparardı. Onsuz Gülzar adına pul deyilən şeyi tanımazdı. Milyon olsun, ya bir manat - onun üçün eyni şeydi. Dəliliyi - ən ali duyğularla yaşadığındandı. Onu bit-birə basdı; o, acından və sevgidən öldü.
Kəndə girəndə həyəcandan ürəyim tir-tir əsirdi; həm də bir növ, caniyə oxşayırdım. Oğru-quldura. Rastlaşdıqlarımın da heç biri ayaq saxlayıb mənimlə kef-əhval tutmadı. Tanımırdılar - unutmuşdular. Bəlkə yadlarında olduğum köhnə adamlar da bilməz ki, indi sağam, ya yox. Heç özüm də bilmirəm, hafizəsində qala bildiklərim ölüdür, yoxsa diri. Qarabaqara gedirdim - yarəb, kimin bəxti itidisə, onu diri görməliyəm. Əlbəttə, öz bəxtim güclüdür: dipdiriyəm. Məni ölmüş sayanların nəzərində tezliklə xortdayacaqdım. Özü də xatırladıqları gəncin üzünü dərin qırışlarla qazılmış, saçlarını ağappaq görsənirdi.
Qəvvas olub ömür dəryasına qərq olmuşdum - hərdən başım iyirmi il əvvəldə görünürdü.
- Qardaş, sizə kim lazımdı? - mən həyətə keçəndə, döşlüklü bir gəlin quyu başında yuduğu qab-qacaqdan əl çəkib dikəldi və təəccüblə mənə baxdı. Əllərindən su damcılayırdı.
- Bə uşaqlar hanı? - dodaqucu gülümsündüm.
- Nə uşaq, ay qardaş? - gəlin, deyəsən, bir az qorxurdu da.
Birdən yadıma düşəsi ki, o vaxtkı uşaqlar indi uşaq deyil. Böyüyüblər. Hərəsi bir yana səpələnib.
- Əvvəla, salam.
O, salamımı almadı.
- Uşaq deyəndə... O vaxt uşaqdılar - mən burda işləyəndə.
- Bay, indi bildim. Şirəli mənə sizdən danışıb. Züleyxa xala da deyib. Evə buyurun, - o, əllərini döşlüyünə silə-silə mən tərəfə bir neçə addım atdı.
Həyət də, ev də həminkiydilər. Düzdü, ola bilsin, bir az dəyişmişdilər də. Divarlar yaşıla rənglənmişdi. Yox, bunlar əvvəlkindən yaxşı yaşayır, ancaq çox da yox.
- Kimlərdənsən? Bu yerin adamına oxşamırsan?
- Salyandanam... Şirəli Rusyətə gedib... - "Şirəli" deməyindən görsənirdi ki, o, Şirəlinin "ailə"sidir.
- Nar aparıb?
- ...Züleyxa xala da indilərdə gələr.
Mən onun həyətin düz ortasına çıxardığı stulda oturanda, dairə mərkəzinə oxşayırdım. Gəlin evin dalından uca səslə harasa bir ismarıc yolladı. Sonra o otaq sənin, bu otaq mənim - iti yerişlərlə nahar tədarükü görməyə başladı.
Xatirələr tiryək kimi məni uydurmuş, ağlımı sərdən aparmışdı. Bir də onda ayıldım ki, görəm Züleyxa xala mənimlə danışır.
- Ay səni xoş gəlib, səfa gətiribsən! Balam, gün hayandan çıxıb? - kişisayağı əl verib görüşdü. Deyirdim ağlayar, ağlamadı. Gördüm onun üçün gəlməyimlə gəlməməyimin elə bir fərqi yoxdur. Bədəncə xeyli düşmüşdüsə də, yerişindən yenə civə kimi itiydi. Yəqin həyatda onu ruhlandıran şeylər hələ də qalır.
- Yenə yaslarda camaatı ağladırsan? - o çağlar onu ruhlandıran şey ancaq yasdı.
- Bə nağayırım? Bə e belə uşağı nəynən böyütdüm? Mərsəynən böyütmədim?
O, camaatı ağlada-ağlada özü ağlamamaq öyrənmişdi (sübut: məni görəndə ağlamadı). Yəqin görüb bu fani dünyada elə bir şəxs, ya elə şey yoxdur ki, ondan ötrü özünü fəda edəsən.
- Hanı Şəkəralı? Əli-Bayramlıdadır? Buruqdan əl çəkməz.
- Ədə, bə Şəkəralı o dünyada deyil, ay mən deyən? - o, gülə-gülə üzümə baxdı.
- Necə yəni?! Bə mənə niyə bildirməmisiniz?
Guya bildirsəydilər, kərəni kürə eləyəcəkdim.
- Hər öləni desələr, səndə can qalmaz, ay fağır bala.
Dübbədüz. O vaxt desəydilər, bəlkə gəlməzdim də. Bu yaydan belə - hə, gələrdim. Yaxşı olub deməyiblər, yoxsa xəcalətdən bu kəndə bir də üz tuta bilməzdim: ömrümün burda keçən iki ilini xəyalda olsa da, təkrar yaşamaqdan əlim çıxacaqdı.
Demək, on uşağın bir tək axırıncısı evdə qalır. Klassik şəkildə ata evi axırıncıya çatmışdı. Onda mən Şirəlini göyə atıb-tutardım; ətcəbalaya oxşayırdı.
- ...Uşaqların Bakıda olanı kim, Ağsuda, Əli-Bayramlıda... Bizə nə var, hər rayonu zəbt eləmişik.
Bəli, insan xoşbəxtlik üçün hələlik ev-eşik olmaqdan özgə bir şey tanımır.
- Hansının neçə uşağı var?
- Hamısının sayını nə bilərəm? Hərənin də ikisi-üçü ölüb. Amma çoxu qalır.
Yox, ölən uşaqlar heç. Onlara nə yanmağım gəlir, nə də... Amma bu yazıq Şəkəralı...
- Nədən öldü?
- Kim?
- Kişi.
- Allahın dərdindən.
Bu vaxt həyət qapısında, səhnəyə çıxırmış kimi, bir adam peyda oldu. Baho, bu ki vaxtıyla dostluq elədiyim qonşu Cəfər müəllimdi! Ayağa durub ona sarı getdim. Onu bərk-bərk qucaqlamaq istəyirdim.
- Ay Cəfər, Cəfər!.. Amma heç dəyişməmisən ha, ay zalım!
Cəfər dinmədi. Olmaya o da məndən soyuyub?
- Əlimusa, xoş gəldin! Əlimusa, gəl! - Züleyxa xalanın "Əlimusa" çağırdığı adam onsuz da gəlirdi. Nə əcəb, Cəfər adını dəyişib "Əlimusa" qoysun? Bəyəm Cəfər pis addı? Yoxsa "Əlimusa" Cəfərin ləqəbidir?
Qanrılıb bir də baxdım. İnsan dəyişməzmiş. Yox, Cəfər həminki, əvvəlkiydi. Zaman ondan yan keçib. Cavan qalıb.
- Mənim həkimim xoş gəlib! - sanki onun dili birdən açıldı. - O vaxt rəhmətlik sizi gətirib mənə o qədər iynə vurdurub ha!
- Axı, qardaşlığın Cəfər də Allah rəhmətinə getdi...
Mən ikiəlli başımı tutub elektrik dirəyinə söykəndim. Onlar qanacaq göstərib xeyli dinmədilər.
- O ki cavan adamdı, niyə...
- İş bizim hamımızı qıracaq. Yediyimiz-içdiyimiz də nədir - tamam zəhər.
- Əlisa kişi də heç ili çıxmamış, oğlunun dalınca getdi.
Əvvəl heyifsilənsəm də, sonra fikirləşdim ki, yaxşı eləyib - bu dünyada qalıb neyləyəcəkdi. Adam - ölənin dalınca gedər.
İstədim Züleyxa xaladan soruşam ki, onların yasında özü də ağlayıb, ya elə camaatı ağladıb? Hər kəs üçün gərək bir nəfər kimi hamı ağlaya, yoxsa kənddə yaşamağın nə ləzzəti - ondansa şəhər min qat yaxşıdır.
Dostum Cəfər həyatda yoxdu deyə, mehrimi saldım qardaşına. O da mənə. Biz bir-birimizə Cəfərdən yadigardıq. Ancaq tamam yad adamlardıq. Mənim ona iynə vurmağımdan savayı bizi birləşdirən heç bir xatirəmiz yoxdu. Əsas xatirəmiz rəhmətlik Cəfərdi ki, görürdüm ondan danışmaq da Əlimusaya maraq vermir.
Deyəsən, kənddə çox adam ölmüşdü. Ancaq soruşmağa qorxurdum. Qorxurdum deyələr yolda gördüklərindən, bir də bizdən savayı heç kəs qalmayıb. Buna baxmayaraq çox istəyirdim Məmətqulu müəllim barədə bir xəbər-ətər bilim. Ölübsə də - neynək, təki bunu bilim. O, Cəfərin dostu idi. Mən Cəfərlə dostlaşanda, o da gəlib mənimlə dinməz-söyləməz dostlaşmışdı. Dost yolunda ölümə gedəndi. Qonşu kənddə dərs deyirdi və hər gün səkkiz kilometr o yana, səkkiz də bu yana - quş vura-vura, balıq tuta-tuta gedib-gələrdi.
Birdən Züleyxa xala özü deyəsi:
- Məmətqulu müəllimi tanıyırdın?
"Olmaya ölüb?"
- Tanıyırdın, - elə özü də mənim yerimə cavab verdi. - Onun da anası öldü, axı. Təzəlikcə. Düzdü, vaxtı çatmışdı.
O elə bil ölənləri balıq kimi sapa düzürdü. Hə, anası birinci deyilibsə, demək, özü qalır. Məmətqulu da ölsəydi, anasından cavan olduğundan, birinci onu deyərdi.
- Ay Züleyxa, sən canın, bu ölənlərdən az danış. Qonağı ölənlərlə atəşə tutubsan.
Az qalmışdı deyəm "xoşdur", ancaq:
- Özüm soruşuram, - dedim.
- Yox, elə deyil, sən bura gəlibsən deyib-gülməyə, yeyib-içməyə... Bir uşaq olsaydı, qaçırdardıq Məmətqulu üçün.
Hə, ölməyib! Bəxti gətirdi!
Bu iyirmi il dünya müharibəsi kimi camaatın üstündən keçib, hamını şil-küt eləyib: ya öldürüb, ya ən azı qocaldıb. Bu iyirmi il heç kəsə heç nə verməyib; bircə almışdı.
- Ya da qoy axşam olsun, özümüz şəbbədənxeyir gedək onlara.
Əlimusa barı dilucu da öz evlərinə dəvət eləmirdi. Amma elə bilərdim, Cəfərin xatirinə məni birinci öz süfrəsi başında oturdacaq.
Qaş qaralanacan eşitdiyim ölənlərin sayı artıq iyirmini keçmişdi. Qalanların da sağ qalanlarını ayırmışdım; çoxununsa öldü-qaldısı hələ məlum deyildi.
Məmətqulu müəllim mənimlə elə bil hər gün acqarına on dəfə gördüyü adamla görüşdü.
- Qəbir üstünə sizinlə birgə getmək mümkün olarmı? - Əlimusa yalançı təntənəylə soruşdu.
- Niyə olmur? Kim qoymur?
Bizi həyət ağzında qoyub paltarını dəyişməyə gedəndə, Əlimusa dedi o indi qapı-pəncərə ustasıdır. Evlər tikir. Həm də mollalıq əlindən gəlir. Əntiqə "qulfü-Allahü-Əhəd"i var. Quran qabağında ola, məxrəcə sala, sən də baxasan.
Yadımdadır ki, Məmətqulunun bir oğlunun adı Narsud idi (guya indi Narsud deyil), yəni "narodnı sud", o birininkisə - Komsomol. Narsud Komsomoldan böyükdü və tutması tutanda ona yağlı şillələr yedizdirərdi. O vaxt onların bacıları yoxdu. Sonradan olubsa da, indiyə qızlar bulağından su içər. Ya da ərə gedib. Görəsən adı nədir? Bə ərinin adı?..
Qəbiristanlığın darvazası açılanda, elə bildim bir vaxt əzizim olmuş adamları, görüblər mən yoxam, zorla gətirib salıblar bura. Bunu kim eləyib? Allahmı? O niyə belə iş tutur? Camaat onun üçün oyun-oyuncaqdımı? Onların hamısı qanunsuz ölüb! Mən, mən-n... məhkəməyə verərəm!
Bir də onda xəyaldan ayıldım ki, görəm Məmətqulu kəlmeyi-şəhadət deyir, Əlimusa da qoşulub ona. Mən də yarıdan başladım. Bütövlükdə yaxşı bilmədiyimdən, təkcə bildiyim sözləri bərkdən deyirdim.
O Allah ki, mənim tanışlarımı, dostlarımı yox edəcəkmiş, ona niyə hörmət eləməliydim?! Bundan belə baxar işinə...
Məmətqulu müəllim (yox, usta Məmətqulu, yox, molla Məmətqulu) çox qəbirlərin yanından keçib, Cəfər müəllimin qəbri önündə ayaq saxladı və yenə bir kəlmeyi-şəhadət vird elədi. Biz də yenə ona qoşulduq. Cəfər müəllim elə bil iki dənəydi - biri başdaşına həkk olan, biri də yanımızda duran. Qaranlıqda yazını höccələyə-höccələyə oxudum: "Əzizimiz, iki gözümüz Cəfərə - atasından, anasından, qardaş və bacılarından". Keçdik oğlunun qonşuluğundaca rahatlıq tapmış Əlisa kişinin qəbri üstünə. Kəlmeyi-şəhadət olmasaydı, mağıl ölənlərin hamısını xatırlamağa vaxtı çatardı. Orda da ondan birini fırıldadıb aralandıq. Məmətqulunun mollalığı, deyən, elə adamların dalından dəyməkdən ibarətdi.
Sonra mənim xahişimlə onun anasının qəbri başında dayandıq; axı, onu müalicə eləmişdim.
- O təpə kimi təzə qəbri görürsən? Qurbanquludur. Amma yezid atası hələ durur.
Cəfərin atası da əvvəl dururdu. Sonra getdi. Əlbəttə, bəzən yaşamaq adama ayıb gəlir. Həyat onda yaxşıdır ki, kimdən əvvəl öləcəksənsə, elə əvvəl də öləsən.
- Allah cəmi ölənlərə rəhmət eləsin! - gördüm bunu deməkdə Məmətqulunun niyyəti mərasimi yuvarlaqlaşdırmaq, qəbiristanlıqdan çıxmaqdır. Müəllim darıxdı lap.
- Bəs Şəkəralının qəbri? - tez soruşdum.
- Onu neynirsən?
- Hə, neynirsən? - Əlimusa onun sözünə qüvvət verdi.
- Kişinin çörəyini yemişəm.
- Bə onlarda kirayədə qalmırdı? Ona çörək yemək deməzlər. Özü də artıq göz-gözü görmür, bu zülmətdə kol-kos basmış qəbri tapmaq olar?
Şəkəralı həyatda necə, qəbiristanlıqda da elə, sayılmırdı.
- Mən Züleyxa xalanın üzünə necə baxacağam?
- Deyərik gedib dəydik. Səni yoxlayacaq?
Xeyli sakitləşdimsə də, ürəyimdə qara qaldı.
Şama hamımız rəhmətlik Şəkəralıgilə gəldik.
Bu gün ölənlərdən xəbər tutub, bir növ, keçmişi yerbəyer eləmişdim. Bacardıqca da təzə adamlarla dostlaşmayacaqdım ki, sonra bilməyim kim ölüb. Qoy "ölənlərim" az olsun, onda xoşbəxtliyə çatmaramsa da, barı ona yaxın olaram.
Səhəri Şəkəralıgildə çay-çörək vaxtı yenə Əlimusa gəldi. Vəd vermişdi.
- Gedirik bizə.
- Sübhün gözü təzə açılıb. Bu tezdən nə haydı belə? Atlı qovur? - Züleyxa xala ona xoşluqla acıqlandı. - Qonaqlığın vaxtı axşamdır.
- Bəlkə birinə indi lazımdır? - Əlimusa elə bil dünənki xoşqılıq adam deyildi.
Gedək deyirsən, gedək də-ə. Onların həyətində qabağımıza bir sürü uşaq çıxdı. Ana toyuq cücələri arasında gəzişdiyi kimi, iki-üç gəlin də - onların arasında. Ordan-burdan "xoşgəldin" deyirdilər, mən də çatışdırıb ona-buna "sağ ol" qaytarırdım.
- A-az, samovar! Tez o xoruzu da xılxalayın!
- İndicə yemək də yemişəm, çay da içmişəm. Özün gördün.
- Onda şama saxlayaq? - Əlimusa əlüstü razılaşdı. Həm də elə bil qonağa bir qarın yemək borcluydu, arxayın salırdı ki, onu verəcək.
- Qoy xoruz gəzsin özü üçün!
- Həkim, bu xuliqanları görürsən, hamısını bir-bir sənə göstərəcəyəm, - o, söhbətin valını tez dəyişdi. Hərdən ağzından parlaq sular sıçrayıb yanağıma sancılırdısa da, büruzə vermirdim. - Səndən biləcəklisi harda var?! ...Lülüş də kəsə bilirsən?
Dinmədim.
- Bunlar sənin xəstələrin olsun!
Əcəb şad xəbər verdi. Çox gözüm atırdı. Elə bil tora düşmüşdüm. Hərəsinin min dərdi olan bu bir sürü uşaq gözünü mənə zilləmişdi. Yəqin həyatın bu işinə mat qalmışdılar ki, onların iyi-ciyi bu dünyada olmayanda burda işləmiş uzaq yerli, yad elli bir adam necə olub yenə gəlib çıxıb.
- Gəl onda başlayaq, - əlac yoxdu, ilişmişdim. Mən saatıma baxdım.
- Bəyəm bu gün gedəcəksən? Niyə saata baxırsan? - mənə elə gəldi, Əlimusa yadıma salır ki, bu gün getmək lazımdır. Lazım da yox, vacib.
- Bəlkə getdim.
- Bə nə tez? Onda, e-eyy, hazırlaşın orda! Tez! - o, uşaqları tələsdirdi. - Dayınız...
- Əmimiz!
- ...Bir yanını qaçaq qoyub. Qoy sizə baxsın. Ancaq doxtur, səni şama saxlamalıyam, göyə çıxsan da!
Bütün qonum-qonşu, uşaqlar analarıyla - hamı hərəkətə gəldi. Oturan durdu, duran oturdu, dirəyi qucaqlayan əlini çəkdi. Hər ana öz uşaqlarını dövrəsinə yığıb növbə tutdu.
Birinin qurdu var, birinin tez-tez qarnı quruldayır. İri bir qız ziyillərindən şikayətli idi: nə qədər düyü düyünləyib quyuya atıb, nə qədər ağır seyidə tüpürtdürüb - xeyri yoxdu. Getmirdilər, düşmürdülər. Günbatandakı bacı-qardaş öskürürdü; onların ataları vərəm xəstəxanasında yatırmış. Bir başqası ishala gedir - götür qaşıqla iç.
Sonra keçdim gəlinlərə. Onların xəstəlikləri eyni cürdü - hamısının əsəbləri pozulmuşdu. Səbəbini də özləri dedi: uşaqlara qışqırmaqdan. Üstəlik, hər biri ayrı-ayrılıqda mənə pıçıldadı ki, qadın xəstəlikləri də var.
Hərəsinə dua kimi bir resept yazıb verdim.
Əgər bir gün də qalmış olsaydım, Əlimusa dedi, mənə kəndin aşağı başındakı dostunun ailəsini də baxdırardı.
- Bu gün baxmaq olmaz? - canımı dişimə tutub rəhmətlik Cəfərin xatirinə soruşdum.
- Bu gün tərs kimi çoxu evdə yoxdu.
İkimiz də mənim dost bir ailəyə baxmamağıma təəssüf edə-edə gəlib rəhmətlik Şəkəralıgilin həyəti ağzına çıxdıq. Orda ayrıldıq. Əlimusa mənə təsəlli verdi ki, darıxmayım, şəhərə yolu düşəndə hökmən bizə gələcək.
Qardaşı məndən sui-istifadə etdiyinə görə, rəhmətlik dostuma yazığım gəldi.
Həyətdə Züleyxa xala qabağıma çıxdı: səbəbsiz-filansız gülürdü.
- Dünən də Şəkəralının qəbrinə baş çəkə bilmədim...
- Bə usta Məmətqulu dedi getmişik?..
- Yalan deyib. Gəlsənə, indi gedək?
- Deyirəm, avara qalıbsan. Ədə, qəbri neynirsən, ay mən deyən!
Gördüm daha qayıtmaq məqamı yetişdi.
17.11.1989 - 27.03.1990