Tarix: 21-05-2019 12:22
Baxış sayı: 1361
İndi təkcə cizgiləri qalırsa da, olmağına Fatmada da gözəllik olub. Hərçənd artıq bu gözəllik onun ancaq keçmiş şəkillərində durur. Əfsus, bu Allah payı onu bəxtəvər eləmədi, ağ günə çıxarmadı.
Ərə getməyi ilə qayıtmağı bir oldu. "Qayıtdı" deyəndə, elə getdiyi yerdə - Bakıdaca ev tutdu. "Papanin"də. Əlvida, ey kənd. Hə, "ər" deyilən şeyi dişinə vurdu da, dişini sındırdı da. Hələ buçağacan bir kəs ona vurulmamış, heç kəs onu vurmamışdı. Bu nanəcib oğlu daş kimi yumruğunu ağzının üstə necə qoydusa, qabaq dişləri muncuq olub qarnına töküldü. Diş yerində dilini dəlib-kəsən kötüklər qaldı. Pəltəkliyi göyçək üzüylə heç cür uyuşmurdu. Yerinə qızıl çəkdirdisə də, qızıl onun çöhrəsində xilaf göründü: anadangəlmə alma yanaqlarına yaraşmadı, zənəxdanlarını şit göstərdi. Guya dişlərdən qopan sarı şüalar iblis baxışları kimi adamın gözünə sancılırdı. Üstəlik, sonradan biləsi ki, qızıl diş artıq həm ayıb sayılır, həm də şəhərdə dəb deyil.
Fatma oturub-durub özünə haqq qazandırır: arada necə və nə cür sevgi ola, iş yumruqsuz ötüşməyəcək. "Mən Leyli-Məcnunluğu axıracan getdim", - bacıma deyərmiş. Guya Leyli də, Məcnun da bu yolun heç dörddə birini getməyiblər. Getsəydilər, gec-tez Leyli acıq edəcək, boşanacaq, hökmən mitil-şitilini götürüb dədəsi evinə qayıdacaqdı.
On ildən çoxdu ki, iş yeri körpü altındakı dükandır. "Dükan" bir az təntənəli çıxır - içərisi "yüzlük" lampadan çıraqban olan "toçka". Ticarət təbəssüm tələb edirsə də, Fatma bunu ixtisara salıb. Təbəssüm cürbəcür yozulandır. Deyirlər, onun təbəssümünü indi ancaq qohum-əqrəbası görür. Qismət olar, biz də görərik. "Biz" deyəndə - mən.
Mən cavanlığında Fatmanın üzünə düz-əməlli baxa bilməmişdim. Ölmüşün gözəlliyi gözqaytarandı. Haçansa bircə yol gözucu görüb, bununla qurtarmışdım. Çəpər qonşumuz ola-ola, onun yumruca sifətini görməyimə sanki yasaq qoymuşdular. Fatmanın göyçəyliyinə bir də çox-çox sonralar - bacımın albomunda rast gəldim. Onun gəncliyi aradaca itib getdi. Vaxtında sevgilər törədəsi çöhrəyə "qoca ayğır" çağımda, ayıbdısa da, artıq şorgözcəsinə baxırdım. Bacım da altdan-altdan məni süzüb qımışırdı. Qardaşların şorgözlüyü bacılara gülməli gəlir. Həm də onlar bunu ancaq evlənmək istəyinə yozurlar.
Kök adam bu "toçka"da heç cür tərpənə bilməz. Ora elə Fatma kimi arıqların yeridir. Bay, çaşdım, "arıq" yox, zərif. İncə bel piştaxtaya ilişməz. Hə, Fatma köşk içində fırlana biləsi həcmdəydi. Burdan-burayıqsa da, onun söz-sorağı mənə kənddən çatırdı: guya şəhərdə onun istəyənləri yenə var. Düzdü, bir az eyhamlı danışırdılar: hə, şəhərdə istəyən həmişə olur. Ancaq üstündən deməyə bilmirdilər də ki, artıq onu gözəl-göyçəkliyinə görə yox, ən çox abır-həyasına, "ağır təbiəti"nə görə istəyirlər. Ağızbüzənlərsə həmişə ayaq üstədir, hazır durublar: qızı təkcə "ağır təbiəti"nə görə istədilərsə, deyirdilər, at getsin, ona ancaq dul kişilər, "qalmış" oğlanlar susayar. Guya ətəyində namaz qılmağa, həm də "Papanin"də düz-əməlli adam var? Guya nümunə üçün belə orda bir əməli-saleh tapmazsan. Ancaq onlar qələt edir: hər yerin yaxşısı da var, pisi də. Meşə çaqqalsız olmaz. Dedikləri də hələ qoca sayılmır; olsa-olsa qocalığa namizəddilər. Sevgiləri də - cavanlarınkına bənzər. Yox, həqiqətən, nə yaxşıdı ki, onu hələ qoca-mocalar istəmir. Qoca onu eksponat kimi almış olardı. Deyir, Fatma söz verib, onu hər hansı qoca istəyən günü özünü asacaq. Bay, bu da az aşın duzu deyil: canı-cismi cavan istəyir. Hə, Fatmaya tez-tez elçi düşür. Bunun yeganə naqolay cəhəti mal satdığı yerdəcə başının üstünü kəsdirmələridir. Həm də körpünü aşan maşınlardan qulaq tutula-tutula. Üz-gözünə əl gəzdirməyə də macal tapmır. Bir dəfə gözünə itdirsəyi çıxanda gəlmişdilər. Həmişə də şeytan kimi düz burnunun ucundaca şöngüyürlər. Amma deyəsən, ona nəzər qılanlar ədəbli adamlardı: qardaşlar yanına bacılarını göndərirdilər. Fatma heç bilmir də, yarəb, bu elçi kimdən ola. Yaddaşını ha ələk-vələk edir, bir şey anışdırmır. Bu bir-iki ayda uzaqdan-uzağa kim ona çox baxıbsa, yəqin elçi ondan olmuş olar. ...Yaşlaşdıqca da, üzündə qəşəng nazik xətlər görsənir. "Qəşəng" deyəndə - simmetrik və harmonik. Cizgilər qalın və kobud deyildilər. Elə bil Allah-taala onun çöhrəsində qravüra çəkirdi. Bir növ, gözəllik özü gedirdi, yerində izi qalırdı. Amma qardaşların ölmüş bacıları yaman xanım-xatındılar. Ucdantutma hamısı - ipək xasiyyətli. Təsadüfən birinin də adı Fatma. Bu Fatma qırsaqqız olub onun yaxasından yapışmadı bə: bax, mən də Fatmayam, sən də, sənə hamıdan yaxını mənəm, bizimsən, qurtardı getdi. Fatma bacıların yaxşılığıyla qardaşların da yaxşılığını fərz edirdi. Belə bacıların qardaşları heç vaxt "türemşik" olmaz. Lakin onları barı uzaqdansa bir balaca o da görəydi. Fatmanın öz qardaşı qalmır - evlənib aradan çıxmışdılar. Yoxsa dinc durmaz, bunlardan birini qapazlayardı. Elə onu istəyən Fatmanın özünücə. Onda fatmalar dəyiş-düyüş olardı.
Mən hər gün işə onun burnunun ucundan şütüyüb keçirəm. Nədənsə, qəti istəmirəm məni görsün. Hələ bircə kərə ona sarı çönməmişəmsə də, körpüdən keçəndə həmişə gözümün qabağına bacımın albomundakı şəkilləri gəlir. Əlbəttə, o mənim üzümü hər dəfə yandan görmüş olar. Tərslikdən də, üzüm gənclikdən bəri çiçək keçirənlər sayaq çala-çuxurdu. Qıraqdan gördüyü sağ gözüm də iti bucaq kimi ona millənir. Qulağım qızarıb yanırsa, demək, Fatma məni artıq görüb və bu saat dalımca danışır. Ən azı, ürəyində məni qınayır. Düzdü, dalca danışmağı ona yaraşdırmıram, ancaq danışırsa, haqq eləyir. Mənim kimisinə bu da azdır. Axı, babalarımız həqiqi qardaş olub; biz onunla yad deyilik. Di gəl, yad bizdən min qat yaxşıdır.
Fatmanın babası baqqal idi, həm də dərzi. Pulunu balta kəsməyib. "Qızıl onda, bir də ingilisdə", - deyərdilər. Arvadları da əlcək kimi dəyişərdi. Onda arvad bir ildən artıq "getməzdi". "Pulnan döyül? Təzəsini alıram". Hamısı da totuq-motuq. Mən hələ uşaqlığımla görən kimi onları qucaqlamaq istəyirdim, onda qalmış o yazıq ola. Hə, özü get-gedə qocalırdısa da, arvadları həmişəcavandı, hərçənd yəqin boşadıqları görmədiyim başqa yerlərdə qocalırdılar. Bir dəfə nənəm əlimdən tutub məni onun yanına - şalvar biçdirməyə aparmışdı. "Görək, xoş damarına düşsə, tikər də". Nənəm ərk eləyirdi; yox, böyük qayın ayrı şeydi. Ancaq kişi bizi havayı müştəri bilib, mız-mız elədi. Tikmək bir yana, qayçısını parçaya heç göstərmədi də. Eləcə bu gün-sabaha saldı, ağzımızı boza verdi.
Onun hüzüründə yoxlamaq üçün mən camaatın dik gözü içinə baxırdım; gözüyaşlı bir it oğlunasa rast gəlmədim. Heç özüm də, uşaq ola-ola, ağlamırdım. Yasdan yadımda qalanı toy məclislərindəki sayaq yemək-içmək tədarükü idi.
Xırdavat dükanı kiçik oğluna - Fatmanın atasına qaldı. Bay, adı imam Rzanın adından - böyük qardaş gəlib partlamadı bə, elə-belə adı olan kiçiyə qənim kəsilmədi bə! İşə düşdük, aralarında tez-tez "erməni-müsəlman" davası qopur, arvad kimi də elə öz ölülərinicə qəbirdən çıxarıb qoyurdular ortalığa.
Canları cəhənnəmə, mən getdim Bakıya - oxumağa. Bir gün orda eşidəm ki, təzədən böyük biabırçılıqları düşüb. Bacıları Şəhrəbanı aralarındakı düşmənçiliyin badına gedib. Qız kor bağırsağından yatanda, kərpic kimi dördbucaqlı bir feldşer, gecə qara-cücə qara, ona "sataşıb". Diqqət, feldşer ha - yenə həkim ola, dərd yarıdır. Keçi can hayında, qəssab piy axtarırmış. Ancaq bunu eşidəndə, tüküm heç tərpənmədi də. Atası mənə şalvar biçməyib - mənə nə düşüb gedib feldşeri tapam, qarnına bıçaqdan-zaddan soxam. Bu heç xəyalıma gəlmədi də. Tutulsam, kimdi məni itirib-axtaran! Hə, qardaşların ikisi də öz xarabalarındaca boş oturub, qeyrəti bir-birinin üstünə atıblar. Əlbəttə, mən onlara dediyim kimi bəlkə onlar da mənə "biqeyrət" deyirdi. Amma yox, onların buna haqqı çatmır. Üstəlik, nəzəri cəhətcə mən özümə bəraət qazandırırdım: ola bilsin ki, feldşer onu sevib. Əgər sevibsə, artıq burda qeyrətsizlikdən söhbət gedə bilməz. Sevgi biqeyrətliyi istisna edir. Mən hər şeyi humanist məcraya yönəldirdim. Lakin soruşan gərək: axı, xəstəxanada yatan bir qızın qarnının "ilan vurub" qalxmasında nə humanizm...
Yay tətilində adı imam adından olmayan kiçik qardaş gəldiyimi eşidib yanıma gəldi.
- Oxumuş oğlansan, hələ oxuyursan da, - danışdıqca dişlərini ağardırdı. - Xəttin də yaxşı... Bir xahişə gəlmişəm.
- Buyur, - haçansa atası mənə soyuq baxmış bu adama mən də soyuq baxmalı oldum.
- Adıbatmış Şəhri mənə bacıdısa, sənə də bibiliyi çatır.
- Deyəsən. Yəqin.
- İstərdim baş prokurorumuza daşdan keçən bir məktub yazaq. İkilikdə. Necə sözdü?
Canımı dişimə tutub - "yaxşı", - dedim. Yazmağına yazdım da. Tək özüm. Ancaq indi həmin məktubun sözləri yadıma düşəndə, istəyirəm yer ayrıla, girəm yerə.
"Hörmətli Baş Prokuror!
Özünüz məndən də yaxşı bilirsiniz ki, hər bir Azərbaycan qadını alınmaz qeyrət qalasıdır. Ələlxüsus, qızlarımız. Azərbaycan xalqının yarıdan çoxu bu qalalardan ibarətdir. Mən yazıb Sizə aşağıdakıları məlum edirəm ki, Azərbaycandakı bu qalalardan biri artıq alınmışdır. Biz onu yaxşı tanıyırdıq: qala da yox, qəsr idi. Özü də buna kim cürət etsə yaxşıdı: dılğır bir feldşer. Yenə Sizin kimi bir prokuror ola, adam bir söz deməz. Ya müstəntiq ola, dərd yarıdır..."
Ayıbdan-ayıb həmin pota məktubu "əmi"m çox tərifləmişdi. Onun tərifləri "bəh-bəh"lərdən ibarət idi. "Bəh-bəh" qızıl dişlərində bərq vurub havaya millənirdi. Mən onun atasında da qızıl dişlər görmüşdüm. Deyən, bu ailədə hörmətə-nüfuza sanki ancaq irsi keçən qızıl dişlərlə çatırdılar.
Mən gedib feldşeri tapıb qarnını cırmadım. Üstəlik, əksinə, "bəlkə onu sevirmiş", - dedim. Amma Şəhrinin atası mənə şalvar biçib-tiksəydi, yəqin gedib tapıb cıra bilərdim. Şalvar - qeyrət törədəcəkdi. Onu da bildirməliyəm ki, məndə qeyrət tədricən yaranıb: əvvəllər qəti yoxdu, indi-indi cücərirdi. Bilsəydim sağdır, deyirdim, gedib həmin feldşerin orasına bir yumruq, burasına - bir təpik! İmkan dairəsində pota balası kimi çırpardım da. Öldürərdim onu! Sənəti-vəzifəsi böyüyübsə, ta yaxşı: qətli qiymətli olar. Mən haçansa şalvarımın balağına düşən ağ ləkəni "ximçistka"da götüzdürmüşdüm; bircə üstümdəki bu qara "Şəhrəbanı" ləkəsi qalırdı. Əfsus, feldşer indiyə qocalmış olar. Qocanı öldürmək də bivecdən-bivec işdi. Gör ha, deyəcəkdilər, cavanlığında gücü çatmayıb, gözləyib qocalsın. Vay, vay, məndə bu yazıq qəsd ideyası yalan-doğru tez-tez doğulurdusa da, tez-tələsik onu özümdən uzaqlaşdırırdım. Hər dəfə - "bəlkə Şəhri özü onu istəyib", deyirdim. Ya da Şəhri zorlanmasını sevgi bilib. Zorlayanda "kərpic" qulağına nə pıçıldayıbsa, zalım qızı onu satmadı. Barı qınamadı da. Hamı şikayətçi düşdü, artistlik elədi, dəli oldu, özünü öldürdü, bircə ondan savayı.
Düzdü, onda Fatma uşaq idi, amma bu əhvalatı eşitməmiş olmazdı. Atası mənim baş prokurora məktubumu bəlkə onlara oxuyub da; gələcəkdə belə məktublar yazmağı indidən öyrənsinlər deyə. Hələ bu heç, çöldə nə eşitsə, qaçıb evdə arvada danışandı. Yox, indi mən Fatmanın gözündə hökmən yoxam, varamsa da - xoşqeyrət misalında. Bun