Tarix: 02-04-2018 16:58
Baxış sayı: 1815
Köstəbək yuvasından çıxıb işığı kəşf edən kimi, mən də bu yaxınlarda bir mitinqə çıxıb kəşf eləmişəm ki, hər hansı partiyaya sərək adam ağıllıdan daha vacibdir. Necə deyərlər, ağıllı fikirləşincə, dəli vurub çayı keçir. Xalq dəlini sevən və yadda saxlayan olur. Həm də axı, onlar, həqiqətən, asan yadda qalır. Levtolstoycasına desək, ağıllılar təxminən eyni cür, dəlilərsə hərə özü şəklində olur. Həri, partiyalar sərəyi çoxaldıqca millətə yaxınlaşar. Hətta bir dəli bir partiyanı hakimiyyətə gətirə də bilər. Millət dəliyə diaqnoz qoyunca, dəli çıxıb hakimiyyət başında oturar da.
Bizim mitinqlərdəsə, onun istədiyi şüarları qışqırmasan, dəli səni dəli saya bilər. Dəlinin dilinə dəli kimi düşmək bədbəxtlikdir. Mitinqlərdə individ kütlələşir. Kütlə içində təkamülçü də inqilabçıya oxşayar. Kütlə dini keyfiyyətlidir. Əslində din kütlə yaradıcılığı məhsuludur. Miflər kütlələrin ibtidai mədəni təcrübəsidir. Kütlənin əlləşib-vuruşduğu yalnız bu dünya uğrundadır. Materializm kütlə psixologiyasına tam uyğun gəlir. Kütlə canini qəhrəman cildində təqdim edir və bununla fərdlərin psixologiyasına zor tətbiq etmiş olur. Kütlə dediklərini fərd üçün aksiomatik sanır. Onu da deməliyəm ki, kütlənin yaratdığı şöhrətin hüquqi əsası yoxdur. Mədəniyyəti fərdlər yaradır və fərdlərin yaratdığı mədəniyyətə kütlənin ilkin reaksiyası həmişə nihilistikdir. Mədəniyyət kütləyə əvvəlcə qorxunc görsənir və sonra faydalılığına görə mənimsənilir də. Kütlə mədəniyyəti, sadəcə, fiziki yaşam vasitəsinə çevirir. Ekstremal vəziyyətlərdə bəşəriyyət indiyəcən riyakarcasına öyündüyü mədəniyyətlərdən vaz keçir. Mədəniyyət büsbütün inkar olunur, insan çapovulçuluğa, çuğulçuluğa qurşanır. Ekstremal vəziyyətdə insan mədəniyyəti həyat yolunda əngəl bilir. Mədəniyyət mənəviyyata calaqdır və heç də mənəviyyatın daimi əlaməti deyil. Mədəniyyət mənəviyyatda keçici haldır. Əxlaq və din də nisbi-təxmini, aldadıcı və yalan mənəvi dəyərlərdir. Müharibə teatrında bu göstəricilər minimuma enir, ya tamam yoxa çıxır. Əfsus, bu təxmini-nisbi şeylərə bəşəriyyətin vaxt itkisi böyükdür. N.Berdyayev deyirdi ki, mədəniyyətə kor-koruna sitayiş onun barbarcasına inkarı qədər yolverilməzdir. Mənim də nəzərimdə, məsələn muğam yaradanlarla şənliklərində şıllaq atan afrikanlar arasında ciddi fərq yoxdur. Sosial kataklizmlərdə mədəniyyət itir, gözəgörünməz olur, instinktlər qabarıqlaşır. Burada yenə N.Berdyayevin sözü yada düşür: mədəniyyətlər həmişə dekadansla bitir. Mən - Rafiq Tağı olaraq, buna əlavə edərdim: müharibələr mədəniyyətlərin dekadans dövrüdür. İşğalçı xalqlar sonrakı sülh dövründə indiyəcənki mədəniyyətlərini bir daha üzə çıxarmamalı, artıq bundan xəcalət çəkməlidirlər. Qəsblərə gətirib çıxaran mədəniyyətlər ləğv edilməlidir. II Dünya müharibəsindən sonra bəşəriyyət almanların bütün əvvəlki mədəniyyətinə yox deməli, hətta onu həbs etməli idi. II Dünya müharibəsi sübut etdi ki, alman xalqının mədəniyyəti oyun-oyuncaqdan başqa bir şey deyilmiş. Almanların mədəniyyəti faşizmin vədlərinə yox deməmişdisə, bu mədəniyyətin bəşəriyyətin sonrakı tərəqqisindəki rolu şübhə altına alınmalı idi. Ən yüksək mədəniyyət belə, ekstremal vəziyyətlərdə alman xalqını barbar hərəkətlərdən saxlaya bilmir.
Minilliklər boyu “bezdeluşka”lar kimi üst-üstə yığdığı mənəvi dəyərlər və Qriqorian kilsəsinin fəaliyyətisə ermənilərin öz mənəviyyatındaca patoloji effekt doğurur.
Vaxtaşırı bəzi filosoflar humanizmi köhnəlmiş sanır və bunu insanlara təlqin edirlər. Əslindəsə dəyərlər sistemində əbədi maraqlı olanı da elə humanizmdir. Çağdaş beynəlxalq qanunlar da humanizm üzərində köklənir. Humanizmi yalnız şeytan inkar edə bilər. Biz də bəşəriyyətin tərəqqisində humanizmi üstün dəyər kimi götürürüksə, onda fatehlər istər-istəməz quldurlara çevrilmiş olur. Tarix əmirteymurlar, napoleonlar unudulmaqla yazılmalıdır. Özbək Məhəmməd Şeybani xanın başını kəsib, qafa tasını qızılla işlədib, qədəh yerinə işlədən Şah İsmayıl Xətainin hərəkəti yamyamlıq nümunəsidir. Mən onun gözəl poeziyasını cəlladın mahir rəqqaslığı şəklində qavrayıram.
Həri, qardaşlar, mədəniyyət bəşərin uğursuz özünütəsdiq vasitəsidir. Mədəniyyət asanlıqla məhvediləndir. Mədəniyyətdən qurtulmuş xalqlar açıq-aydın və tam çılpaq görünürlər. Mədəniyyət atıldı, ya maska yırtıldı - eyni şeylərdir. Bu saat çeçenlər dünyanın maskasız insanlarıdır. Çeçenlər tarixi düşmənləri olan ruslar kimi heç də mədəniyyətlə riyakarlıq etmir, yalnız azadlığı əsas tuturlar. Çeçenləri qırıb-çatan rusların mədəniyyəti bir çürük qoz qədər əhəmiyyət kəsb etməz. Amma azadlıq insana mədəniyyətdən daha vacibdir. Azadlıq dözülməz mənəvi ehtiyacdırsa, mədəniyyət uzaq başı, estetik bir istirahət vasitəsi sayıla bilər. Mədəniyyət köləliyə gətirib çıxarandır. Farslar öz qədim mədəniyyətlərinin əsiri deyilmi? Qədim İran mədəniyyəti, üstəlik də, İslam son nəticədə insanları kölə halına salmayıbmı? Mədəniyyət farsları insan azadlığı baxımından çox geri atmışdır.
Nə deyim. Bax, belə. Söhbət uzana bilərdi.