Komediya-satira dairəsi (yarıabsurd). Yüzildaşım Tehran Əlişanoğluna

Tarix: 31-03-2017 13:39
Baxış sayı: 1429

(Yüzildaşım Tehran Əlişanoğluna)

 

Ölkəmin pat vəziyyətində mən özümə mat qalmışam: yaşadığım faciələr, yazdığım komediyalardır. Komediya məndə faciənin əlaməti kimi üzə çıxır. Məndə yüksək qah-qah dərin vah-vahdan doğur. Üzümdəki faciə xətləri tarıma çəkiləndə komik mənzərələr alınır. Komediya faciə neqativindən aşkarlanan pozitivdir. Qardaşlar, dünyada komediyalar faciələr çoxaldıqca çoxalar. Ən komik situasiya yəqin Nuh tufanı zamanı olub. Nuh haqqında əfsanə özü də komik tərkiblidir. Hələ təzə Nuh tufanlarındakı yüksək faciələrdən doğulası yüksək komediyalar qabaqdadır.

Qardaşlar, mən güləndə siz həmişə ağlayacaqsınız! Mənim gülüşlərim yüksək əyarlı faciələr səbəbindəndir. Üstəlik, onsuz bəşəriyyətdə gülənə ağlamaq ənənəsi həmişə olub.

Məhərrəmliyin şaxsey-vaxsey günlərində komediya duyulmadığından, mən VII yüzildəki faciənin dayazlığı gümanındayam.

Ah, tarix Azərbaycanda təsadüfi xətlər üzrə təşəkkül tapdı...

Bəli, satira millətin yetkinliyinə dəlalət edir. Təzə millətlər bədiiyyat yoluna romantik-patetik ruhda qədəm qoyur. Satira sonrakı, bəlkə də sonuncu mərhələdir. Avropada cəngavər ruhlu ədəbiyyat olub keçəndə onun yerini satira tutdu. Bütün ədəbi yönümlər gec-tez satiraya gəlib çıxır. Axı, həm də satira bəşər naqisliklərinə münasibətdə çox məntiqidir. Satira və bəşər xisləti həmahəngdirlər. Avropada ilkin satirlik ədəbiyyat nümunələri qədim Elladada – yunanların yüksək mədəniyyəti fövqündə ortaya çıxdı. ən yüksək mədəniyyət nəhayət, özünü satira ilə təzahür etdirdi. Satira yüksək mədəniyyətin qaçılmaz əlamətidir. Şahlar-krallar  məhz qorxduqlarına görə satiranı aşağı sortlu ədəbiyyatlar sırasına qoşmuşdular. Həyatda faciə ədəbiyyatdakından, ədəbiyyatda komediya həyatdakından dərin olur. Odur ki, satira ədəbiyyatın əsilliyi ölçüsü sayıla bilər. Satira millətin özünə nəzər qılma qabiliyyətidir; faciədə bu xüsusiyyət yoxdur. Satira faciədən müdrikdir. Satira onu yaradanda əxlaqın ucalığına dəlalət edir; faciədə bu tanıtma xüsusiyyəti yoxdur.

Faciələrini oxuyub-gördüyümüz Şekspirin mənəviyyatı haqqında təsəvvür əldə etmək mümkün iş deyil. Rus xalqı özünü passionar Aleksandr Nevski ilə tanımışdısa, N.Qoqolda yetkinliyə çatmış oldu. N.Qoqol təzahürü XIX yüzil "qızıl" rus mədəniyyətində təsadüfi yox, zəruri idi. M.F.Axundov və C.Məmmədquluzadə satirası Azərbaycanın keçmişində parlaq mədəniyyət olduğunu sübuta yetirdi. Satira ilham pərisi qanadlarında yerə sinirsə də, həmin yer büsbütün mədəniyyət daşlıqlarından ibarət olur. Yalnız satiraya dözümlü cəmiyyət demokratiya yolu ilə gedə bilər.

Ancaq bunlar heç.

 

***

Qardaşlar, mən dərdlini həmişə zarafatcıl görmüşəm. Azərbaycanda ən zarafatcıl insanlar qaçqınlardır ki, həyatsevər bədənlərindən daim tər çeşmələnir. Artıq bəni-insan qoxulu tər mənim üçün həyat rəmzinə çevrilib. Artıq Amerikada olsam da, tər mənə Azərbaycanvari həyatı xatırladacaq və məni olum-ölüm dilemması qarşısında qoyacaq. Onu deyim ki, mən dilemmalardan cana doymuşam., ancaq onların ən fəlsəfisi və abırlısı yenə olum-ölümdür. Qardaşlar, mən daha təkcə fəlsəfi şeyləri xoşlayıram – boranının da həmişə Sokrat başına oxşayanını seçirəm.

Bəli, qaçqın heç vaxt intihar etməz. Azərbaycan qaçqını həmişə erotik-seksual və politik urapatriot ovqatlıdır. Özü də onların qocaları "bu dəqiqə" əlinə silah alıb düşmən qabağına çıxan olur; cavanların müharibədə nə işi... Azərbaycanda cavan qocalanacan "ana balası" olur.

Vaxtında dövlət qurmağa barmaqarası baxmış mağmun insana qaçqın deyilir; mən onu heç vaxt müqəddəs tutmayacağam.

Azərbaycan qaçqınlarının keçmiş adı "xalq" olub; onlar yalnız diktator törətməyə qadirdirlər. Bu cür kütlə ana kimi ən çox öz eybəcər balasını – diktatoru çox sevər.

Şairi qaçqınına beynəlxalq təşkilatların puluna şeir oxuyan millət bədbəxtdir. Çörəyi alverdən çıxan millətin taleyi puçdur. Mən təbilimi Azərbaycan xalqımın gələcəyini qaranlıq gördüyümə görə çalıram. Yoxsa dəli deyiləm ki... Ya işim-peşəm yoxdur?.. Yüz illər boyu Azərbaycanın qaranlıq gələcəyini daltonikcəsinə işıqlı görənlərin öncəgörənlikləri fıs çıxdığı kimi, indikilərin öncəgörənlikləri də fıs çıxacaq. Qarabağ ekskursiyalarla geri alınmaz. Qardaşlar, "fıs" bizim stixiyamızdır.

Azərbaycan qeyrət haqqında təsəvvürlər ölkəsidir. Azərbaycan qeyrətin "qiryət"ə transformasiya olduğu torpaqdır. Azərbaycan əlacı göylərdə olan puç bir "qiryət" poeziyasına mübtəladır. Qardaşlar, qəhrəmanlıq dastanlarını yalnız bizim kimi qeyri-qəhrəman xalqlar yarada bilir. Mifologiyalarda saxtakarlıq güclüdür. Çeçenlərdə hər hansı qəhrəmanlıq dastanı yadıma gəlmir. Çeçen xalqı keçmişi və indisi real qəhrəmanlarla zəngin olduğundan, qəhrəmanın mifolojisinə ehtiyac duymur. On qazan plovu birdən aşıran qastronomik mifik qəhrəmanlarla dolu millətin real tarixi qələbəsiz olar. Azərbaycan hərbi qələbələr görməmişdir. Ona min güclü şairdənsə, bir-iki ölüvay sərkərdə daha gərəkli olardı. Bir şərtlə ki, həmin ölüvaylar da illuzor qələbələrlə baş qatmayalar. Dünyada ali baş komandanları sonradan satirik obrazlara çevirən yeganə ölkə Azərbaycandır. Azərbaycan xalqının könül verdiyi hər növ qəhrəman sonra həmişə fıs çıxıb. Mən deyərdim ki, fıs sözünü haçansa yaratmış adsız insan mütəfəkkir olub. Sözə bax: f-ı-s... Fıs.

Digər xəbərlər

Fotolarda ikinci plan adamı . Gəzərki klassik musiqi mövsümü

Elmin Həsənlinin Rafiq Tağı ilə söhbəti

Xalça şərqisi

“Yazıçı laboratoriyası”

Əsəd Qaraqaplan: "Sabir, yoxsa Rafiq Tağı?.."

Şərhlər