Keçmiş və gələcək nağılı. Korrida

Tarix: 31-03-2017 13:35
Baxış sayı: 1807

Korrida

 

   Keçmiş -  zaman ehtiyatı tükənmiş metafizik boşluqdur. Dialektika yalnız gələcəkdə güman oluna bilər. Keçmişdə həqiqətləri maksimum gizlətmə xüsusiyyəti var, ancaq gələcək, həqiqətlərin keçmişdən xilasını vəd edir. Gələcəklə keçimişin rəqabəti bu məqamdadır. Gələcək keçmişdən perspektivlidir. Keçmiş həqiqət yerinə gələcəyə yalançı informasiyalar ötürür və əslində gələcəyi korlayır. Heyif, keçmiş olmasaydı, gələcək bambaşqa olacaqdı. keçmişlə genetik kodlanan gələcək həmişə də ona oxşayıb. Elə ona görədir ki, ayıb-ayıb gələcəyi proqnozlaşdırmağı mümkün sayırlar. Keçmiş, bəşəri cansıxıcı, lüzumsuz, hətta ziyanlı biliklərlə yükləyir. Üstəlik bu biliklərin əksəriyyəti təxminidir və sonradan tam əvəzlənə bilir. Asanlıqla bir müvəqqəti "həqiqət"in yerinə başqası qoyulur. Dünya həmişə mifik öküz üstündə təsəvvür olunurdusa, bay, neynək, sən demə heliosentrik imiş. Yaxud, keçmiş daim gah demokratiyanı, gah despotizmi siyasi fəzilət sayıb.

  

Keçmiş məhz bu yanlışlıqları səbəbindən köhnə görünür. Həm də keçmişin mənzərəsi, bəşərin nə cür məxluq olması haqqında təsəvvür oyadır; bu təsəvvürün adı primitivlikdir. Tarix, bəşəriyyətin ifşası üçün dosyadır: bəşəriyyət minillər boyu öz həyatını qura bilməyib. Bəşər tarixində yalnız, getdikcə təkmilləşən müharibələr əlamətdardır. Həm də keçmişlərə tamaşa qılıb, ondakı mənəvi dəyərlərin praqmatik keyfiyyətinə təəccüblənməyə bilmirsən. Əlbəttə, mənəviyyat praqmatik dəyərlənəndə mənasız olur. Hətta dinlər də praqmatik dəyərlər sırasındadır. Dinlər əslində, totalitarizmi şərtləndirir və indiyəcən onların gördüyü iş əlsində, padşahlardan da ötkün peyğımbərlər icad etmək olub. Dinlərin yeganə uğğursuzluğu, ilahı təxminən bizim birimiz səviyysinə endirməsidir. Dinlər büsbütün keçmişin rəngidir və yəqin, daha parlaq güman olunan gələcəklərə qara ləbbadələr yaraşmayacaq. Mühafizəkar keçmiş tərəqqidən imtina edir; çünki, tərəqqi onu unutdura bilər. Keçmişdən olsa, gələcəyi ləğv edər və özünə qapanıb qalar. Keçmişdə, özündəşeyə çevrilmə xüsusiyyəti güclüdür. Keçmişdə hər şey ibtidaidir və başlanğıcdadır. Bütün aliliklər gələcəkdədir. Keçmişlərin ədalətsizliklərdən törənmə "əsilzadəlik"lərinin aliliyə dəxli yoxdur. Eklektik keçmişin təcrübəsi, gələcək üçün artıq, yersiz və gərəksizdir.

 

   Keçmişindən bərk yapışan millət, gələcəyindən nagüman olur. Keçmişə hədsiz bağlılıq məcburiyyət üzündəndir: başqa şey tapılmayanda, özünü təsdiq üçün keçmiş yeganə meyara çevrilir. Tarix həmişə barbarlığı əsaslandırır. İrili-xırdalı müharibələr keçmişlərə istinadla ideyalandırılır. Şər keçmişdən qanadlanır. Şər bütün keçmiş boyu xeyirə qalib gəlib. Xeyirin qalibiyyəti gələcəkdə fərz olunur. Ancaq şər, güclü və ölməzdirsə, bu qalibiyyət illuzordur.

 

   Tiranlar gələcəkdə olacaqlarsa da, onlar büsbütün keçmişə aiddirlər. Keçmişin sirayət etdiyi gələcək, bəlkə də lüzumsuzdur. Gələcək nəsillərin keçmişdən xilas şansı yoxdur. Ələlxüsus Azərbaycanda. Əxlaq, keçmişin gələcəyə qarşı silahıdır. Mühafizəkarlıq Azərbaycanda keçmişin ən səciyyəvi xüsusiyyətidir. Çağdaş ədəbiyyatımızda qrafoman köhnə nəsil də öz mühafizəkar "sərhəd"ləri daxilinə çəkilib və gələcəyə əxlaq topları atmaqla məşğuldur. Yeni nəsil ona fatal bir qüvvə, anlaşılmaz "NLO" təsiri bağışlayır. Azərbaycan ədəbiyyatının milyonlarla insanın axırına çıxmış totalitar iblis dövlətini vəsf eləmək kimi şərəfsiz tarixi mərhələsi də var.

 

   ...Keçmişə ölüm, gələcəyə həyat uyğun gəlir. Biz həyatı vəsf edəndə, gələcək ehtimalı artır.

Digər xəbərlər

Həyatın Dibində

Xuraman - kapoeyra uçuşlu qız

Həmişəlik dinc tramvaylı şəhər

Sevirəm demişəm

“Həcv mövzuları” (Baba Vəziroğluna)

Şərhlər