Qardaşı İlqar Tağının Rafiq haqqında müsahibəsi

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 1825

 

Son vaxtlar mətbuatda Rafiq Tağının “Avropa və biz” məqaləsi ətrafında aparılan mülahizələrdə arqumentlərə söykənməyən fikirlər yer almaqdadır. Bu kimi mülahizələr irəli sürən qəzetlərdən birinə Rafiq Tağının qardaşı İlqar Tağıyevin əks reaksiyası həmin qəzetin növbəti sayında öz əksini tapmışdır. Biz də “Sənət qəzeti” olaraq, bütün bu olaylara aydınlıq gətirmək üçün, İlqar Tağıyevdən müsahibə götürmək qərarına gəldik və inanırıq ki, müsahibə sizin üçün də maraqlı olacaq!

 

- İlqar, son vaxtlar mətbuatda “Rafiq Tağı İrana işləyirmiş” kimi ifadələr yer almaqdadır. “Savaş” qəzeti son sayında, onların əvvəlki yazılarına görə, sənin iradlarını özlərinə məxsus formada cavablandırmışdır. Bu cür iddialarla çıxış edən qəzetlərə münasibətin necədir?

 

- Mən mətbuatı yaxından izləyən bir adam kimi onu deyə bilərəm ki, bu cür fikirlərlə çıxış edən qəzetlərin yazdıqları cəfəng və iyrənc formada özünüreklamdır. Özünü jurnalist adlandırıb əslində “palinaçılıqla” (termin Rafiqindir –T.i) məşğul olan “savaşçılar” Rafiqin şəxsiyyətinə, əqidəsinə bələd olmaya-olmaya qəzetlərinin reytinqini qaldırmaq üçün, heç bir arqumentlərə əsaslanmadan Rafiqin guya İrana işlədiyini, guya İrandan sığınacaq istədiyini təkidlə yazmaqla əsalində özlərinin kiminsə “şaykaları” olduqlarını sübut edirlər. Ən azından mən və Rafiqi tanıyan insanlar bu qənaətdədirlər. Belələrinə Rafiq dərhal kəskin və tutarlı cavabını verərdi, necə ki edəcək! Mənsə belələrinə qarşı həddən artıq təmkinlilik nümayiş etdirdiyimə görə, Rafiqdən üzr istəyəcəyəm. Sadəcə mən həmin qəzetin baş redaktoruna zəng edib vicdanının varlığıyla maraqlandım...

 

- Rafiq Tağının “Avropa və biz” yazısını sən necə qarşıladın?

 

- Mən Rafiqin kiçik qardaşıyam, həm də onu özümə mənəvi ata sanıram. Buna baxmayaraq, həmin yazı dərc olunandan sonra məqalədəki bəzi məqamlara görə ona etirazını bildirənlərdən birincisi bəlkə də mən olmuşam. Onunla razıyam ki, məqalənin bəzi məqamlarında ifrata varılmış, təqdir olunmayası ifadələrə yol verilmişdir. Necə ki, bunu Rafiq öz təkzibində bildirmişdir. Rafiqi özüm kimi tanıdığımdan onu deyə bilərəm ki, o, tam azad düşünən bir insandır. Onun fikirləri heç də həmişə birmənalı qarşılanmamışdır, hətta dəfələrlə sərt tənqidlərə tuş gəlmişdir. Lakin bu olayla bağlı olan təpkilər heç də Rafiqin həmin yazısına adekvat cavab deyil. Rafiqin bəzi ideyaları bəlkə də yüz il sonra da olsa öz təsdiqini tapacaqdır. Mən belə düşünürəm ki, Rafiqi dərin və məntiqli fikirlərinin xatirinə səhv hesab olunan fikirlərini bağışlamağa dəyər.

 

- Bu yazıdan sonra Rafiq Tağını suçlayanlar, hətta barəsində ölüm fətvası verənlər də oldu...

 

- Suçlayanları anlamaq olar. Məqalənin məğzi bir tərəfdə qalıb, bəzi jurnalistlər yuxarıda söylədiyim emosional məqamlar üzərində  interpretasiyalar edərək süni gərginlik yaratmaqla müəyyən qüvvələrə xidmət etdiklərini göstərməkdədirlər. Ölüm fətvası verənlərə gəldikdə isə, demək istəyirəm ki, dinimizdə Allahın rəhmli və bağışlayan olduğu təqdir olunduğu kimi, insanlara da səbr və təmkinli olmaq tövsiyə olunur. Bundan başqa biz sivil və konstitusion dövlətdə yaşayırıq. Mən yenə də təəssüf edirəm ki, Rafiqi suçlayan müsəlmanların çoxu yazının məğzindən xəbərsizdirlər.

 

- Bu olaydan sonra Rafiq Tağını suçlayanlarla bərabər həm də onun müdafiəsinə qalxanlar da oldu. Bu sıradan gənc yazarları göstərmək olar, hətta onların bəziləri Rafiq Tağıya yönələn təpkilərə etiraz əlaməti olaraq islam dinindən imtina etdilər. Onların bu addımları ilə razısanmı?

 

- Məncə, onların bu aksiyalarının kökündə bir qrup insanlar tərəfindən Rafiqə olan hədsiz təpkilərə cəmiyyətinin diqqətinin cəlb olunması məqsədi durur. Çünki bizdə cəmiyyət belə məqamlarda həmişə olduğu kimi passiv mövqe tutur. Necə ki indinin özündə də, özlərini ziyalı-elita sayan təbəqə hələ də ağızlarına su almış kimidirlər. Yaşlı yazarlardan fərqli olaraq, haqsızlıqlarla barışmayan gənc yazarlar cəmiyyətimizə və dünyaya bir həmrəylik nümayiş etdirdilər. Buna görə, mən onlara səmimi minnətdarlığımı bildirirəm. Ancaq onların bu cür addımlarına Rafiq də razı olmazdı.

 

- Qəzetlərin yazdıqlarına görə, guya Rafiq Tağı Danimarkadan və yaxud da İrandan sığınacaq istəyib. Bunlar nə dərəcədə doğrudur?

 

- Mən öz təcrübəmdə ilk dəfə, sadəcə söz xatirinə söz demək mərəzi olan jurnalistlərlə rastlaşıram. Bu cür şou xarakterli yalan yazılarla çıxış edən qəzetlər cəmiyyətdə ancaq katalizator rolunu oynayırlar. Olmazmı ki, hər hansı fikiri söyləyən kəs fakta, mənbəyə əsaslansın?

 

- Rafiq Tağının ailəsinin maddi durumu necədir? Bildiyimə görə, Rafiq bəyin uşaqları kiçik yaşlıdırlar. Onlar ataları haqda məlumatlıdırlarmı?

 

- Hələ də Rafiqin kiçik qızı Qəmər elə bilir ki, atası dostugildə qonaqdır. O, uşaq olsa da, onu artıq bu cür bəhanələrlə ovundurmaq müşkülə çevrilir. Bəzilərinin təkid etdiyi kimi Rafiq nə İranın casusu olmaqla, nə də bəzi həkimlər kimi pasiyentlərinin sağlamlığı bahasına pul qazanmaqla ailəsini dolandırmayıb. Rafiq həyatı boyu halal zəhməti ilə yaşayan insandır. Mən uşaq olan vaxtlarda, Rafiq hələ kənddə həkim işləyərkən, hətta işdən sonra da öz evimizdə belə hər kəsə tam təmənnasız yardımını əsirgəmədiyini xatırlayıram. Rafiq həkim və yazıçı olaraq indi də özünəməxsusluğundadır. Bütün bunlar onun humanistliyindən, Allaha sevgisindən, əsl müsəlman olmağından irəli gəlir. Biz, kəndimizdə indinin özündə də fəaliyyət göstərən məscidi vaxtilə tikdirən, əsl Hacı olan Tağının nəvələriyik. Biz bunu həmişə əməllərimizlə sübut etmişik. Maddi duruma gəldikdə isə, heç bir narahatçılıq yoxdur, Allahın bizim ailəyə kömək olacağına da həmişə inanmışıq.

 

 

 

                                                                                   15.12.2006  (“Sənət qəzeti”)

Digər xəbərlər

Əlverişli intihar hündürlükləri

BIÇAQLANMIŞ QƏLƏM (Elşən Böyükvənd)

Satiraya Rafiq Tağı baxışı

İlk düşmənim. Memuar

Rafiq Tağının Anara cavabı: "Rəsul Rza Anarın Axilles dabanıdır..."

Şərhlər