İnkarçılarımız

Tarix: 13-06-2024 00:28
Baxış sayı: 143

“İnkar mübarəkdir!” – ulu babalarımız bu sloqanla türk millətini, qoy elə öz
sözümüzlə deyək, çıxılmazlığa soxub. Yüzillər boyu inkişafımız bu hikmətlə
tormozlanıb. 
İnkarla zəhərlənmişlərik. 

“Biz nə millətik”, “yaşamağa haqqımız yoxdur”, “erməni bizdən yaxşıdır” – mən
yer üzündə bizim qədər özünə nifrin yağdıran, bu cür zəhər saçan ikinci bir millət
görmədim. 
Dialektika bu inkarın inkarını tələb edirsə də, dayanıb durmuşuq.
Dərhal səbəblərə varaq.

Dəfələrlə dediyimiz kimi, Şərq arealında türklüyün inkarı – bu günah islam
ümmətçiliyinin boynundadır. Ərəb-islam tarixi daim müqəddəslik haləsində
qabardılıb, türklər aşağılanıb. Görün, ölüm və qandan ibarət tarix də müqəddəs
sayılarmı? 
Bu yandan da mədəniyyəti büsbütün Avropadan köçürmə olan, siyasəti Avropa-
Asiya xəlitəsindən ibarət Rusiya imperiyası Azərbaycana qənim kəsilmişdi. Hayıf,
sevdiyimiz rus klassikləri də imperiya istilaçılığına, bir növ şərə, biganə qaldılar.
Demək, onlar imperiyanın inkarı səviyyəsində mədəni deyilmişlər. 

Dünyanın bu yeni, insan haqlarıyla zəngin və hətta modern çağında belə
köhnədən də köhnə fars şovinizmi durub-durub Azərbaycana ağız atır,
azərbaycançılığın qatı əleyhdarı olaraq çıxış edir. Neyləməli, mədəniyyəti daim
əsarətə-ətalətə köklənən, ümumən, üzü şərə yönəlik farsların yüzillər boyu
Azərbaycanı ləkələməyə gücü çatdı və buna indi də macal tapır, cəhdlər göstərir. 
Ancaq yeni dünya düzəni təfəkkürü qartımış fars şovinistlərinin ambisiyalarını
tamamilə rədd edir. Fars-molla rejimi artıq hətta səhih-səlim informasiya

istehsalçısı qüdrətində də deyil. Axtarsan, İran adlı dövlətdə, məsələn, Səhər-2
telekanalında, bəlkə adicə eşşəyin ölməsi xəbəri də düzgün tərtib olunmaz. Yaxud
eşşəyin ölməsi fars rejiminə faydalı yöndə, dini maarifçilik tonunda şərh edilər. 
İnsanlığın irəli sıçramasında böyük əməyi olan yəhudi xalqını yer üzündən silmək
istəyən bir rejimin başında dərrakəli və normal təfəkkürlü insanların oturması
inanılmazdır. 
İslamın müqəddəs atributlarını siyasi təzyiq və hətta alver predmetinə çevirən İran
dövlətində islam qardaşlığı bir yalan növüdür. 

Gedək o yana. Qloballaşma aləti olan postmodernizm də mədəniyyətimizin
kökünə balta çalmada. Bu dalğada muğam da rədd edildi, folklor da, aşıq sənəti
də. Bu süni cərəyan həm də dünyada narkomaniyanın tüğyanı ilə üst-üstə düşür;
burası maraq doğurmaya bilməz. 

Bəlkə də narkomaniyanın təzahürü olan postmodernizmin ümumbəşəri
mədəniyyətə hüquqi varislik səlahiyyəti yoxdur. Postmodernizm calaq effektində
perspektivsizdir.
Qardaşlar, inkarçılıq yenilik deyil, sadəcə, manqurtluqdur. Prinsipsizliyimizi
tolerantlıq kimi qələmə verməyək. Arvadbazlığımızdan doğan beynəlmiləlçiliyimiz
torpaqlarımızın əldən getməsi ilə nəticələndi.

İctimai nihilizm sosial nevroz tipində xüsusi bir xəstəlikdir. Gələk bu yana.
Dünyada Azərbaycan dövlətinə hörmətsizliyi öz jurnalistikamız doğurur.
Jurnalistlərimiz Azərbaycan xalqının imajını təmiz korlayır. Bəzi qəzetlər korrupsiya
və digər əngəllərimiz üzərində parazitizmə yuvarlanıb. Burda ən müxtəlif
parazitlər yaşayır.

Ölkənin qapı-pəncərələri açılsın, deyirəm, Azərbaycan jurnalistikasından gölməçə
qoxusu gəlir! 

Cəmiyyətdə fərdlərin dövləti yox, yalnız özünü düşünməsindən böyük fəlakət ola
bilməz. Gec olsun, güc olsun, nəhayətdə anlamalıyıq ki, biz yalnız dövlətimizin
tərəqqisində özümüzü düşünmüş olacağıq. Normalda budur. İfrat tənqid milləti
əlacsızlığa, gələcəksizliyə dirəyir. Durub desəm ki, söz deməkdə elə mahirik, bu,
düz çıxmaz. Söz qüdrətimiz maarifçi demokratlarla getdi. İndi başqa millətlərə
bizim jurnalistləri döyə-döyə də oxuda bilməzsən. Bəzi istisnalarla ölkə dışında
bizimkilərin yazısı tam dəyərsizdir.

Təriflərimiz də tənqidlərimiz kimi söz biçarəliyidir. 

İqtidar və həm müxalifət siyasətçilərimiz isə artıq bizdəki buqələmun
pedaqoqikaya da yaramır. Getdikcə də radikal müxalifət liderlərimizdə ağıl zəifliyi
məlum olur. Avtoritarizm qıcıqlarına refleksləri adekvat deyil. 

Amma unutmayaq da: nihilizm sağalan xəstəlikdir. 

30 may – 3 iyun 2011-ci il

Digər xəbərlər

Şərif Ağayar: "Ona saplanan bıçaqlar..."

Azərbaycanda hüquq

Üç dayıqızı

Eklektik fikirlər

Nİ­­GA­­RAN­­LIQ

Şərhlər