Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2105
Talenin şıltaqlığı, yaxud hələ ki, itgilərlə...
...Onunla qiyabi tanışlığım Əjdər Olun “Rafiq Tağı ki, Rafiq Tağı”-sını oxumağımla başlaylb və bu bədii portret vaxtında o qədər xoşuma gəlmişdi ki, başlığını qəhrəmanımız barədə sonralar qələmə aldığım ilk iki mətbu yazıma sərlövhə seçmişdim: ikincisinin əvvəlinə sadəcə olaraq “Bir daha...”əlavəsi etmək şərtilə...
Rafiqin “Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb” məqaləsinə cavab olaraq dərc etdirdiyim birinci yazımda onu sadəlövhlükdə günahlandıraraq, eninə-uzununa tənqid etmişdim.Bizdə tənqidə dözümsüzlüyün az qala norma olduğunu nəzərə aldıqda, onun mənimlə ən azı sərin-soyuq olacağını gözləyərkən tam əksinə şahid olmuşdum:birinci və, sən demə, axırıncı üzbəsurət görüşümüzdə bəndənizə xüsusi mehribanlıq və iltifat göstərmişdi...
Növbəti dəfə, onun Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər və başqa böyük Mirzələrimizin üzərinə getdiyini görəndə dözməyib “Bir səltənətin dörd mirzəsi (Rafiq Tağı və onun kompaniyasına)”adlı tənqid yazıb özlüyümdə Rafiqin daşını daş üstündə qoymamışdım.Onun bu yazıya münasibətini gözləyirdim ki, vurulması xəbərini oxudum.Bu xəbər mənimçün o dərəcədə inanılmaz və, ən əsası, dərkolunmaz idi ki, bunu şüuraltı olaraq onun tale,MsoNormal yaxud talenin onunla zarafatı, yaxud şıltaqlığı bildim və içimdən lağlağıya bənzər gizli bir fikir keçdi: Çaşıb onun vurulmasında məndən şübhələnərlər ha!..Sonra isə Rafiqin sağalacağına elə inanırdım ki, ölüm xəbəri əvvəlkindən də anlaşılmaz oldu və onu indiyə qədər də anlaya bilmirəm...
Alim Ziyanın, yaxud qəzetçi Elmarın böyük ölçüdə kimlərin istəyilə məhv edildiyi əksəriyyət kimi mənə də gün kimi aydındır, di gəl Rafiq Tağının qətli məndən ötrü hələ də müəmma kələfidir.Bircə onu bilirəm ki, Bünyadovla elmimiz, Hüseynovla mətbuatımız necə itirdisə, Tağı ilə də ədəbiyyatımız eləcə uduzdu.Həm də onun qatillərinin kimliyi deyilsə, nəkarəliyi şübhə doğurmur və onlar bu qəbil kəlmələrlə “şərəf”ləndirilə bilərlər : nakəslər, nacinslər, nanəciblər və ən ümdəsi, nadanlar...
Sıravi ədəbiyyat adamı olaraq bəndənizin, Rafiq Tağının yaradıcılığına ən ümumi münasibət isə belədir: o, ağıldan daha çox fəhmlə yazırdı, ictimai gerçəkliyə sadəlövh yanaşmasına baxmayaraq, bədii istedadı bütün çatışmayan cəhətlərini artıqlaması ilə üstələyirdi.Əksəriyyətimizin görmədiklərini daxili zərrəbini vasitəsilə qeydə alaraq, yalnız özünə məxsus üslubu ilə təsvir edirdi. Zahiri istehza və ironiyasının arxasında təəssübkeşliyi və digər təməl göstəriciləri də yox deyildi.Bədiiyyatda nə qədər güclüydüsə, publisistikada bir o qədər piyadaydı, amma bunu dərk etməyəcək dərəcədə səmimi idi.Böyük ehtimalla, dolayısı ilə də olsa, elə həmin qəbahətinin güdazına getdi...
...Ölkəmizin və xalqımızın axırıncı 25 ilinin mahiyyətini kifayət qədər yaxşı bildiyim iddiasındayam və hər cür şişirtmədən uzaq nəticəm belədir: Rafiq Tağının könülsüz gedişi bütövlükdə Azərbaycanı geri atan dərəcədə böyük itkidir və, nə yazıq ki, ən böyük faciəmiz də belə itkilərin fərqində olmamağımızdır...
Məhəmməd Salur