Tarix: 20-05-2019 16:15
Baxış sayı: 1296
Baba Vəziroğluna
Yaman zayı çıxıb - son macal Məmmədəlinin zarafatları həm yersiz, həm də şit olur. Bir bunun atmacasına bax:
- Əlim belinə çatmır, Nazı. Səni qucaqlamaq üçün məcburam başqa kişilərlə əl-ələ tutam.
Görün kim öz kəbinlisinə belə hərcayi söz deyər!
- Vallahi, sənin ağlın çaşıb! Hətmən!
- Ay Nazı, köhnə kosarasan da-a! Boynuna al.
- Heç bu da sözdü - nə olsun ki?..
- Elə bil İsa yeyib-Musa təpibsən. Şoğərib mühacirət də səni arıqlatmadı!
Düz yeddi ildi Berlindədilər. İndi İran həyatı onlara yuxu kimi gəlir. Hərdən ondan elə yuxu kimi də danışırlar. Məmmədəli bir müddət sinəsini qabardıb öyündüyü inqilabçılığını yerə qoymuşdu. Həm də viranə İranda əqidəsinə uyğun siyasi durum unudulduğundan, onun özünü də unutmuşdular. Deyir ta Berlinə lotu-potu inqilab işlərinə görə yox, insan kimi yaşamağa gəlib. Çifayda, bunun üçün əlində ala-babat bir sənəti də yox. Avara inqilab quruca çörək qazanmağasa yaramadı. Bunlar bir yana. Neylədiyindi, korluq çəkirdilərsə də, Fərəhnaz günü-gündən şişirdi. Məmmədəli də onu sancmağa bəhanə gəzir.
- Sən bu fil cüssənlə dünyaya züryət gətirsən, adımı dəyişərəm!
- Nə qoyarsan?
- Onu özüm bilərəm.
Bütün iranlılar sayağı Məmmədəlinin ikinci peşəsi (birinci - yoxdu) xalçaçılıqdı ki, Berlində az-çox dadına çatır. "Bu Alman - qızıl ölkədi, - deyir, - əlin gətirə, il boyu xalçanın bircəciyini əridə biləsən! Bax, buracan bəsdi". Xalı-xalça eşqiylə arada özünü vurur "ikinci vətən"i Bakıya. İranın tərkini qılalı, Məmmədəlinin "vətən"ləri get-gedə çoxalırdı. İkinci bəlli oldu; birincisə - Təbrizdi, üçüncü - Berlin... Hərdən də aralarında Tehran-Təbriz toqquşması baş verir. Bunun əlaməti şillə-qapazdı. Fərəhnazın sözünə bax: Tehran Təbrizdən gözəl olduğundan, onun xatirəsi də Təbrizinkindən gözəldir. Məmmədəlisə "haşa, - deyir, xatirənin gözəlliyi şəhərin gözəlliyindən bilmərrə asılı deyil. Ömründə belə ilişgi ola bilməz".
Neylədiyindi, Bakı "vətən"lərdən ən qazanclısı çıxdı. İndiyəcən Məmmədəli ora üç yol səfər edib: üçündə də Fərəhnazla birgə. O bir olan uca Allahın sayğısından, əliboş da qayıtmayıblar. Gəbədi, xalı-xalçadı - bunlar heç, həmişə də Berlin azərbaycanlıları üçün səsləri ən yanıqlı (rica belə idi) azəri müğənnilərinin kasetlərini gətiriblər. Amma sifarişçilər get-gedə qədim musiqiyə keçirdilər. Bir gün də görməzə-bilməzə elə Məşədi İbada bənzəyən birisi "Məşədi İbad"ı ondan istədi. Bəh, "Məşədi" bağlı qapıları Məmmədəlinin üzünə taybatay açmadı bə!.. Pul-para üstünə sel olub axdı, başından xəzəl kimi yağdı. "Məşdibad əmi" - bu sadəlövh kişi onun ailəsinin yatmış qaraçuxası imiş, axır-axırda oyanmışdı. Berlinlilər ona elə valeh olmuşdular ki, filmə ağızları açıq halda baxırdılar. Zalda arı vızıldasa, kəpənək qanad çalsa, eşidilərdi. Sanasan bura heç Berlin deyildi, XX əsr Bakısının əvvəli idi. Qərinələr ötmüşdüsə də, Üzeyir bəy dünyanın bu uzaq guşəsindəki azərbaycanlıların da nəbzini tuta bilirdi.
* * *
Bakı həkimləri Fərəhnaza Berlindəkilərin sözünü dedi: uşaqlığı balacadır, çətin övladı ola. Elə bil onlar bu cür deməyi şərtləşmişdilər. Mağıl Berlin həkimləri az-çox ümid yeri qoyurdu, Bakıdakılar baltanı kökündən vurdular. Ona görə də Fərəhnazın Bakı adlı şəhərdən tamam sidqi sıyrıldı. Ta Məmmədəli oralara təkbaşına gedəsi oldu.
Bu, Fərəhlə ayrılığa bənzəyirdi.
Hiyləgər sualları onun alnına elə Bakıdaca nalladılar:
- Bə Fərəh xanım hanı?
- Nazı - Berlində. Harda olasıdı?
Berlində aydırmışdılarsa da ki, hələ övlada gümanı var, bunun qəmbərqulusunu da unutmamışdılar. Ər ər yerində, gərəkdi hər hansı başqa kişi ilə də, özü də bir ayın mabədində bacardıqca tez-tez yata. Nə? "Hər hansı kişi?!" Bəlkə yuxu görür - bunlar nə hərcayi sözlərdi! Yox, belə tul işlər əlindən gəlməz, belə şeytani əməllər onun adına yazılmayıb - çox da öz arıq-turuğundan yarımayıb, qəlbi ondan incikdi, çox da ondan bir fərasət gözləmir.
İşə bax, bir ilin mabədində Məmmədəlinin işi hər barədə bircə dəfə olur. İldə xalı-xalçanın bircəciyini xırıd edər; bircə kərə Azərbaycan deyibən gedər. İlin on iki ayı onunla yatışları da hesablansa, yenə 1-dən artıq rəqəm alınmaz. Neylədiyindi, bu da Fərəhnaza qəbuldu. Özü görürdü ki, kişisi candərdi olsa da, ilin tamamınacan ailə borcundan çıxmağa çalışır. Dekabrın ortalarında özünü qoz ləpəsinə tutuzdurur; hər səhər bir qaşıq fındıq tozu qatışdırılmış bal içir. Fərəhnazın yanına girməyə şövq tapanacan yüz həngamədən çıxır. Məqam yetişəndə, əli belinə çatmasa da, arvadağanı eləcə yönü düşən səmtdən basmarlayır.
"Uşaqlığı balacadır, qoy uşağın da balacası olsun, - hərdən Fərəh Allaha da asi olur. Amma sonra üzü göylərə, dua dua üstündən - asilikdən qurtulmağa çalışır. - Yaradanımsan, quru-qavara bircə övladısa məndən əsirgəmə! Razı olma ki, bu yad məmləkətdə yalquzaq olum, tək qalım! Ələlxüsus Məmmədəli kaset dalınca gedəndə..."
Xoş çağlarında oturub vaxtı çötkələyir: onun hesabıyla çağası sentyabrda dünyaya gələsidir, çünki Məmmədəli onunla əsasən dekabrda yat-yat eləyir. Yəni dekabr, üstəgəl doqquz ay. ...İndidən sentyabrda görəcəyi ballı balanın ulduz falına da baxdırıb:
"Qız bürcü. Bu işarə altında doğulanlar iti zəkalı, dərin xarakterli olur, uzun ömür sürürlər..."
Hə, uşaq avaragorlardan olmayacaq. Üstəlik də, uzun ömür sürməklə, onacan qocalası anasına da əl tutacaq.
Bu dəfə Məmmədəli dartıb onu da Bakıya apardı, özü də tərslikdən - dekabrda. Bir növ, bununla da Fərəhlə yatmağı boynundan atdı - səfər üstə nə hay gəlib! Builki dekabrda gümanı gəldiyi bircə gecəlik eşq macərası yenə qaldı gələn dekabra. Çötkə təzədən işə düşür: gələn dekabrda bu ölmüş onunla it kimi imsinəsi, yenə üstəgəl doqquz ay. Bu gedib düşür altdakı ilin sentyabrına. Eh, ancaq bir-iki ilin nə ziyanı - əsas budur ki, körpəsinin alnına sentyabr yazılıb. Yəni onun xasiyyəti bilmərrə dəyişilən deyil. Fərəh hər hansı sentyabrda dünyaya göz açası ağıllı balasını indidən sevmişdi. Bəlkə artıq ayrı bir aydan, ayrı bir xasiyyətdə övlad istəməz də. İşdi-şayəd haçansa özgə birini övladlığa götürmüş olsa da, hətmən sentyabr təvəllüdlüsünü seçər.
Amma bu gədə Məşədi İbada doğmaca arvadından daha çox həvəslidi. "Gərək səni başqa kişilərlə əl-ələ qucaqlayam", - bunu deyəndə, dili ağzındasa qurumur. Amma əcəb il boyu, xüsusən uzun qış gecələrində səninlə mazaqlaşan bir kişin ola. Behişt ləzzəti budur. Eləsi bəxtinə yazılmadı. Ya da hər gecə fikrində bir bığıbənövşə tutasan (aşkarda cəhənnəm olsunlar); barı xəyaldansa züryətin ola.
"Məşədi" sərasər gör neçə ildi fırlanır, Məmmədəliyə dürlü də qazanc gətirir. Lakin son macal lent tez-tez qırılırdı. Gərəkdi tezbazar təzəsi dalınca gedilə. Məmmədəli yubatmadan səfərini oktyabra saldı. Yox, Məşədisiz Berlin əhlinin bağrı çatlar. Onda Nazı noyabrı atır, kişisi bəlkə ancaq dekabrda ər timsalında onunla baş-başa uzanası. Ürəyinə damıb, builki "dekabr" qaçılmazdır. Məmmədəli yenə əvvəl özünü qoz ləpəsinə tutuzduracaq, Nazının özünü iştahı çəkməzsə, xəyalında ona günü sayılası istənilən nazlı-duzlu bir xanımı canlandıracaq... Çoxdandı Məmmədəli sanki şəriətə fövrən çoxövrətli idi: biri aşkarda, qalanı - xəyalda. Fərəhnazın xəyali günüləri həddən artıqdı; hər dəfə də dəyişilirdilər. Bəlkə həmin xanımlar Məmmədəliyə haçansa uşaq da əta eləyiblər. Hərçənd Məmmədəli indi nə həmin təsadüfi xanımları, nə də onlardan olan övladlarını xatırlayır.
Qız işarəsi altında doğulan uşağın ulduz falı Fərəhnazı qane edir.
Məmmədəlinin bütün xəyali uşaqları sentyabrda dünyaya gəlib. Həmin uşaqlar Nazının öz xəyali balası ilə bacı-qardaşdılar. Bir ulduz altında doğulduqlarından, xasiyyətləri tutacaq - bir-birinə şirin olacaqlar. Hətmən.
26.VI. - 31.VII.1995