XX yüzildə qərbə son baxış konturları

Tarix: 03-04-2018 10:42
Baxış sayı: 1500

 

Bəşər tərəqqisinin son iki min illik tarixində avanqard mövqe Qərbə məxsus olub. Hərçənd "bataqlıq gülü" Renessans Qərbin tutduğu pozisiyanın sən demə heç də avanqard olmadığını sübut etdi. Əksinə, zamanın rəng spektrində Avropadakı ortaçağ zülməti daha zil və daha parlaq nəzərə çarpdı. Müharibələrin çoxu və həm də ən dəhşətliləri Avropada şahə qalxıb. Qərbdə tərəqqi elmi-texniki səviyyədə zahiri olmaqla daim iblis buyruğuna müntəzirdir. Qərb həmişə əxlaqın yoxluğu, ancaq həm də onun yüksək imitasiyası ilə seçilib. Bəşəriyyətin məhəbbət haqqında təsəvvürləri də Qərbdə yanlış yozulur və məhəbbət seksual instinktlə eyni tutulur. Seks və məhəbbət az qala sinonim sözlər kimi anlaşılır. Z.Freydin psixoanaliz nəzəriyyəsi insan modelinin düzgün şərhinə ən yaxınıdırsa da, natamamlıqdan da xali deyil. Bəşərin instinktlər qədər, hətta onlardan da vacib bildiyi dəyərlər mövcuddur. İnsan təkcə instinktlərin formalaşdırdığı eqoist deyil; o həm də altruistdir. Altruizm bəşərin tanıtma nişanıdır. Bəşər təkcə instinktlərin diktəsi ilə ömür sürmüş olsaydı, heç vəchlə şüursuz varlıqlardan seçilməyəcəkdi. İnsan məhz instinktlərdən kənar komponentlərlə özünəməxsusdur. İnsanda əxlaq qaçılmaz tələbatdır. İnstinkt müvəqqəti, əxlaq daimidir. Xristian asketlərində əxlaq ən yüksək amplitudaya çatmış olur. Əfsus, Z.Freyd insanı əxlaqın minimum halında, ya da onun yoxluğu vəziyyətində araşdırır. Z.Freyd, ondan əvvəl A.Şopenhauer və həmçinin F.Nitsşe yalnız Qərbdə yetişə bilirdilər və yetişdilər də. Qərb bəşəriyyətin əxlaq defektlərinin bariz görsəndiyi məkandır. Volyuntarizm və həm zora etiqad nəzəriyyələri, sadizm və mazoxizm ilk dəfə Qərbdə təsbit olunub. Faşizm Qərb üçün simptomatikdir. İndi hələ Qərbin çox xəstəlikləri remissiya halındadır, gözlənilən bütün kəskinləşmələr gələcəkdə olacaq.

 

Qərbdə məhəbbət minimum facianədir. Romeo və Cülyetta məhəbbəti bəlkə bir az oyun təsiri bağışlayır və təsadüfi deyil ki, Şekspir onu məhz səhnə üçün yazıb. Oynanılan şeylər inandırıcı deyil. Bəşər duyğularının aktyor interpretasiyalarına təqdimi sənət baxımından artıq və lüzumsuzdur. Donjuanlıq Qərb üçün daha xarakterikdir və Qərb təfəkkürünün doğurduğu bu süjet-ideya həmişə də yalnız qərbliləri ruhlandırıb – Molyer, həmçinin, Qofman, Bayron və Puşkin bu möbzuda da qələm çalıblar. Leyli və məcnunluğa Qərb azadlıq ülgüsündə vəhşilik kimi baxılır. Qərbdə cazibədar siyasi azadlıqla öyünən insanlar instinktlərin köləliyinə düçardırlar. Heç nə itmir; siyasi azadlıq instinkt köləliyinin hesabınadır.

 

Can rahatlığı da yalnız Qərb timsalında fetişləşdi və gedonizm ali məqsəd oldu. Can rahatlığıının maksimum həddi qəlb ağrılarının minimum həddini təyin edir və nəticədə insan modelində proporsiya pozulur. Qəlb ağrılarının yoxluğu birbaşa intihar yoludur. Əzab bəşər olumunu kodlaşdırır. F.Dostoyevski əbəs yerə deməmişdi: mənə əzab bəxş edin – yaşamağa başlayıram. Mənəvi ağrıların yoxluğunda insan bayağı və sönük olur. İsa peyğəmbər bəşər günahlarını öz üzərinə götürəndə, əzabların mütləq çoxluğunda məhəbbətlə mükafatlındırıldı. Ümumiyyətlə, əxlaq peyğəmbərlər kəşfidir. Əzab insanda həm də fantaziyanı qanadlandırır. Əlbəttə, fiziki əzablar, cismani ağrılar primitiv olmaqla insan üçün təhqiramizdir. Əzab yalnız mənəvi parametrlərdə məqbuldur. Lakin Qərb mənəvi parametrlərdə olan ağrılardan da faktiki üz döndərir və onun yalnız imitasiyasına meyllənir. Roma imperatorlarının tarixi, hələ onların ixtirası olan quldarlıq bir yana, hər cür bəşər iyrəncliklərinin kvintessensiyası sayılmalıdır. Roma abidələri və əsasən gözəl bədənlərə heyranlıqla yapılmış heykəllər də bu tarixə haqq qazandıra bilməz. Əksinə, qədim Roma abidələri və heykəlləri əslində imperatorların gözəlliyə maniakal ifrat aludəçiliyinin təzahürüdür. Bu abidələr orgiya xislətindən doğulub. Bir çəmiyyətdə fallos idealdırsa və eyş-işrətin də Vakx, Bakus, nə bilim, Dionis kimi cürbəcür adlı məxsusi allahı varsa, başqa mənəvi nədənlərdən danışılmağına dəyməz də. Ancaq qədim Ellada və Romanın uydurulma, təqribi və sonsuz sayda allahlarından fərqli biri bir olan uca Allah Avropanın "göbəyi"ndəki "əxlaq"a qiymət baxımından növi-bəşəri, nə yaxşı, Yer üzündən silmədi. Hərçənd yaddaşlarda hifz olunmamış, lakin fərz oluna bilən bu cür silinmələr tarixə qədərki dövrdə çox olub və hökmən yenə olacaq. "Nuh tufanları" əxlaq yoxluğunda kükrəyir. Bəşər sivilizasiyası Yer üzündən məhz Qərbə görə silinəcək. İsa peyğəmbərin siması Qərbdə olsa-olsa bir hümanizm ştrixi sayılmalıdır. Qərb ədəbiyyatı və sənətindən hümanizm görsətmə xarakterli ötəri bir şey kimi gəlib keçdi. Qərb klassiklərində minnətli hümanizm az qala gözə soxulur. Don Kixotdakı hümanizm əslində ondakı ağıl zəifliyinin əlamətidir və Servantes bunu heç sezə bilməyib də. Ümumiyyətlə, hümanizm Qərb ədəbiyyatı və sənətində ən çox debil obrazlar üçün səciyyəvidir.

 

Tamam ayrı söhbət olan demokratiya Qərbdə ən böyük şarlatanlıqdır. Əlbəttə, mən A.Hitlerə haqq qazandırmaqdan çox uzağam, lakin bu şarlatanlığı o, alman xalqına rəva görməmişdi. Qərbin göstərdiyi humanitar yardımlardan "üçüncü ölkələr" yox, bir verib beş almaqla əsasən elə Qərbin özü bəhrələnib. "Üçüncü ölkələr"də Qərb yönümü onlarda çürümənin ilkin görüntüsüdür. Qərbə heyranlıq bəşər sivilizasiyasında təsadüfən və səhvən ənənəvilik kəsb edib. I Napoleonun qoşunları od vurub Moskvanı yandıranda belə sarsaq rus aristokratları öz aralarında və ailədə fransızca konuşurdular. Qərb nağılbaz ədəbi klassiklərini zor-xoş dünyaya nümunə timsalında daşlaşdırıb. əlbəttə, dünya mədəniyyətində Qərb elementləri ətirsiz xüsusi güllər də açır. Ancaq böyük, ya kiçik hər hansı xalqın mədəniyyəti Qərbə oxşamaqla yox, əksinə, ona oxşamamaqla özügün və maraqlı ola bilər. Yapon ədəbiyyatı Qərbə bənzərsizliyinə görə dəyərlidir. Dünya ədəbiyyatının Qərb oxşarlı kosmopolit nümunələri yaranan kimi də əlbəəl köhnəlir.

 

Avropa əslində həmişə kulturtreger məramlı olub. Qərb Amerika hindilərini rəngbərəng şaxşaxlar, bəzək-düzək və saçaq-muncuqlarla ram edib, onların spesifik mədəniyyətlərini mənimsəmədimi? "Bezdeluşki"lər hindilər üçün hələ də Avropa mədəniyyətinin simvoludur. Amerika Avropanın cinayətlərindən törənib və haçansa bunun cəzası çəkiləsidir. Bu cəzanın bismillahı bəlkə də bəşər sivilizasiyasının məhz Qərbdə çöküşündən ibarət olacaq. Onsuz mədəniyyətləri mənimsənilmiş hindi tayfalarının, nəsli-kökü Yer üzündən silinmiş "mogikan"ların ruhu Qərbi elə-belə, yüngül çırtmalarla buraxan deyil və hələlik bu ruh atom girdabı şəklində reallaşıb. Qərb dünyanın apokaliptik sonluğa ən yaxın yeridir. Heçlik bəşəriyyəti yalnız Qərbə təmasla özünə çəkə bilir. Bu adıbilinməz heçliyi artıq Şərqdən boylanmaqla da görmək mümkündür.

 

Digər xəbərlər

Faciə janrlı puplisistika

Bir neçə anlıq macəra

Azərbaycan qatarı

Mikelancelonun səhvləri

Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər Rafiq Tağı - Sabirə müharibə elan etdi

Şərhlər