Həyatın Dibində

Tarix: 02-04-2018 16:53
Baxış sayı: 1250

(“Qədim kitab” hekayəmə təsadüfi şərhlərimlə)

 

İnsanlarımız əsəb tiklərinə mübtəla. Elə mən özüm bu yaxınlaracan hamıya qeyri-iradi göz vurardım. Soldan göz vurduğum sağımdakı və sağdan göz vurduğum solumdakı qadınlar məni heç cürə başa düşməzdilər. Bir gün nişanlısına “göz vurduğum” oğlan gözümün altına “lampa” qoymaqla məni bu bəladan təsadüfən xilas etdi. Lakin sonra təzə işə düşdüm; bu dəfə üzümdəki mimik əzələlər səhv yığılmağa başladı. Gah bu üzümdə kədər, o üzümdə sevinc əmələ gəlirdi, gah o birində kədər, bu birində sevinc. Üstəlik də, bunların qəlbimdəki kədər və sevinclərlə qəti bağlılığı yox. Əvvəl-əvvəl uşaqlarım mimik sevinclərimdən sevinər, mimik kədərlərim­dən kədərlənərdilər. Axır gördülər mimik sevinc və kədərlərim boş işdi, onda boş güman edib, artıq əsl sevinc və kədərlərimə də vız atmadılar.

      Qardaşlar, Azərbaycanda hamı bu cür-bu sayaq xəstə və onu da deməliyəm və deməməli deyiləm ki, acdır. Orta statistik azərbaycanlı ölkəni qarnı quruldaya-quruldaya gəzir. Gecə-gündüz hor­tuldatdığı “kraskalı” çaylar mədəsinə termit şəlalələr şəklində axır və orda sarımtıl-narıncı şəlalə stalaktit və stalaqmitləri törədir. Biz hələ “Sovet”dən yığdığımız piylərlə sağ və salamat varıq. Yoxsa bağrımızdan qan tökməyə amadə Kox çöpləri Azərbaycan xalqını çoxdan aşırmışdı. Fikir vermişəm, əzələlərim səhər idmanından harmonik şişmir, eləcə tək-tük quru ağaclar şəklində dümdüz qalır. Soyuducumda içi su dolu üçlitrlik pota bankadan savayı bir şey tapmazsan. Soyuducumdakı üçlitrlik banka indiki neft Azərbaycanını tam xarakterizə edə bilər. Deyirəm, bizi paxla-badımcan, qarpız-yemiş aldadır, qoymur inqilaba qalxaq. Bizdə bol təbiət üsyanları “nol” səviyyəsinə endirir. Azərbaycanlı qarnından kəsib əyninə verir, əynindən kəsib də - bala-bulasının qarnına. Ətağa cəddi, vicda­nımız çox güclüdür, biz bala qarnından ötrü başı­mızdan keçənlərik. Papaqdan qırtıb şalvar alar, şal­vardan qırtıb toya-yasa gedərik. Allah şad günlərini mübarək eləsin, ancaq ailə quranlar evimizi yıxmaq­da. İkiqardaş ilana bənzər toy-yaslar bu dəqiqə milləti çalmaqda. İslam Azərbaycanda sünnət toyları şəklində daha qabarıq təzahür edir. Yeri gəlmişkən, islamı qorxaqlığımızdan qəbul etmiş, sarsaqlığı­mızdan indiyə kimi saxlamış, övladlarımızın alcaqlıq məşğuliyyəti üçün də gələcəyə ötürməkdəyik. Əlbət­tə, bunlar heç.

           

Gedək o yana. Heç bir bədən üzvünə aid edə bilmədiyimiz mənəvi dəyərlərimiz artıq lüzumsuz olub. Nəfs Azərbaycan xalqını türmələrə salmaqda. Hamımız türmə və minnətli əfv məktəbi keçmək­dəyik. Quldurlarımız aclarımızla düz mütənasib artır.

 

Bizdə quldur qastronomik Koroğlu şəklində ortaya çıxır. Biz təsadüfən şəhid olanlarıq. İndicə dedim, quldurlar - qəhrəmanlarımızdır, bütlər - gəlir mənbəyimiz. Bütlərə etiqad hər birimizin ictimai özünütəsdiq yoludur. Düzdür, artıq bu yol arvad-uşaq saxlamağa yetmir. Azərbaycanda yaşam yalnız cinayətlərlə mümkündür.

 

      Burda mən yazımı 1991-dəki “Qədim kitab” adlı hekayəmə kiçik şərhlə davam etdirəcəyəm. Orda ideya nədir: öləndə hamı kimi ayaqlarını uzadacaqsansa, sağlığında atılıb-düşməyə dəyərmi? Açıq deyəcəyəm, atılıb-düşməklik şöhrətpərəstlikdir. Mən uşaq vaxtı hündürlüyə tullanmaqla şöhrətə çatmışdım. Həyata atılan kimi bu şöhrəti hamı unutdu. İndi həmin şöhrət bir tək öz içimdə qalıb və məni fəlsəfi düşüncələrə sövq edir. Yayın bu cırhacırında illüzor prezidentlərə qapı-qapı səs yığmaqlıq da şöhrətpərəstlikdən başqa bir şey deyil. Əslində bütün ictimai ideyalar fərdi maraqlar üçündür. Vladimir Lenin qardaş qanını yerdə qoymadı, Romanovlar sülaləsindən sosializmlə şəxsi intiqamını aldı. Kommunizm ideyasını yəhudilər bəlkə də talanlardan qurtulmaq üçün düşünmüşdülər. Qloballaşma Qərbi Şərqi yoxetmə siyasətidir. Artıq Qərb bəşəriyyətə vəhşətlər yaymaqda. Qədim Romadan üzü bəri aristokratiya Qərbin əxlaqsızlıq göstəricisidir. Fövqəlinsan ideyası Qərb mədəniyyətinin patoloji yönümünü tam aşkarladı. “Vətən haqlı olsa da, haqsız da - mən onun tərəfindəyəm” - ingilis centleminin bu komik əxlaq maksimasında antibəşərilik var. Qoy tez hökmən onu da deyim ki, ingilis xisləti insanlığa ziddir. İngilislər Azərbaycanın ənənəvi qansoranlarıdır. Əlbəttə, bəlkə bunlar da heç. Gələk bu yana.

           

Yenə deyirəm, hekayəmdə söhbət ondan gedir ki, insanlığın bütün çabaları dünya şöhrəti uğrundadır. Bəşər hələ şöhrətdən dadlı şey tanımır. Amma öləndə hamı ayaqlarını eyni cür uzadırsa, mən orda deyirəm, atılıb-düşməyinə dəyməz. Həqiqətən də, atılıb-düşməkliyin şöhrəti tez silinib gedəndir...

 

 

(Məqam – Politika)

 

№48  12-18 iyul 2003-cü il

 

Digər xəbərlər

Nİ­­GA­­RAN­­LIQ

BÖ­­YÜK BA­­CI

Azərbaycanda siyasi idilliya ərəfəsi

"Yazıçı mətbəxi"ndə Rafiq Tağı ilə Asif Hilaloğlunun söhbəti

Fİ­­KİR­­CİL

Şərhlər