Zəminə Rəhimqızı ilə söhbət (2)

Tarix: 22-07-2017 16:25
Baxış sayı: 1839

Təzadlı və iç dünyasında tam azad olan yazıçı Rafiq Tağı bu gün suallarımıza cavab tapıb sizlərə çatdırır. Yəqin onun adını oxuyan kimi bir çoxlarınız düşündünüz: bəli, təzadlıdır, özü də necə. Heç nə ilə razılaşmır. Onun ayrı bir dünyası var. Onun dünyasına yaxınlaşmağın asanlığı qədər çətinliyi olsa da, biz bu səddi aradan götürməyə çalışacağıq. Gəlin, bir az qərəzli görünən şəxsin iç dünyasına yaxınlaşaq...

-          Rafiq müəllim, mən sizin yaradıcılığınıza az-çox bələdəm. Düzü, hər dəfə hər hansı yazınızı oxuyanda, məndə suallar baş qaldırır.

Elə burası gözəldir.

-          Bir müddət əvvəl mətbuatda Şərq-Qərb mövzusunda silsilə yazılarınız çıxmışdı. Bəzən Qərbi Şərqdən üstün tutursunuz. Niyə?

İctimai fikirdə Şərq-Qərb araşdırmaları əbədidir. Deyim ki, çağdaş dünyanı düşündürən qloballaşma ideyasına yeganə əngəl də bəlkə elə budur. Müharibələr əksərən Şərq-Qərb toqquşmalarının nəticəsidir. Biz Şərqi hədsiz idealizə etmişik. Ay nə bilim, Qərb sabunu Şərqdən götürür, xristian dünyasına aftafanı islam verib – bu sayaq cəfəng fikirlərlə özümüzü Şərqdən asılı salmışıq. Hər cür idealizə lüzumsuz və ziyanlıdır. Bizim Şərq təəssübkeşliyimizdə obyektivlik yoxdur. Artıq biryolluq bilməliyik, Azərbaycan Avropa ailəsinə daxildir, azərbaycanlılar avropalılardır. Biz olsa-olsa qara bığlarımıza görə şərqli sayılmalıyıq. Onsuz indi bütün dünya Qərb dəyərləri ilə yaşayır, yaxud onlara can atır. Ən qatı islam ölkələrində də insanların gözü Qərb həyat tərzindədir. Yaşamın Qərb modelində həyat maksimum təzahür edir. Qərb daha çox bu dünya üçündür, Şərq – o. Qərb realdır, Şərq – irreal. Şərq mücərrəd məfhumlarla yaşayır, Qərb – konkret dəyərlərlə. Bu gün Şərq dəyərləri hədsiz köhnə və antiinsani görünür. Artıq Şərq dünya üçün anaxronizmdir. Şərq insan haqlarına yaddır. İslamla süslənmiş Şərq dünyası hər cür yaradıcılığa ziddir. Şərq dünyası mütəmadi tiranlar yetişdirir.

-          Tiranlar Qərbdə də olmayıbmı?

Olmağına olub. Ancaq burda söhbət ideala yaxınlıqdan gedir. Bu yaxınlıq Qərbdə aşkar bilinirsə, Şərqdə heç sezilmir də. Şərq “özündəşey” bir dünyadır və özünütəcrid nəticəsində ekzotik səciyyə daşımaqdadır. İndi Qərb hər hansı tiranı asanlıqla neytrallaşdırma qüdrətindədir. Bu saat Qərbin demokratik ideyaları dünya üçün hava-su kimi vacibdir. Qərbin ixtirası olan demokratiyanı bütün bəşəriyyət bəyənir və sevir, Şərqdə ona nə qədər süni yasaqlar qoyulursa da. Öz gözlərimin şahidiyəm: İran vətəndaşı Azərbaycana təşrif buyuran günü az qalıb arağın küpünə girə. Binəva demokratiyanın bu ən ucuz meyvəsindən hayıl-mayıl olmuşdu. Burda belə bir tərif deyək: “İnsan istəklərinə sədd çəkən şeyə “islam” deyilir”. Həqiqətən də, “islam” bəşəriyyət dustaqxanasıdır. 

-          Niyə ki? İslam böyük mədəniyyətdir.

Ancaq bizim üçün hədsiz yaddır. Azərbaycan türkü onu hələ də iç dünyasına ötürə bilmir. İslam Azərbaycan üçün lüzumsuz butaforiyadır. “İslam”ın iç üzü son dəfə Əfqanıstanda açıldı. İslam “üləma”larının insan azadlığı barəsində dediklərinin hap-gop olduğu aşkar bilindi. Onlar ibarəli, bər-bəzəkli sözlərlə islamın qəddarlığını heç cürə gizlədə bilmədilər. Budda məbədlərinin dağıdılması islamın müasir dünyada atavistik bir “mədəniyyət” olduğunu bariz göstərdi.

-          Biz də islam ölkəsiyik, axı?

Əfqanıstandakı bənzər hadisələrin Azərbaycanda da baş verməməsi “demokratiyamız”ın yetkinliyinə yox, ümumiyyətlə, bizdə islamın yerli-dibli olmamasına dəlalət edir. Biz islam adıyla heç cinayət törətmək də istəmirik. Azərbaycanlı islami cinayətlərə həvəsli deyil. Bayaq dedim, azərbaycanlılar islamı indiyə kimi uda bilmir. Azərbaycanda islamın adı var, özü yox. İslam Azərbaycanda havadan asılı qalıb. Ən yaxşı halda islam Azərbaycanda xurafat şəklində üzə çıxır. İslamla fəal ünsiyyət insanı gec-tez məyus edir. Mən özüm həkim olaraq, 3-4 il qabaq Bakıdakı islam institutu yataqxanasından narkotiklərlə zəhərlənmiş iki tələbəni koma vəziyyətində toksikoloji mərkəzə aparmışam. Yaxud başqa bir misal: tok-şoularda hacılarımızın yadfikirlilərə yumruq atmalarını hamımız dəfələrlə görmüşük. Adam burda demək istəyir: ah, Azərbaycan gözəl bir xristian ölkəsi ola bilərdi!

-          Bəs islamdakı əxlaqi dəyərlər necə olsun?

Bəyəm bizim məkana əxlaqı islam gətirib? Bunu təsdiqləyiriksə, onda gərək islamdan öncə yarımvəhşi olduğumuzu boynumuza alaq. Düzdü, böyük anlamda onsuz Azərbaycanda əxlaq yox, yalnız onun haqqında təsəvvürlər mövcuddur. Azərbaycan padşahı özü əxlaqı ikili standart şəklində qavrayırsa, ona etiqad edənlərdən nə gözləməliyik. Hə, elə bütün insanlıq da əxlaqdan məmnuniyyətlə vaz keçərdi, di gəl ondan bərk yapışıb – məcburiyyət üzündən. Hər halda, cinayətlərin azalmasında əxlaqın rolu danılmazdır. Əxlaq yalnız faydalılıq əmsalına görə dəyərləndirilir. Əxlaqın altruistik, ilahi və ideal qiyməti yoxdur.

-          Sizin mədəniyyətə münasibətiniz də xeyli mübahisələr doğurmuşdu…

Mən, Rafiq Tağı olaraq mədəniyyətin pozitiv funksiyasına pessimist yanaşıram. İllah da ki, Azərbaycanda mədəniyyəti lüzumsuz sayıram. Bu bir əyləncə və istirahət növüdür. Lakin biz Qarabağı haçan aldıq və haçan yorulduq ki, hələ bir istirahət də edək? Bu saat bizim istirahətlərimiz cinayət kimi bir şeydir. Mədəniyyətimiz boşuna işləyir, onun mənəviyyatımızdakı rolu sıfır həddindədir. Şuşa Azərbaycanın “konservatoriya”sı yox, kaş elə adi bir blindajı olaydı. Bülbül olub oxumaqlığımız başucalığımız yox, avaraçılığımızdır. Özünü qorumağı bacarmayan millətin musiqi mədəniyyəti hörmətə layiq deyil. Vallah, özümdən asılı deyil, “Mədəniyyət Nazirliyi” deyiləndə, artıq məndə həmişə oxumaq-çalmaqlıq təəssüratı oyanır.

-          Bəyəm mədəniyyət müharibəni udmaq vasitəsidir?

Ona qalsa, heç müharibədən yayındırmaq vasitəsi də deyil. Bizdə mədəniyyət arsızlıq atributudur, başqa heç nə. Mənim bir şerim var – “Toğrulnərimanbəyov rəssamlar”. İdeyası budur ki, Qarabağ müharibəsi batal rəsmlərsiz ötdü. Hərdən mənim müharibəmizə də yazığım gəlir. Məəttələm, Mədəniyyət Nazirliyi tez-tez Moskva və Sankt-Peterburqda nəyimizi təbliğ edir? Məğmunluğumuzu?Əlbəttə, yəqinruslarüçünməğmunlarınkonsertidahamaraqlıdır.

-          Axı, Azərbaycanınmədəniyyətiqədimdir…

Nə olsun qədimdir?Qədim, ancaq ölüdür. Azərbaycanın keçmişi bugünündə işləmir. Yaxud keçmiş bugünə ölü sitatlar şəklində ötürülür. Nizami və Füzuli ən yaxşı halda heykəldirlər. Heykəllərsə addımlamağı bacarmır. Şərq mədəniyyətində, fəlsəfi və elmində hər şey təxmini və qeyri-dəqiqdir. İndi Şərq dünya üçün yalnız tarixi əhəmiyyətlidir.

-          Amma bu fikirlərinizə görə sizi qınayanlar yenə tapılacaq. İndidən onlara nə deyərdiniz?

Belə sərt danışmaqda, başıma at təpməyib.İstədiyim nədir: dəyərlərimizi saf-çürük edək, gələcəyə sıçrayışlarımız olsun. Latın qrafikasına on ilə keçməyək. Bizdə insanlar konformistdirlər, ictimai-siyasi diktəylə getməyi üstün tuturlar. Azərbaycan ona görə bu gündədir. Heç kəs özünə inanmır; hər kəs içində təzəcə doğulan ideyanı ən birinci özü səhv sayır və elə özü də öldürür. Bizim hər birimizə nə “xarici”, nə “daxili” düşmən gərəkdir. Biz yerində ayaq döyməkdən ötə marş tanımırıq. İndi Azərbaycan bataqlığa bənzəyir. “Bu bataqlığı qurutmaq vaxtı çatmayıbmı?” – mən hamıdan soruşuram.

 

Zəminə RƏHİMQIZI

Digər xəbərlər

Qəribə adamdır bu Rafiq Tağı

Evi müharibədən sonra tikərlər

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı

TRAV­­­MA­­­TO­­­LO­­­Jİ KOR­­­PUS­­­DA HEY­­­KƏ­­­LƏ DÖN­­­MƏK­­­DƏ OLAN YA­­­RA­­­LI

Faciə janrlı puplisistika

Şərhlər