Kütləvi səhnələr adamı

Tarix: 22-07-2017 16:23
Baxış sayı: 1822

Bəlkə artıq gecdisə də, Vaqif Yusifli haqqında “bir kaç kəlmə” söyləmək istərdim. Allah canımı salamat eləsin, ancaq onun “həyat və yaradıcılığ”ı necə yaşamamaq və necə yazmamaq baxımından ibrətamizdir. Ətağa cəddi, burada məramım öldürmək yox, yalnız diriltməkdir. Həm də onsuz, əlbəttə, ölünü yox, dirini öldürər, dirini yox, ölünü dirildərlər.

Terrorla mücadilə dövrünün yazısı: ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli haqqında.

                O, sənətə birbaşa ədəbiyyatşünas-tənqidçi kimi gəlmişdir. Bu, özlüyündə qeyri-təbii, mən deyərdim, anormal haldır. Hətta canilər də uşaqlıqda rəsm çəkir, ilk gənclikdə qıza-mıza şer qoşur, və tarda-gitarada nəsə dınqıldadırlar. Hamı real həyata lirika-romantika yüksəkliklərindən enib, bir tək mənim “qəhrəman”ımdan savayı. O, həyata alçaqdan uça-uça gəlmişdir. Şer-nəğmə demirəm, Vaqif Yusifli barı kiməsə bir-iki sevgi məktubu yazıb ədəbi tənqidə gəlmiş olsaydı, yenə dərd yarı idi - indi onun barəsində söz demək mənə də asan olardı.

                Düzü, Vaqifdən həmişə və hər yerdə mehrlə, hətta ürəyiyumşaqcasına danışmışam. Hər halda, o, şəxsiyyətcə “kiçik insan” tipidir. “Kiçik insan”ı əzməksə günah, hətta qəbahətdir. Ancaq indi - bu saat bəzi həqiqətləri açıb-ağartmasam, riyakarlığı boynuma götürmüş olaram.

                Vaqif Yusifli ölkənin ictimai-siyasi orqanizmindən bilmərrə kənardadır. O, Lenin-Stalin rejiminin ona verdiyi “vintcik” rolundan hələ imtina etməyib. Tarixin kütləvi səhnələr adamıdır. O, kimin onu istismar etməsinin fərqində deyil. Vampirlərlə barışıqdadır; hətta bəzən onlarla bacı-qardaş olur. Qlobal miqyaslı oğruları dahi sayır. “Xeyir” onun üçün hədsiz mücərrəd məfhumdur. Oğruya oğru demək qüdrətində deyil; əksinə, elə olur ki, onlara yaxşı adlar tapır. Donuzdan bir tük çəkmək qənimətdir - bu etik qənaətlə oğrulardan sədəqə də umur. Sədəqəsinə görə onlara humanist deməyə amədədir. Şərə heç bir maneçiliyi yoxdur. Hədsiz neytrallığı səbəbindən o, heç şeytana da müxalifətdə durmaz. V.Yusifli vətəndaşlıq funksiyasını ədəbiyyatşünaslıq həddinəcən kiçildib. Cəmiyyətdəki bu minimal rolunda rahatlıq tapır. Ədalətsizliklərə biganəliyində tipik sovet adamıdır.

                Çox güman, ədəbi tənqidə orta məktəbdəki uğurlu inşa yazılarından gəlmişdir. Vərdiş sənətə çevrilib. Əslində Vaqif Yusifli sözün iflasa uğraması hadisəsidir. Onun yaradıcılığı fövqündə ədəbiyyatşünaslıq yalançı elm təəssüratı oyadır. Despotizmə dözümlü insan azad sözə dözümsüz olar.

                O, ilham atlarının mehtəridir.

                Vaqif müəllim Əlidən tutmuş Vəliyəcən, Füzulidən Şirvan aşıqlarına, Məmməd Arazdan ekstrasens Məlahət Mövsümqızınacan - hamıdan eyni vəcdlə yazır. Vəcd onda qurama şeydir. Həmişə də gözünə dəyən kimi “bərk gedən” şair və nasirlərin quyruğuna düşür, onları qaralayıb haqlamağa çalışır, üstlərinə elə hoppanır ki, deyirsən, bellərinə minmək istəyir. Obyektivlik sarıdan hər iki ayağından axsaqdır. Ədəbi dəb ədəbiyyatşünaslığını özünə rəva görür, həm də elə onun banilərindən biridir. Qələmini qazanc yerlərində kütəldib. Kimlərəsə “şirpotreb” dissertasiyaları yazır. Yaxşı adını ödənişli resenziyalar və ön söz tərifnamələri ilə yaman edib. Kaş qulaqlarım kar ola, onun haqqında xoşagəlməz realistik şayiələri eşitməyəydim.

                O, sovetizmlə zəhərlənmiş xroniki ədəbiyyat xəstəsidir. Düzü, bir vaxtlar zəhmətkeşliyi məndə hörmət doğurardı. Elə yazıçı Elçin də onun “Tənqid yarpaqları” (1998) kitabındakı ön sözünü “Tənqidimizin zəhmətkeşi” adlandırıb. Ancaq sonradan Vaqif müəllimə münasibətdə, elə həmçinin sənətdə bir meyar kimi “zəhmətkeş”liyi özlüyümdə rədd etdim. Çünki məhz bununla da hər şeyin şiti-şoru çıxır: sözün duzu itir, ölçü-biçi kəlləmayallaq olur. Əslində talant üçün zəhmətkeş sözü söyüş kimi səslənməlidir. Vaqifsə ondan məmnun qalır. O, zəhmətinin bürokratik formal qeyd edilməsindən də fəxarət duyur, bir növ, bu “qeyd”ləri zəhmətinin bəhrəsi bilir. Ömrü boyu hamıdan çox özünü aldadıb. Yox, mən yanılmamışam, Vaqif müəllim dünyanın, həqiqətən “kiçik insan”ıdır. Ondakı bütün mənəvi xüsusiyyətlər “kiçik insan” simptomatikasıdır. İndiyəcən aldığı bilik və informasiyalardan qüvvətlənməyib. 90-cı illərdəki kataklizmlərdən də bərkimədi. O, dünyanın müharibə və inqilab aşırımlarından, hətta dümbələndüz evolyusyon inkişaf yollarından da yan keçmədədir. Yaradıcılığının maraqsızlığı da əsasən bundandır. Barı 19-cu yüzil rus, ya 20-ci yüzil başlanğıcındakı Azərbaycan ədəbiyyatçıları nümunələrini göz önünə gətirəydi. Həri, o, hər şeyə talantla yox, “zəhmət”lə çatıb. Çatdığı da nə - zəhərə dönmüş bir tikə çörək. Ancaq kartof, ya gül alveri, bəlkə maldarlıq-belə şeylər ədəbiyyatşünaslıqdan min qat artıq qazanc gətirərdi.

                “Zəhmətkeşliklə” ucalmaq biabırçılıqdır.

                Elçin müəllim məqaləsinin sonunda yazır: “...Vaqif Yusifli hələ çox yazacaq, çox çalışacaqdır”. Eh, yazıq oğlan, biçarə Vaqif Yusifli - doğrudan da, hələ çox yazacaq... və çox da çalışacaq. Yazmağa və çalışmağa ömürlük məhkumdur. Arxada uçurum, qarşıda yoxluqdur. Yazmasa, çalışmasa, dərhal unudular. Hərçənd onsuz yazdıqca da, unudulur. Onunku sizif əməyidir - yazmağı Allahın ona cəzasıdır. Günahı - köləliyidir. Yaradıcılığının qonarardan savayı faydası olmayıb və yoxdur.

                Vaqif klassik poeziyadan bilgiləri ilə özündəki aşılayıcı Sovet ədəbiyyatı təcrübəsini neytrallaşdırmağa çalışır. Lakin bu sövq - təbii, cəhd əbəsdir. Artıq onda Sovet ədəbiyyatı təcrübəsi daşlaşmış durumdadır. Vaqif Yusifli bu təcrübədən yalnız təzədən doğulmaqla uzaqlaşa bilər. Üstəlik, onda klassik ədəbiyyat bilgiləri və dürlü məclislərdə söylədiyi şer nümunələri bir şagirdin şücaəti “miqdar”ındadır. Onun klassiklərə verdiyi dəyər “ol miqdar” tost səciyyəlidir. O, klassik ədəbiyyatı heç vaxt araşdırmayıb, yəqin bunu bacarmaz da, ya araşdırıbsa da - səthi və bəsit tərzdə, nümunələr göstərib onlara heyranlığını izhar qılmaqla. O, ilk gənclikdə əməkdaşlıq etdiyi rayon qəzeti psixologiyasından uzaqlaşmayıb.

                Mənim Vaqif Yusifliyə rəhmim gəlir. Ancaq bir iş var ki, rəhmim Sözə də gəlir. Nədənsə onun qələmindən hər şey ölü doğulur. Onun yaradıcılığı nekroloji ekkeftlidir. Vaqif Yusifli heç özü də istəmədən ədəbiyyatşünaslığa kifayət qədər ziyan vurmuş, əsas da onu gözdən salmışdır. O, Məktəb yaratmaq qabiliyyətindən məhrumdur. O, ən yaxşı halda ədəbiyyat faktlarının sifarişli konstatasiya mütəxəssisdir. Ömrü boyu ədəbiyyatda reklamçı funksiyasını daşıyıb. Mənə həmişə ağır gəlib: axı niyə o, ədəbiyyat “generallar”ı qarşısında dombalaq aşmağa müntəzir durmalıdır? O, guya daim kimisə qaldırmağa, kimisə endirməyə xidmət edib. Sən paradoksa bax ki, onun sözü ilə nə bir kəs qalxıb, nə də bir kəs enib. Onun əsərləri məcburi “katorqa” əməyi məhsuludur. Onun “yaradıcılıq” sevincləri məcburi əmək bitərkən duyulan sevinc bənzərlidir. Onun hər hansı yazını ilhamla yazması təsəvvür olunmur. İlham bu adama yaddır, ondan min ağac uzaqlıqdadır. Vaqif Yusiflidə peşəkarlıq maniakal aludə xarakterlidir. Onda fikir azadlığı görməzsən; iç və dış dünyaları köləlik sarıdan həmahəngdir. Onun üçün həqiqət heç vaxt vacib olmayıb. Onun əsərlərində irrasional volyunturanın addım səslərini açıq eşidərsən. Konyunktura onun həyat tərzidir. İç dünyasında tənzimləyici böyük ideya yoxdur. Ümumiyyətlə V.Yusiflinin təmsil etdiyi ədəbiyyatşünaslıq elmilikdən uzaqlığı, yaxud yalançı elmiliyi ilə ağlamalı durumdadır. Həmişə də nazlı bir utancaqlıqla hökmü-fərmaların qulluğundadır.

                Ancaq deməsəm insafsızlıq olar ki, Vaqif Yusiflinin son dövr yaradıcılığında yaşıl tumurcuqlar görünməkdə, bir oyanış duyulmaqdadır. Deyəsən uzun çəkirsə də, qəflət yuxusu əbədi olmur. Onun fərdi intibahı bəlkə hələ qabaqdadır. Onun keçmişdən təmizlənmək, təzələşmək və dəyişilmək cəhdləri sevindiricidir. Nədənsə onun barəsində hələ ümidliyəm. Mən onun sosialist sovet ədəbiyyatşünaslığı ənənələrindən xilasına və düşüncələrində azadlığına şahid olmaq istərdim. SSRİ 10 ildir dağılıbsa da, Vaqif Yusifli obskurasiyadan hələ indi-indi qurtulur. Onda kommunizm “narkoz”u uzun çəkdi. İnşallah, Vaqif gələcəkdə elə işlər görər ki, 33 illik tanışlıqdan sonra, nəhayət, onunla dostluğa da həvəs göstərərəm. Onunla dostluqdan başım uca olar.

REDAKSİYADAN:

Yazıçı Rafiq Tağının tənqidçi Vaqif Yusifli haqda kifayət qədər kəskin deyilmiş fikirlərini çox götür-qoydan sonra çap etmək qərarına gəldik. Qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq.

Digər xəbərlər

Həmişəlik dinc tramvaylı şəhər

“Moskva dəftəri”

"KLASSİKLƏRƏ QARŞI ÇIXMAQ QƏBAHƏT SAYILMAMALIDIR"

Ucaboy liliput

HA­­­YIF, ÖV­­­LAD da QO­­­CA­­­LIR

Şərhlər