Tarix: 22-07-2017 16:16
Baxış sayı: 1824
“Əsəd və Zeynəb” Həyat faciəmizin Ədəbiyyatdakı Təzahürüdür.
Hörmətli Rauf Arifoğlu!
Rafiq Tağının qəzetinizdə getmiş “Əsəd və Zeynəb” adlı hekayəsi haqqında yazdığım kiçik qeydləri çap etsəydiniz, şad olardım. Əgər mümkün olmasa, məktubu sahibinə çatdırmağınızı rica edirəm.
Hörmətlə, B.Vahabzadə
P.S. Şəkidə olduğuma görə məktubu poçt ilə göndərdim.
Əzizim Rafiq Tağı!
Sənin bütün hekayələrin məni həmişə həyəcanlandırır və ən ümdəsi düşündürür. Çünki söz güllən heç vaxt hədəfdən yayınmır. “Yeni Müsavat” qəzetinin 4-6 iyul tarixli sayında çap olunan “Əsəd və Zeynəb” hekayən isə bir dünyadır. Bu hekayə komediya və faciə janrlarının guya təhlili əsasında qurulmuş, əslində həyat faciəmizin ədəbiyyatdakı təzahürüdür desəm, yanılmaram. Partiya qurultayları adına zavodların direktorlarının dialoqu komediya janrında faciəmiz, əsirlikdən qayıtmış azərbaycanlı qadının əri ilə dialoqu isə faciə janrında komediyamızdır. Beləliklə, sən kiçik bir hekayədə “faciə həyatda çoxalır", deyərək komediyada faciəmizi, faciəmizdə isə komediyamızı Mirzə Cəlil ustalığı ilə ədəbiyyata gətirməyə müvəffəq olmusan.
Amma son akkordundan heç olmaz: “Əcəb uşağın ola, ailəlikcə sirkə gedəsən!”
Sağ ol, qadaşım, sən bu gün Mirzə Cəlil məktəbinin ən gözəl və ondan fərqli davamçısısan. Səni təbrik edir, daha böyük uğurlar arzusu ilə bağrıma basıb öpürəm.
Hörmətlə,
Bəxtiyar Vahabzadə
8 iyul 1998-ci il