“Forma gözəlliyi də estetik gücdür”

Tarix: 24-01-2017 07:38
Baxış sayı: 1567

Əjdər ol: - Rafiq, təzə çıxan kitabını Axundov mükafatına təqdim etmək istəyini biləndə, özünü gözə soxmağa  çalışmayan bir adamın bu həvəsi nəsə mənə bir az qəribə gəldi.

 

Rafiq Tağızadə: - Elə indi də özümü gözə soxmaqdan uzağam. Sadəcə, hüququmdan istifadə edirəm. Mən nəinki mükafat almaq, hətta prezidentlik də arzulaya bilərəm: yaşım nə 35-dən aşağı deyil, nə də Heydər Əliyev kimi 65-i ötməmişəm. Konstitusiyaya zidd olmayan hər bir iş tərəqqi üçün vacibdir. Fikirləşdim ki, mükafat alsam, xeyriyyə fondlarından birinə köçürərəm, xalq tük qədər də olsa irəli gedər. Mənim mükafat istəyim Raskolnikovun qatilliyi qədər təmiz məramlıdır. Bir də axı, M.F.Axundov mükafatı respublikada yeganə ədəbi mükafatdır ki, siyasi rəngi yoxdur.

 

Ə.O: - Yaşının bu vaxtında ağına-bozuna baxmadan nələri etiraf etmək istərdin?

 

R.T: - Pis həkim sayılmasam da, bu sənəti həmişə boyunduruq kimi gəzdirmişəm. Həkimliyim ədəbiyyatda itirdiklərimdən doğulub. Elə vaxtlarım olub, səhərlər işə yox, elə bil “Sibir”ə gedirdim, buna keçmişdə “biyara getmək” deyərdilər.

Etiraf deyirsiniz. Bir hadisə danışım. “Azərbaycan” jurnalı mənim şül-küt olunmaq yerimdir, orda daim ağır çəkili ədəbi boksçular oturub. Hətta Ə.Əylislinin baş redaktorluğu dövründə də başıma it oyunu açıblar. Onun vaxtında müxtəlif nömrələrdə iki hekayəm çıxıb, ikisini də oxuyanda məni soyuq tər basmışdı. Hekayələrim zorla dini dəyişdirilən adam kimi yazıqdılar. “Məni Bakıya apar” döndərilib olmuşdu “Əmi”, Təmiz, asılı paltarlara baxan”sa – “Ümid”. Özü də dörddən üç hissəsi ixtisarla. Onda Moskvada yaşayırdım, doğru doğruya istədim sevdiyim nasir də olsa, Əkrəm Əylislini məhkəməyə verim, qoy hekayələri məhkəmənin qərarı ilə necə var, elə təzədən dərc eləsin. Ancaq sonra öyrəndim ki, bu onun günahı deyil. Həm də onunla şəxsən tanışlıqda əmin oldum ki, elə düzəltmələr onun əlindən gəlməz. Elə zərif, qəlbi şüşə kimi tez sınan adamla məhkəmə dili ilə danışsaydım, indiyəcən peşmançılıqdan qurtula bilməzdim.

Etiraf ediləsi şeylər çoxdur. Alim dililə desək, bax: hekayələrimə.

 

Ə.O: - Hekayələrinin sonunda qoyduğun tarixlərə görə soruşuram: niyə sənin hər bir kiçik hekayən iki-üç, yaxud beş-altı aya yazılır?

 

R.T: - Bəzən də bir neçə ilə. Mən daxili tonusda olarkən, hətta hər gün bir, lap iki hekayə yazıram. Bu, adətən, M.F.Axundov kitabxanasında olur. Oraya bəzilər kimi planlı şəkildə yazmağa yox, əsasən oxumağa gedirəm. Oxuyarkən təsadüfən daxilimdəki sirli bir dünya ilə rastlaşıram. Sanki xəzinə tapıram. Və şer kimi həmin dünyanı bir oturuma hekayə şəklində yazıram. Şairlər buna “ilham gəldi, yazdım” deyirlər. Hekayənin sonundasa yazılma tarixini göstərirəm. Tərif olmasın, bu hekayələr saysız-hesabsızdır və onların hər birinə qayıtmağım da yazıldıqları kimi təsadüfən olur. Təzə gələn hekayələrdən göz açdıqca, yazılmışları üç-üç, beş-beş (eyni vaxtda), hər birini da on-on beş dəfə işləyib cilalayıram. Daha bir sözü belə dəyişməyi lazım bilməyəndə, sonuncu tarixi qoyuram. Ona görə də sən dediyin kimi alınır.

 

Ə.O: - Zarafatsız, haçanacan hekayə yazmaqdan əl çəkməyəcəksən? Povest, roman yazan yaşıdların nə deyər?

 

R.T: - Janr şərti şeydir. Mən elə şey yazaram, onu heç bir janra aid edə bilməzsən. Elə hekayəm var, adının aşağısında roman da yaza bilərdim. Bəzən elə roman oxumağa məcbur oluram, baxırsan ki, strukturca hekayədir, ancaq hekayəcə siqləti ola, dərd yarıdır. Yaxud N.Qoqol “Ölü canlar”ını  poema adlandırmışdı, ədəbiyyatşünaslarsa ona epos deyir. M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanı povestlərin cəmindən ibarətdir. M.Qorki özü “Klim Samginin həyatı” dördcildlik roman-epopeyasını povest sayırdı, elə də yazıb – “povest”. Mənsə onu hekayəcə qısa sayıram. Lev Tolstoyun romanlarını da. Amma müasir nasirlərimizdən bəzisinin üç-dörd səhifəlik hekayəsini oxuyarsan, qurtaranacan uzunçuluqdan təngə gələrsən.

Hər şey nisbidir (Bu mənim kəşfim deyil).

 

Bəlkə də mən həyatımın ritminə uyğun olduğundan hekayə yazıram. Bir də axı, epileptik tutma kimi məni qəfildən çulğalayan ideya hekayə arxitektonikasında, hekayə boyda yazılır və bir də görürəm, söz qurtardı. Söz qurtarıbsa, aşıq kimi “daley, daley” eləməyin nə mənası? Bu gün ilham yanıb-söndüsə, sabah ilhamsız vaxtı həmin mövzunu davam etdirmək vağzalda hambalçılıq kimi bir şeydir. Mən ilhamsız heç məktub da yaza bilmirəm, nəinki povest, roman.

Mənə elə gəlir, ömrüm boyu hekayə yazacağam. Kim nə deyir, desin.

 

Ə.O: - Sənə elə gəlmirmi ki, öz aləminə yaman qapılmısan?

 

R.T: - Görürəm ki, xarici aləmdən istədiklərim minimum şeylərdir. Heç ona da həmişə çatmaq mümkün deyil. Bəlkə onda daxilimdəki yollarla bir yerə gedib çıxam...

 

Ə.O: - Ədəbiyyat haqqında bildiklərimizə bir əlavən?..

 

R.T: - Ədəbiyyat sosializmdə sosialist hadisələri üçün “Gün” proqramının çəkiliş kamerası kimi bir şeydi. Elə indi də həmin vərdişini itirməyib, ancaq daha tam publisistik surət götürübsə də, həyatla ayaqlaşa bilmir. Həyat fantastik çevrilmələrlə çox irəli gedib.

 

Sosrealizm “kalaşnikov”lu tənqid sınıb ədəbiyyat institutunda qalıb. Ədəbiyyat institutu sosrealizm bataqlığında oturub hələ də klassik ədəbiyyatın “dolaşığını açır”. Klassik ədəbiyyat bir qrup adam üçün biznesdir, özü də biznesin fırıldağında.

Söz çoxdur.

 

Ə.O: - Deyəsən, sənin hekayələrin hamısı eyni gücdədir.

 

R.T: - Güc deyəndə... Hekayə pəhləvan deyil ki. Bir dəfə yazıçılardan biri mənə yazmışdı: “Hekayələrin dişsizdirlər”, guya bu səbəbdən çapa layiq deyiləm. Onda mən belə fikirləşdim: yəqin yazıçı kimisə qapmalıdır və qapandan sonra dişləməlidir də. Mən bunu bacarmıram.

Nifrət etmək çətin deyil, çətin – sevməkdir.

 

Mən hekayələrimlə oxucunun qəlbində estetik şəkillər çəkirəm. İnsan daxilindəki o şəkillərə baxanda, düşmən uşağının qarnını yırtmaz, hamilə qadını 9-cu mərtəbədən yerə tullamaz – hətta dövlət təhlükəsizliyi komitəsinin qulduru da olsa. Ümumiyyətlə, mənim hekayələrimi oxuyan dövlət təhlükəsizliyi sistemində işləməz, müharibə qaydalarını xüsusi kitablardan oxumasa belə, onda sivilizasiyalı tərzdə iştirak edər.

 

...Ancaq onu deyim ki, lap səhifələri eyni sayda olan hekayələrim də daxili ritm etibarilə, arxitekturaca müxtəlifdir. Forma gözəlliyi də estetik gücdür.

 

Ə.O: Yazıçı üçün siyasət nədir?

 

R.T: - Siyasət həyatın bir variantı olduğundan yazıçını maraqlandırmaya bilməz. Əlbəttə, əgər o, təkcə kənd təsərrüfatından, kolxozdan yazan degenerat deyilsə. Ancaq mən yazıçının siyasətlə diletant səviyyədə məşğul olmağındansa, onu professionallıqla yazılarında əks etdirməyinə üstünlük verirəm. Bunun üçünsə “Hərb və sülh” müəllifinin intuisiyasına malik olmaz lazımdır.

 

Bir də axı, sən diletant siyasətçisənsə, demək, əsl yazıçı deyilsən, əsl yazıçı elə şeyə tamah salmaz.

Yaxud, demokratik siyasi liderə mədhlər yazmaqla özünü demokratik qələmə vermək nə lazım.

 

Ə.O: - Bizim ədəbi mühitdə özünü necə hiss edirsən?

 

R.T: - Ədəbi mühit sözləri həmişə dırnaq içində yazılmalıdır. Çünki o, yoxdur. Ədəbiyyatımızı “yaradanların” əksəriyyəti “ağrı, ağrı”, “Allah, Allah” deyib gəzən, Qarabağın qara günündə də (hərçənd Qarabağa gedib-gəlməyi ədəbiyyat meyarı saymıram) yeyib-içən oğlanlardır. Aqil Abbasa gənclikdə nasir kimi ümidim böyükdü, amma sonra nə oldu, özün şahidsən. Ümumiyyətlə, yaxşı sənətkar vəzifədə yüksəldikcə, mənim ona yazığım gəlir. Allah yaxşı nasiri prezident olmaqdan gözləsin! Allah Rafiq Səməndərdə, Səfər Alışarlıda vəzifə ehtirasını söndürsün! Bu barədə Ramiz Rövşəndən arxayınam. Ancaq o da özünün mifləşdirilməyinə dözür. Bəlkə də onu mifləşdirənlərin günahındandır ki, deyəsən, daha yazmır.

 

Ədəbiyyatımızda mifləşdirməyə meyl hələ də güclüdür. Siyasətdəki bütlər yıxılıbsa da, ədəbiyyatdakılar hələ qalır. Bu miflər arasında özümü çox pis hiss edirəm, hərdən də təhqir olunuram: bəziləri isə özünü yaltaq olmaqdan saxlaya bilmir.

 

Kinodramaturq Aydın Dadaşov kimi mifdağıdanlarımız, çox demirəm, üç-dörd nəfər olsaydı, bəlkə ədəbiyyatımız qəddini düzəldərdi.

 

Ə.O: - Daha nə sözün var?

 

R.T: - Daha sənin sağlığın!

 

 

“Yeni fikir”, 23.07.1992

Digər xəbərlər

Hayıf, övlad da qocalır

SO­­­NUN­­­CU XƏS­­­TƏ Tİ­­­RAN

Pyotr Çaadayev ruhunda yazı (tryuizmlərlə)

Azərbaycan türklərində esxatoloji duyum

"Peters" (Rafiq Tağının tərcüməsində)

Şərhlər