Tarix: 24-01-2017 05:45
Baxış sayı: 1534
Bəşər fatal qüvvələr önündə, həmçinin daşlaşmış ənənələr içərisində həmişə konformistdir. Konformizm özünüqoruma instinktinin siyasi təzahürüdür. Hətta peyğəmbərlər də bəşəriyyətin konformist uydurmaları sırasındadır. Peyğəmbərlər sərt və amansız siyasi-coğrafi şəraitlərdə bəşər təxəyyülündən doğulmuşlar və əslində realist-mistik yer-göy məkanına adaptasiya üçün lazım olublar. Dini mədəniyyətlər peyğəmbərlərin mövcudluğunu əsaslandıran daimi bürokratik-təlqin vasitələridir. Əbədi yalanlar predmetsiz dini mədəniyyətlərlə ört-basdır edilməkdədir.
Diktaturalarda müxalifətin konformizmə yuvarlanıb kütləyə qarışması labüddür. Konformist müxalifət kütlə oxşarıdır və dövlətdə ən azı avtoritar rejim göstəricisidir. Azərbaycanda siyasi müxalifət həmişə konformist keyfiyyətli olub; onda müəyyən tarixi məqamlarda görünmüş qiyam effekti cürətdən irəli gəlməyib. Azərbaycanda inqilablar da heç vaxt ali məqamlı olmayıb və üstəlik, həmişə ikincilidir, qonşu inqilabların təqlidindən ibarətdir. Azərbaycanda azadlıq mücərrəd bir məfhumdur və azərbaycanlının mənəvi durumuna heç cür uyğun gəlmir. Azərbaycanlıya azadlıq çox da gərək deyil. Azərbaycan azadlığı cinayətlərə məsrəf edəndir. Azərbaycanlı öz azadlığı ilə rəftarı bilmir. Bizdə insanları müxalifətə işıqlı ideyalar yox, taxt-tac ehtirası gətirir. Hərçənd taxt-tac müxalifət üçün qiymətli ekzotik əşyadan başqa bir şey deyil. Azərbaycan müxalifətinə ideyasızlıq xasdır. Azərbaycanda hakimiyyət hamı üçün çox yaxınlıqda görünür - əl at, götür və bunun üçün hər hansı ideyanın köməyinə ehtiyac duyulmur da. Bizdə hakimiyyət Rusiyadakından fərqli mifik-müqəddəs bir şey deyil; bu mənada Rusiyanın coğrafi genişliyi şarlatanların hakimiyyətə gəlişinin qabağını alır. Azərbaycanlı üçün hakimiyyət onun doğulduğu yerdən çox da aralıda deyil; onu götürməyə şirniklənməyə bilmirsən. Həmçinin Azərbaycanda müxalifət iqtidardakı vəzifələr dolanda yaranır; maxalifət hakimiyyət növbəsində həmişə birincidir.
İnsan təbiətdən yox (ondan sivilizasiya ilə qorunmaq mümkündür), bəlkə yalnız insandan qorxur. Hakimiyyətlə silahlı insan bioloji varlıqlardan ən qorxuncudur. Şeytan təbiətdən yan keçib yalnız insanda üzə çıxır. İnsan şeytanla dilbir olmağa qadir yeganə məxluqdur. Konformizm şeytanla dilbir olanlara birbaşa tabeçilikdir. Konformist üçün şeytan kəlamı Allahınkından əzizdir. Konformist Allahdan gizlənmiş kimidir. Konformist üçün ədalət şövq və parlaqlığını itirmiş olur; artıq o öz həyatındakı ədalətli işlərə ya xatirələrində, ya da keçmişinin ən əziz sənədləri arasında təsadüfən rast gələ bilər. Konformist əxlaqı bəlkə də rədd etmir, sadəcə hələlik onu bir kənara qoyur. Konformist üçün əxlaq müvəqqəti işləmir və hətta milli sima da müvəqqəti gərəksiz bir şeyə çevrilir.
Konformizm köləlik residividir. Axtarsan, konformist köləliyi bəşəriyyətin mövcudluq şərti bilir. Əxlaq kölə həyatını gözəlləşdirməz. Kölə əxlaq yükündən tam azaddır. Hətta azadlıqda da kölə bu yükün altına girmək istəmir. Azadlıqda əxlaq keçmiş kölənin həyatı üçün əngələ çevrilir.
Tarixən konformizm cəmiyyətdə aristokratiya əxlaqsızlığı şəklində təzahür edib. Aristokratiyanın göbək ciyəsi həmişə siyasətə bağlı olur və deməli, konformizm ilkinində siyasətdə görünüb. Konformizm həyatın müvəqqətiliyi və faniliyinin dərkindən törənir, özünü gələcəyə ötürmə və taledən qaçmaq cəhdidir. Azərbaycan siyasəti əksərən konformistlərin əməyindən formalaşan fəaliyyət növüdür. Bəlkə elə ona görədir ki, müəyyən istisnalarla siyasət daim hər yerdə əxlaqdan uzaq şey sayılıb (bəşər üçün əxlaq vacib meyar olaraq qalır). Çağdaş Azərbaycan hökmdarları keçmiş konformistlərdir. Onların sayəsində indi Azərbaycan dünya siyasətində konformizm əskiklik kompleksinə düçardır. Azərbaycanın dünya siyasətində seçilən əlaməti prinsipsizlikdir. Konformizm Azərbaycan siyasi elitasının mübtəla olduğu qədim xroniki xəstəlikdir. Azərbaycandakı konformizmin kökündə ərəb-fars-rus istilaları durur. Azərbaycan xalqı hələ də keçmiş istilaların ağrısını çəkir və mövcud konformizm özlüyündə yeni istilalara səbəb olur. Sovet epoxasında doğulmuş çağdaş konformist iqtidar siyasətçiləri Azərbaycanda demokratik dövlət qurmaq iqtidarında deyil.
Taleyran siyasi konformizmin klassik nümunəsidir. Azərbaycan padşahları Taleyran bənzərlidirlər. Konformizm Azərbaycan siyasətçisinin yekinlik nişanəsi sayılır. Azərbaycan siyasətçisi üçün konformizm hətta fəzilət növüdür. Bu gün Azərbaycan parlamenti təkcə despotiyaya yox, faşizmə də “ura” deməyə qabildir. Onlar qəzavü-qədərin diktəsini göylərdən yox, prezident iqamətgahı səmtindən eşidirlər. Azərbaycanın millət “təmsil”çiləri istənilən məqamda 180 dərəcə dönmə qabiliyyətinə malikdirlər. Onlar bizim balaca taleyrancıqlarımızdır. Onlar öl desən ölmək, qal desən qalmaq ata-baba ənənəsinə sadiqdirlər.
Siyasi müalifət də artıq dinc mübarizə üsullarına üzün sürən biganəliklə içindəki konformizmi büruzə verib. Müxalifətimiz əslində iqtidarımızın tayıdır. Azərbaycanda müxalifətlə iqtidar bir almanın iki üzü kimidirlər. Gözləri önündə “12 stul” kimi sayrışan vəzifə kürsüləri bəzi müxalifət partiyası başçılarında konformizmi qaçılmaz edib. Hərçənd Azərbaycan iqtidarının müxalifətə dözümlülüyü də beynəlxalq konyunkturadan irəli gəlir və özünəməxsus beynəlxalq konformizm nümunəsi sayılmalıdır. Yaxın keçmişin despotik bir dövlətində indi siyasi müxalifətin mövcudluğu faktı dünya siyasətində müsbət keyfiyyət əlamətidir. Hətta Azərbaycanda müxalifət mövcud ola bilirsə, deməli, dünya siyasəti düzgün yönümdədir və yəqin artıq gələcəyi işıqlı fərq etmək mümkündür. Lap nağıllardakı kimi.