Tarix: 24-01-2017 05:44
Baxış sayı: 1608
Azərbaycandakı boş söz boşluğu heç cür dolmaq istəmir. Bu boşluğu sinəsi boş sözlə dolu padşahlar da doldura bilməz. Qardaşlar, Qarabağ Azərbaycan siyasətində boş sözlərlə təzahür etdi. Ya da belə deyək: Qarabağın Azərbaycan siyasətində leksikoloji inikası boş sözlər şəklindədir. Qəribədir, hətta kök və kökəlməkdə olan siyasətçilərimizin də bətnindən köp timsalında boş söz çıxır. Ədə, bu köklərə də etibar qalmayıb! Halbuki azərbaycanlı təfəkküründə kök əzəldən böyük insan olub. Köklük böyüklük komponenti sayılıb.
Qardaşlar, Azərbaycan padşahları mütəmadi hap-gop sui-qəsdlərə məruzdurlar. Artıq ölkədə sui-qəsdlərin də şoru çıxıb. Sizi bilmirəm, indən belə mən padşaha sui-qəsdləri lotuluq növü sayacağam.
Həri, Qarabağ əldən getməsəydi, Azərbaycanda siyasətçi olmayacaqdı. Siyasətimiz torpaq getdikcə rövnəq tapıb. Bir balaca rövnəq kəsirimiz, inşallah, bir balaca torpaq getməsilə hər zaman düzələn şeydir. Görün mən sizə nə deyirəm, yaxşı siyasətçi millət üçün gözəl torpaqdan irəlidir. Ölkəni torpaq yox, siyasətçi tanıdar. İnsanı torpaq yox, siyasətçi dirildər. İndiyəcən Azərbaycan haqqında dünya coğrafiyaçılarından savayı kim nə bilərdi! Qarabağ tərpənməz inventar kimi bir küncdə durmuşdu. Qiyamında Gəncəmiz tanındı, qaçqın prezidentə yiyə duranda – Kələkimiz. İndi dünya Azərbaycan coğrafiyasını beş barmağı kimi bilir.
Ancaq dağ-dərədən ibarət Qarabağ əslində siyasətçilərimizi üzükölgəli də edib: bizdə ikən bilmərrə kölgəsi yoxdu, bizdən gedən kimi üzlərə zil qara kölgəsi düşdü. Onu deyim ki, mən siyasətçinin üzükölgəlisini üzükölgəsizindən üstün tuturam. Üzükölgəli siyasətçidən diktator çıxmaz. İnsanların hürr yaşaması üçün üzükölgəli padşah vacibdən vacibdir. Məmləkətinin ora-burası işğal altında olan padşaha üzükölgəli padşah deyilir. Elə padşah adamı tutdurmaqdan çox, buraxdırar. Üzükölgəli padşah amnistiyabaz olar və tutması tutduqca hüquqa hörmət edər.
Mənim tərs bir rəssam dostum sözgəlişi dediyim “ üzükölgəli padşah” sözümə keçən il götürüb illüstrasiya çəkmişdi: padşah, üzündə də kölgə. Özü də millilik naminə - nar və üzüm kölgələri. Elə bilirdin padşah Gülüstani-İrəm kölgəliyində əyləşib. “Üzükölgəli olmaq, - ona, əzizim, dedim, - üzü kölgəliliklə sinonim deyil. Üzünə kölgə düşən hər insana “üzükölgəli” deməzlər. Yaxud üzükölgəlinin üzündə ola bilər heç kölgə görməyəsən də”. Bu yerdə dostum modernizmdən bixəbərliyimə qah-qah çəkib güləndə, mən də onun dilimiz sarıdan naşılığına şəbədə elədim.
Bunlar heç.
Qardaşlar, mən Azərbaycanda idealizə eləməyə adam tapmadığıma görə nihilist olmuşam. Üstəlik də, romantikliyim çoxdan ötüb keçib. Həri, mənim nihilistliyimin kökləri dərindədir. Hərçənd bütün ömrüm büt yaradıcılığında keçib. Mən özlüyümdə büt ustasıyam, başqa sənətim-zadım yoxdur. Hörməkdə olduğum axırıncı bütün də, iş tamama yetməmiş, saqqalı ağardı. Qara mərmər üçün nəzərdə tutduğum insanın ağ saqqalı hər şeyi korladı. Ah, mən həm də sufi sayılan həmin insanda dünyəvi ehtiraslardan şaşıb qaldım. Sufidə padşahlıq həvəsi anoxranizmdir. Qardaşlar, mən Azərbaycanda sufiliyi də lotuluğun bir növü saymaq ərəfəsindəyəm. Biz ümumbəşəri, dünyəvi dəyərlərin saxtakar icraçılarıyıq. Allahın nə bizdən, nə də padşahımızdan xəbəri var. Biz şeytanın Azərbaycanda gərdişinə göz yummuşuq.
İşim bitdi, rəssam dostum dilimdəki “biz” gəlməsini eşitsə, yəqin bu dəfə gedib eşşəklərə sancılası biz şəkli çəkəcək və buna da modernizm deyəcək. Həri, qardaşlar, Azərbaycanda modernizm də lotuluq növüdür.