Tarix: 23-01-2017 03:55
Baxış sayı: 1473
Mən kurreyi-ərzə qətlgah deyiləm. Qətl özlüyündə romantik həyulalı bir hadisədir. Düzdü, romantikanı qarlar kimi əsasən dağ başlarında görərsən, ancaq ətəklərdə də olmamış deyil. Romantika həm dağ, həm də dağ ətəklərində qətlləri təxmin edir. Qafqaz, ya onsuz tək bir Qafqaz deyil, padşahlar da onunla yadda qalır. Padşahlar törətdikləri qətllərlə unudulmazdır. Hər bir qətl əbədiyyət məramlıdır. Hökmfərmalar qətlsiz unudulardılar. Axı onlar nə və nəçidirlər ki, unudulmayalar da!
Bəşər tarixi qətllər siyahısıdır. Tarix martiroloji nəğmələr subyektidir. Şəxsən mən onu bilməyi və bildiklərimi də unutmağı vacib saymışam. Mən hətta quyruq kimi dalımca sürünən öz tarixçəmi də bir ucdan unuduram. Həyatımı get-gedə dumanlı xatırlayıram. Həm də ta ötüb-keçən, olub-torbası dolan şeyi neynirəm: gözümü qarşıdakı beş-üç ilə dikmişəm. Çifayda, qarşıdakı ömür də tarix şəklində çıxdaş olub gedəsidir.
Tarix ölü zamanın kriminoloji təsvirindən ibarətdir.
Bu ölsün, qarışqa tarixçələri mənim üçün daha maraqlıdır, çünki onlar məzəlidir. Deyirəm, keşkə qarışqa olaydım. İnanmazsınız, mən artıq məzəli olmayan heç bir tarixi hərrəmirəm. Bu səbəbdən hətta məhərrəmliyin əksər günlərini sərməst gəzirəm. Şekspir faciələrində əvvəl əsnəyir, sonra yatıram. Mən bəşər tarixi əvəzinə bizim eradan əvvəldəki və elə bizim era qarışqalarının tarixini öyrənmək fikrinə düşmüşəm. Mənim təzə şakərim xanəmdəki qarışqaların şəcərəsini yapmaqdır. Qarışqa tarixi köləlikdən xali, hərçənd bir az hədər zəhmətlər tarixidir. Di gəl, üzüm ayağınızın altına (salxımıyla), eşşək boyda insanın qarışqa ilə münasibətində əksərən daban işə düşür. Məhz elə buna görə də hərdən az qalıram əlimə keçən hər hansı insanın dabanını dibdən kəsim atam. Qarışqaları yaşatmaq naminə insanların dabanları kəsilməyi layiqdir. Qardaşlar, dünyada bizim kimisi yoxdur: başlarını qopartdığımız qurbanlara qarşı özümüzü heyvan kimi aparırıq. Artıq Binə-Bakı “şunt” yolunu Kərbəla çölünə döndərmişik.
Padşahların mühafizəsi onlardakı qatilliklərdəndi.
Mənim həyatımda qətlə səbəb min cür hadisə olub. Di gəl, heç birini yerinə yetirməmişəm: səbəb-nəticə dialektika qanunu mənim timsalımda işləməyib. Məndəki humanizm dialektikanı istisna edib. Onu desəm olar, deməsəm olmaz ki, humanizm məndə daim biqeyrətlik şəklində üzə çıxıb. Üzümə tüpürüblər – dinməməklə özümü İsa peyğəmbərə oxşatmışam. Dünyadakı yalan-palan hüquq-mühafizə sistemi məndə “matişgə”liyə rəvac verib. Həri, humanizm hər cür məntiqə qarşıdır və onun qafqazcaya tərcüməsi binamusluqdur. Ümumiyyətlə, Qafqaz komedik bir yerdir. Dağın biri üzündə bir xalqdır, digər üzündə digər. Dərədə bir etnos taparsan, zirvədə - başqa. Dərədəki özünü zirvədəkindən heç də aşağı saymaz. Bir xalqın xəncəri digərininkinə bənzəməz. Bir sözlə, dağa humanizm xas deyil, əksinə bu şey ona yaddır.
Mənim intiqama gümanım qollarımdakı “qurbağa”larladır. Həm də mən “qurbağa”larım həddində qeyrətliyəm. Əslinə qalsa, mən “qeyrət”lidən çox başaşağıyam. Ömrüm boyu da başucalığımı başaşağılığımla qazanmışam. Millətim də ancaq başaşağılığa yuxarı qiymət qoyur. Bizdə ağsaqqal yanında dinməməzlik təcrübəsi var – ağsaqqal dəmdəməkidisə də.
Həri, qatillik bəşəriyyətin tanıtım nişanlarından biridir. Ozü də insanlar Habildən sonra qatil olmuşlar. İlk peyğəmbərin nübar övladı əllərini qardaş qanına batırmışdır. Bir növ, peyğəmbər tərbiyəsi uğursuz nəticələnib. Əlbəttə, bəlkə də ona görə ki, Adəm peyğəmbərdə tərbiyə təcrübəsi yoxdu. Tərbiyə üçün hökmən nümunə gərəkdir. Qatilə nifrət tərbiyəsi ilk qətldən əvvəl mümkün deyildi; bu yalnız ondan sonra mümkün oldu. Anti-qətl pedaqogika tarixi Habil-Qabil hadisəsindən bəri hesablanmalıdır. Mən özlüyümdə hər cür tərbiyəni uğursuz təcrübə sayıram. Habil Qabili öldürməklə qətl ənənəsi qoyub getmişdir. Ənənə də güvə kimi tərbiyəni yeyən şeydir. Dünyadakı bütün döyüş və müharibələr əslində Habil-Qabil möhürlüdür. Hər hansı terror hadisəsində də bu mifolojidən bir əlamət taparsan. Ancaq bunlar heç və elə sonra deyəcəklərim də.
Mən bəşər naqisliklərini öz qarabala “yatqaldala” millətimdə görmüşəm. Yayı çəkib, sözü ox kimi onun səmtə uçurmaqdan törənən şeytani mənzərənin də heyranıyam. Öx süzə-süzə nə qədər düz getmiş olsa da, hədəfə çatmayanda, bir balaca ellips cızıb yerə düşür. Yer üzünə sancılan oxlardan meşələr göyərmişdir. Ellips mənim üçün uğursuzluq rəmzidir. Şikarını tapan ox yalnız düz xətlə yadda qalar. Ölümlər düz xətlərin ucundadır. Onu desəm olar, deməsəm olmaz ki, zorlamalar da düz şeylərə hasilə gəlir. Düz xətlər əslində həyat uçurumlarıdır. Mənim üçün düz əyridən həmişə irəlidir. Düz mişar kimi şey olmaqla əyrini asanca kəsir. Qardaşlar, xatirinizdə hökmən düz xətləri saxlayın! Düz xətt düzlükləri, həmçinin yağıya yağ kimi sancılan oxları təxmin edir. Döyüşlərdə aşağı Qafqaz sıralarını ellipslərlə çənbərləməyə nə hacət!
Həri, uçurduğumuz sözlərdən qəzet tirajı dairəsində mütəmadi yaralar törənir. Yaralardan dünyadakı gerçək qanlara paralel butafor qanlar axır. Ancaq sonra hər şey üstümə əxlaq paradoksları tərzində qayıdır. Mən deklarativ əxlaqı əksərən pozğunluqlar əlaməti kimi görmüşəm. Ümumiyyətlə, əxlaq pozğunların ixtirasıdır. Gör ki, imperator Neron da özünü əxlaq mücahidi sayardı, adı “Əliqulu”ya oxşar Kaliqula da.
…Burda hər şeyi xırp kəsirəm. Mən bu sözləri bayramlardan güclə göz açıb yazırdım. Adıbilinməz təzə bir bayram başımın üstünü kəsdirəndə dilimi qarnıma yığdım. Əlbəttə, Habil-Qabil əhvalatının bayram içrə xatırlanması biədəb çıxardı. Tanıyanlar bilir, tanımayanlar bilsin, ədəb mənim həyat imperativimdir.
Müsavat, 22.06.1999
Konspekt