Tarix: 04-08-2016 15:34
Baxış sayı: 1825
Tutaq ki, 37-də Müşfiq kimi,
S. Vurğun və R. Rza da güllələnib, bundan Azərbaycan ədəbiyyatı və Azərbaycan xalqı nə qazanardı ki?
S. Rüstəm ömrü boyu komsomolu və kommunist partiyasını təbliğ edən şerlər yazıb. Onun Cənubla mədəni əlaqələr qurmağa can atmasını danmaq haqsızlıq olardı, hətta bu hisslərində şair səmimi olmasa da, cəsarətli görünür. Mən Səməd Vurğunun kimsənin qətlinə fərman verən bir sənədə imza atması haqqında heç yerdə heç nə oxumamışam. Ancaq Faiq Balabəyli tutulanda onun üzünə "gənc" bir şair durdu və bu şair bu gün də utanıb-qızarmadan redaksiyaları sülənir, bir qarın çörəyə işverənlik edir. 1980-ci illərdə Abbasağa Azərtürk dalbadal iki dəfə həbs olundu və onu həbsdən B. Vahabzadə ilə Anar çıxardı. R. Tağı və S. Sədaqətoğlu həbs ediləndə isə "nüfuzlu" yazıçıları demirəm, heç həmkarlarından dəstək görmədilər. Çoxları ehtiyat edirdilər ki, "Sənət qəzeti"ndə çap edilmiş yazılarına görə onlara söz gələr, ona görə də səslərini içlərinə çəkmişdilər. İndi ki, sovet rejimi mövcud deyil, biz azad, demokratik bir cəmiyyətdə və müstəqil dövlətdə yaşayırıq. Bəs hər gün məhv edilmək təhlükəsi altında yaşayan S. Vurğun kimilərini qınamağa dəyərmi? S. Vurğun xərçəng xəstəliyindən ölüb. R. Tağı bir həkim kimi bilir ki, xərçəng qanda kəskin dəyiliklik baş verəndə yaranır və bunun səbəblərindən biri qorxudur. Ancaq etiraf etmək lazımdır ki, sovet rejimi bütün şair və yazıçıları təbliğatçı qula çevirmişdi, ortalığa azad düşüncə qoymaq həyat üçün təhlükəli idi. Sözümün bu yerində yadıma Türkiyə dissidenti, kommunist əqidəli Nazim Hikmətin ədəbi taleyi düşür. Əqidəsi öz yerində! O, ömrünü Türkiyədən kənarda başa vurmaq zorunda qaldı və Türkiyə onun nəşinə yiyə durmadı. Bəs Səbahəddin Əli necə, o da Türkiyəyə xəyanət etmişdi? "Göylərdə qartal kimiydim, qanadlarımdan vuruldum" deyən şairə "Həbsxana şərqiləri" və "Şüşəli qəsr" kimi əsərlər yazmasını bağışlamadılar və nəticədə Səbahəddin Əli Konyadakı liseylərdən birində dərs dediyi yerdə qətlə yetirildi. Türkiyədə söz adamına olan bu cür münasibətdən sonra kimsənin Nazim Hikməti qınamağa haqqı varmı? Bizdə, Azərbaycanda buna oxşar vəziyyət dünyanın ən nəhəng tiranlarından və diktatorlarından biri Stalinin ölümünədək davam edib. Stalinin şəxsiyyətə pərəstiş dövrünün qorxusu uzun müddət adamların canından çıxmamışdır. Postsovet məkanında hakimiyyət orqanlarına qorxulu bir qurum kimi yanaşılmasına məhz vaxtilə sovet rejiminin yaratdığı psixoloji gərginliyin nəticəsi kimi baxmaq lazımdır və görünür, bu hal hələ bir müddət davam edəcək.
60-cılar ədəbi nəslini icazəli pəhləvanlar sayırıq. Bilirsinizmi,
60-cıların arxasınca kimlər gəlir? Məhv edilmiş Şıxəli Qurbanov,
1970-ci illərin həbsləri, Asif Əfəndiyevin taleyi, 80-ci illərdə Cənub mövzusunun qayçılanması, təfəkkür dərnəklərinin dağıdılması və s. kimi rejimin "mədəni" və
"qeyri-mədəni" tədbirlərini kim xatırlamır? 80-ci illərin sonlarında Bakı Dövlət Universitetində bir qrup müəllimin və tələbənin məhkəmə olayı hansı ağızları mumladı, bilirsinizmi? Əslində, 70-cilər daha cəsarətli idilər. Lakin bu zaman cəmiyyət qırmızı keçici bayraqlarla bəzədilmiş küçələrin eyforiyasını yaşayır və Azərbaycan iri addımlarla irəliləyən bir dövlətin təhdidi altındaydı. Təxminən indiki kimi...
Əsasən analitik hekayələr yazan
R. Tağı söhbət açdığı obyekti hərtərəfli təhlil etməyə cəhd göstərir, əhvalatçılıqdan qaçır, daha çox informativ təsvirə can atır. Onun "maddi dünyanın ən problematik cisimlərindən" olan güzgü haqqında hekayəsi var. On iki ilə yazdığı bu hekayədə əksetmənin mənfi və müsbət çalarları verilir, güzgü gah İblisə, gah da ailələrə xoşbəxtlik gətirən bir anaya bənzədilir, insanlıq onun sayəsində çoxalır, törəyib artır: "İnsan güzgülərdə həmişə gözəlliyə can atır. Yarımçığı bütov, azı çox etmək istəyir. Güzgü də az aşın duzu deyil, bir növ, insanı gözəlliyə təhrik edir. Güzgülər bu mənada dünyanı gözəlləşdirir. Hər halda, məram xoşdur". Yazıçının güzgü hekayəsindən götürdüyüm ifadələri onun öz yaradıcılığına şamil etmək olar. Azərbaycan cəmiyyətinin mövcud durumunu bütün çalarları ilə əks etdirən bu güzgünü sındırmaqla eyiblər aradan qalxmır. Güzgü cəmiyyəti eybəcərlikdən xilas olmağa çağırır. Güzgü deyir, ay saqqalı uşaq, bax, bu sənsən, mənə bax, özünü düzəlt.
Qəhrəman obrazı yaratmaqla qəhrəman olmaq mümkün deyil, qəhrəmanlıq gərək yazıçının canında olsun. Avropa ənənəvi məşhurlara maraq göstərmədi. Avropa
Rafiq Tağını istədi, biz isə onu verə bilmədik, özü həbsxanadaydı, əsərlərinin tərcüməsi isə kimsənin yadına düşmürdü. Əslində, Rafiq Tağı özü yada düşmürdü... Mayakovskiyə heykəl qoyulacağını əminliklə bildirən Sergey Yesenin özünün içkidən başı ayılmayan taleyini onun komfort həyatına dəyişmək istəmirdi. "Ona heykəl qoyacaqlar, mən isə onun şerləri yapışdırılan hasarın dibində gəbərəcəyəm. Amma bununla belə öz taleyimi onunkuna dəyişmərəm". Talelər isə oxşar oldu: Yesenin də, Mayakovski də intihar etdi. Biri hakimiyyətin təbliğatçısı və sevimlisi, digəri isə könül elçisi idi. Birinə aşkar, digərinə ürəklərdə heykəl qoyuldu. Bu gün rafitağılardan fərqli olaraq, dövlətdən aldığı yüksək məvacib və yüksək təqaüdlərlə külfətinin ehtiyacını ödəyənlərin və Rafiq Tağı adını adicə YB sıralarına çox görənlərin ədəbi ömrü artıq tükənməkdədir. Əlli ildən, yüz ildən sonra bəlkə də rafiqtağıkimilərə heykəl qoyulacaq. Mirzə Fətəli, Sabir, Mirzə Cəlil, Müşfiq kimi belələrinin də adını uca tutacağıq. Çünki Şərq öldürüb ucaltmağı sevir. Dirilər haqqında susmaq isə onları öldürmək kimi bir şeydir.
Bilal Alarlı