Rüstəm Behrudi: "Azadlıq, romantizmin süqutu, Şərq və Qərb"

Tarix: 23-10-2015 06:40
Baxış sayı: 2250

Rüstəm Behrudi

 

 

Artıq uzun illər dostluq elədiyim, düşüncəsinə, dünyagörüşünə hörmətlə yanaşdığım, yaradıcılığında da, şəxsi həyatında da səmimiyyətin və düzgünlüyün etalonu saydığım Rafiq Tağının ölümündən 3 il keçir. Çox mübahisələrimiz, anlaşa bilmədiyimiz məqamlar oldu bu uzun illər boyunca. Ancaq bir şeyə sevinirdim ki, Rafiq haqlı, həm də haqsız olduğu anlarda belə səmimi idi. Həbsxanada olduğu vaxtda ona ünvanladığım və özünə göndərdiyim bir məktubu axtarıb tapdım. O mənə nə qədər səmimi idisə, mən də ona qarşı eləcə səmimi idim. Həbsxanadan çıxandan sonra onu öldürdülər. Qatil hələ də tapılmayıb!

 

Sudan çıxmış balıq kimi,

Unutduğun xaliq kimi,

Bir dəli ayrılıq kimi

Adamlar unudur səni.

 

– Keçən il Parisdə kiçik bir restoranda dünyagörüşünə və ziyalılığına hörmət elədiyim xaricdə yaşayan bir azərbaycanlı mühacirdən – özüm içmədiyimdən – hansı içkini içəcəyini soruşdum.

 

– Neftdən başqa hər şey içirəm söylədi. 

 

Təəcübləndiyimi görüb; şair, neft içmək bütün hallarda təhlükəlidi dedi. Azərbaycandan uzaqlarda belə bu cür qorxu hissini yaşayan azərbaycanlının Bakının göbəyində öz düşüncələrini asıq-saçıq söyləməyi məndə təəccüb doğurmuşdu. Təəccübüm əsassız deyilmiş.

 

Qələm dostum Rafiq Tağının həbsi və onun haqqında dahi M.Cəlilin “beşikdə yad millətlərin südünü əmmiş bir para millət qəhrəmanları” adlandırdığı adamların ölüm fitvaları 70-80-ci illərdə kəndimizin son qanuni mollası babam dəyirmançı Həsən kişinin 20-30-cu illərdə ciblərində “Allahsızlıq kitabçası” gəzdirənlərin bu gün alınlarını möhürə vurmaqdan yara eləmiş nəvələrini bic müsəlmanlar adlandırmağını yadıma saldı. Bu gün bəzi müsəlman dindarlarımız Allah evini su yoluna döndərməklə məmləkətdə millətin Allah evində Allahın abırını tökməklə məşğuldular. Bu bir yana dursun, indi də bu hacılar qayıdıb bir qələm əhlindən Allahın peyğəmbərinin müdafiəsi rolunda qəhrəmanlıq göstərmək istəyirlər. Evindən yeddi divar o yana dursun, ac qonşusuna belə əl tutmayanların bir söz adamına hücumu islamın təməl qaydalarına parodiyadır. 

 

Sənin haqlı və ya haqsız olmağın başqa söhbətin mövzusudur. Əsas məsələ, özü də gülməli olan əsas məsələ budur ki, sənə ölüm fitvası verənlər sənin yazını belə oxumayıblar. 

 

Yazını köhnə dostlarım Ş.Çobanoğlunun və X.Kazımlının köməyi ilə tapıb oxudum. Sənə böyük hörmətim olduğu üçün fikirlərimi səninlə bölüşmək zorundayam.

 

 

Əzizim Rafiq!

 

Sahib olduğumuz zaman qədrini bilmədiyimiz ən böyük nəsnə azadlığımızdı məncə. Azadlığın nə qədər möhtəşəm və füsunkar olduğunu anlamısan artıq.

 

Bütün imperiyalar ölən əsgərlərə qoyulmuş qorxunc abidədir. Bütün imperiyalardan məzarlıq qoxusu gəlir. Məncə təkcə xalqların imperiyası olmur, əzizim Rafiq. Dünyagörüşlərin, fikirlərin də imperiyası olur. Sən öz düşüncə sərhədlərini bu imperiya üçün açmamalıydın.

 

Mən sənin yazılarından, hekayələrindən içindəki iman evinin minarələrinin kədərdən boy verdiyini görən və bilən adamam.

 

Bu yer üzü Musanın, Isanın, Məhəmmədin Allaha ad-san bazarından başqa bir şey deyil. Köhnə bazara təzə qiymət qoymağın nəticəsi budu – həbsxana.

 

Bir yerdəyik, bura yerdimi?

Od düşsün buranın üstünə.

Tökəcəm günahsız qanımı,

İncilin, Quranın üstünə.

 

Əzizim Rafiq! Parisdə Notrdam kilsəsinin nəhəng sütunlarını işıqlandıran minlərlə şamın işığında məmləkətdə xalqın, həcdə – Allah evində Allahın abırını tökən bəzi hacıların qıpqırmızı sifətlərini gördüm.

 

 

Avropa İsanın çarmıxını özünə daşıtdıranların törəməsidir.

 

124 min peyğəmbərin hamısının dönə-dönə Allahdan üz döndərən yəhudilərin törəməsi olduğunu bilməmiş deyilsən. Musa, İsa, Məhəmmədin eyni adam olduğunu qəbul eləmək zorundasan. Bircə aralarında zaman fərqi var. Zaman da Allahın ölçüsü olduğundan bizim onun işinə qarışmağa haqqımız yoxdu.

 

Qoy İsa, Musa, Məhəmməd xatirinə Allah qapını açıq eləsin. 

 

I

 

Qorxu pis məsləhətçi və tərbiyəçidir

Əsa Musanın

Çarmıx İsanın

Quran da Məhəmmədin

tənhalığıdır.

 

 

Əzizim Rafiq! Sən Musanın, Isanın Məhəmmədin əslində bir adam olduğunu bilməmiş deyilsən. Və sən onu da bilirsən ki, bu yer üzündə insan tək doğulub, tək yaşayıb, tək də ölüb gedir. Heç kimin heç kimdən xəbəri yoxdu bu yer üzündə. Musa əsasıynan, Isa çarmıxıynan, Məhəmməd Quranıynan təkdi, tənhadı. Musanın əsası Isanın çarmıxı, Isanın çarmıxı Məhəmmədin Quranıdı. Məhəmmədin Quranı da sonda Musanın çarmıxa çevrilmiş əsasıdı.

 

Yaltaqlığın belə hörmətdən salındığı bir məmləkətdə fərqli fikir söyləməyin nə qədər qorxulu olduğunu da sən mütləq bilməliydin. Çünki yaltaqlıq qorxaqlığın, qorxaqlıq əclaflığın əlamətidi. 

 

Və sən onu da bilməliydin ki, yanan cəhənnəmə od vurmaq, dağa daş daşımaq, dənizə su aparmaq qədər dəliliyin əlamətidi.

 

Biz cəhənnəmi yandırmağa can atıb, dağa daş daşıyan, dənizə su aparan adamlarıq. Ancaq dəliliyi boynumuza almağa gücümüz çatmır bizim.

 

Əzizim Rafiq, sənin düşünmək azadlığın var. Lap Nitsşe kimi gündüzlər Allahı söyüb, gecələr qorxudan Allaha sığınıb ona dua oxumağa da haqqın çatır. Ancaq onu da bilməmiş deyilsən ki, istənilən bir adamın azadlığının sərhədləri başqa bir adamın azadlığının sərhədlərində bitir.

 

Əzizim Rafiq! Qərbi Şərqlə üzbəüz qoymaq heç də Isa ilə Məhəmmədi üzbəüz qoymaq deyil.

 

Yox, belə bir qarşılaşdırmanı düzgün hesab edirsənsə, bütün hallarda Qərb Şərqin kölgəsidi.

 

Qalileyi fikrindən döndərmək üçün məhkəmə quranlar masalarının üstündə Isanın Incilini qoymuşdular. Fransanı işğalçılardan qoruyan J.Darkı – kiçik bir qızcığazı atəşdə yandırmaq üçün keşişlər əllərində Isanın Incilini tutmuşdular. 

 

Şərqə “xaç” yürüşləri təşkil eləyən səlibçilər heybələrində “Incil” bayraqlarında Isanın xaçını aparırdılar. Səlib yürüşlərinin rəhbərlərinin Qüdsdə qurduğu təşkilatın yüz illərdir Avropanın başına hansı bəlaları gətirdiyini bilməmiş deyilsən. Inkivizisiya adlı dini məhkəmələrin Gilyotin adında düşüb-qalxan baltalarının səsi hələ də Avropanın qulaqlarından getməyib.

 

Əzizim Rafiq! Deyirsən ki, Şərq insan azadlığını dərk etmədi. Əgər homoseksuallığı, eşcinsəlliyi, qadının qadınla, kişinin kişi ilə ailə qurmasının qanuniləşdirilməsini azadlıq adlandırırsansa, bu, azadlıq azadlıq deyil, əxlaqsızlıqdır. 

 

 

Budurmu Avropanın qaçılmaz tərəqqi faktorları? 

 

 

Cənub-Şərqi Asiyada elmi-texniki sıçrayışların Avropanın törəməsi olmasının Isa ilə bağlılığı bir qədər mübahisəlidir. Çünki orda Isanı heç tanımırlar. 

 

Deyirsən ki, inqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür. Avropa inqilablarının tökdüyü qanlardan Sena çayının illərlə qıpqırmızı axdığından xəbərin varmı?

 

Onu da bilməmiş deyilsən ki, Avropanın mənəvi-etik əxlaqi dəyərləri heç də Isanın Incilindəki əxlaqi dəyərlər deyil.

 

Əzizim Rafiq! Yazının sonunda özün də bilmədən qəribə, doğru bir nəticəyə gəlirsən – “şərq insanının düşüncələri sanki yaşam üçün deyil, bilmək olmur ki, nə üçündür”. Bunu niyə başa düşmədiyini heç cür anlaya bilmirəm. Şərq filosofu yer üzünün görüş yeri olduğunu anlatmağa çalışır..

 

Əzizim Rafiq! Əslində başa düşülməyən anormallıq bütün millətlərin taleyində olub və olacaq. Qanundan kənar izdivacı Valentin adlı bir keşişin adına məhəbbət abidəsi kimi ucaldan Avropanın bütün həyatını islam əleyhinə mübarizə aparan Babəkə məscidlərin yanında heykəl qoyan Şərqdən heç bir fərqi yoxdu. Bu, inəyə müqəddəs baxan hindlinin qayıdıb inəyi minməsinə oxşayır. 

 

Əzizim Rafiq! Avropa və Şərq qarşıdurmasının Isa-Məhəmməd müstəvisindəki izahı heç cür ağlabatan deyil. Çünki xristianlığın özü belə islam kimi Şərqin doğurduğu və yaratdığı dünyagörüş, fəlsəfi-əxlaqi dəyərlər sistemidir.

 

– Isa Allahı sevin, Məhəmməd Allahdan qorxun deyirdi. 

 

Allah sevgisinin riyakarlıq, Allah qorxusunun yeni bir günaha açılan qapı adında fürsət olduğunu düşünürəm mən. Allah sevgisi də Allah qorxusu qədər cəfəngiyyatdır. 

 

Allah qorxuda yox, sevgidə yaşayır məncə.

 

Əzizim Rafiq! Sənin azad düşünmək və danışmaq haqqın bizim Allah sevgisi riyakarlığından başqa bir şey olmayan din tüccarlarının, məmləkətdə millətin Allah evində Allahın abırını tökən bəzi hacıların görüntü yaratmaq sevdasında qurtarır. Sən bilməlisən ki, bir adamın azadlığı başqa bir adamın azadlığına mane olmamalıdı.

 

 

Əzizim Rafiq!

 

Ey daş qoyub məscid quran

Uzaq yoldu Incil, Quran.

Ağac, yarpaq yoldu hər yan

Bəndəylə Tanrı arası.

 

Səni həbsxanaya atmaqla qorxutmaq istəyirlər. Ancaq bilmirlər ki, qorxu pis tərbiyəçi və əyyaş müəllimdir. 

 

 

II

 

 

Romantizmin süqutu

Heç bir şey özü deyil,

Yazı deyil yazı da.

Görüntüdü haqq-nahaq

Bəlkə Allah özü də.

 

Vyetnamda – Sayqon yaxınlığındakı kəndlərdə ölüsünü baxçasında basdıran vyetnamlı ilə, ölməmişdən əvvəl özünə bahalı məzar qazdıran azərbaycanlının, ölüsünü yandırıb külünü Qanqa tökən hindli ilə, ölüsünü qutuda dəfn eləyən fransızın son nəticədə ölüdən hansı yolla olur-olsun qurtarmaq istəyi durmurmu? Min illər boyunca dəyişən üsullar dəyişməyən nəticənin reallığıdı. Hər xalq bu nəticəni istədiyi şəkildə romantikləşdirmək istəyir. Ölüm reallığın romantizmidi.

 

Avropanın “dünya mənim duyğularımda mövcuddur, mən varam dünya var, mən yoxam dünya yoxdu” sayıqlamasına söykənən Hegelin soyuq ağlı, Kantın özündən bədgümanlıq yağan dünyagörüşü, Nitsşenin adama ləzzət eləyən həyasızlığı, uşaq vaxtı anasını yad kişi ilə yataqda tutan Şopenhauerin nifrəti – budu avropa fəlsəfi-dünyagörüşünün iç üzü.

 

Sentimental boşboğazlıqdan doğan Avropa reallığı M.F.Axundovun “məni nə gür istəyirsiniz elə də dəfn eləyin” düşüncəsinə yamaq kimi görsənir. 

 

Avropa romantizmi sentimental boşboğazlıq, Şərq romantizmi “olacaqların olandan daha gözəl” olduğunu açıqlayan dünyagörüşüdür.

 

Avropa romantizmindəki sevgi bahalı yataq dəstinə, Şərq romantizmindəki sevgi ölümə oxşayır. Iki romantik sevginin son mahiyyəti ölüm yatağıdı.

 

XX əsrin sonu romantizmin süqutunun başlanğıcıdı. 60-cı illərin ədəbi mənzərəsinə nəzər salsaq bunu aydın görmək olar.

 

60-cı illər ədəbiyyatı nə qədər realist görünsə də “olmayan olandan daha gözəldi” düşüncəsinə söykənir. Üstündən az bir müddət, 40-50 il keçməsinə baxmayaraq o günün romantik qəhrəmanları bü günün reallığına çevrilib. 

 

Elə bu səbəbdəndir ki, 60-cılar öz ədəbi qəhrəmanlarına oxşamaq istəmədilər. Bu gün Əkrəm öz Qədirinə, Anar Zauruna, Elçin Mahmuduna, Sabir Rüstəmxanlı içindəki dərd ağacına, Ramiz “Yaz gecəsindəki həsrətinə”, Vaqif yeddi çəpər o tərəfdə oynayan uşağa çevrilmək istəmir.

 

Bu, realizmin qələbəsi, romantizmin süqutudu. Azərbaycan ədəbi gəncliyinin işaran, közərən romantik duyğuları da romantizmi xilas eləmək gücündə deyil.

 

Əzizim Rafiq! Hər yerdə reallıq gücə və zora söykənib. Avropada reallıq gücə, Şərqdə zora təslim olub.

 

Fərq bilirsənmi nədədi, Rafiq? Nitsşe Avropanın göbəyində Allahı söyüb azadlıqda dolaşırdı, sənsə onun peyğəmbərinə sataşıb həbsxanada oturmusan.

 

Nitsşe Allah ölüb söyləyərək sonradan bağışlanması üçün o “ölüyə” dua oxuyurdu. Bəs sən nə düşünürsən, Rafiq?!

 

Səni azadlıqda görmək arzusu ilə, qələm dostun R.Behrudi.

 

P.S. Məhəmməd peyğəmbər haqqında dediklərini təqdir etmirəm. Çünki Məhəmməd elə Isa, Isa elə Məhəmməddi.

 

P.P.S.

 

Mən də çox şeylər bilirəm

Ancaq sirrini açmadan allahın

Yaşayıram bildiklərimi 

unuda-unuda.

Bilirəm Allahın düşməni

İblisin gizlində

Allahın dostu olduğunu da.

 

                                                                                          07.08.2015

                                                                                                                   Yazının LİNKİ

Digər xəbərlər

Qatilə didaktika dərsləri

Rafiq Tağı məsələsinin İranda müzakirəsi

Elnarə Akimova: "Rafiq Tağı haqqında elegiya"

"ELƏ YAZIÇILAR VAR Kİ, ZİYALI YOX, "PADŞAH ZURNAÇILARI"DIR"

Müharibədə Şopen prelüdləri

Şərhlər