Nəbinin hekayəti

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 1903

Yox, Nəbinin qəlbi daşa dönüb. Teleqramın da nə cür nəhsini uçurdursan, kimi "ölüb" yazırsan, xeyri yoxdur. Öldür - oğul kimi gəlmərəm deyir. Hətta "eviniz yanıb" yazdılar, yenə gəlmədi. Onda camaat dik gəzən çağlarında Rusyətdə fırlanıb, xərifləyəndə buxara papaq qoymaqla "həqiqi" ağsaqqallığa çatanlara ağız açası oldu: neyləməli. Məsləhət bu oldu ki, indi də aksenti "sel"ə vursunlar. "Azərbaycanlı təfəkküründə selin effekti yanğından daha güclüdür", - onlardan biri hətta belə müdrik söz də işlətdi. Neynək, "sel"ə də əl atarıq. Atdılar da. İncəvara, yağışlı bir gündü, üstəlik, Azərbaycanın bir-iki rayonunu doğrudan-doğruya sel basmışdı. Teleqram yerinə-məqamına düşdü. "Evinizi sel basıb TÇG durma gəl TÇG". Bax, ta əlacı yoxdu, bu dəfə qaça-qaça gələcək. Ağzı nədi gəlməsin! Bircə oturub bu gəlişin vaxtını-vədəsini hesablamaq qaldı. Nəbi işdən icazə alası, tutaq pulu yoxdur- pul tapası, üstəgəl, eşşək arabası qatarlara itiriləsi vaxt - güman, dörd-beş gün çəkər; elə günün iki-üçünü də onun qara qaşına, qara gözünə bağışladılar. Ancaq ən çoxu yeddi günə gəlib çıxası Nəbini ən azı yeddi həftə gözlədilər. Çaqqal Allah rizasına bir siqnal da göndərmədi - teleqrama teleqramlasa hay vermədi. Arada dağ silqətli kişilərin məsləhəti lax çıxdı. Onda Həccə getmişin biri Qırat əvəzi cin atına minmədi bə. Ağsaqqala məxsus qəddarlıqla da:

- Bunda qan yoxdu! - qışqırdı. - Bu heç azərbaycanlı deyil! Kişi deyil bu! Qoy rədd olsun!

- Onsuz rədd olub da-a. Rədd olmağın Donetskdən uzağı da var?

- Niyə yoxdur? Donetsk nədi ki! Mən bircə şeyə məəttələm: nə onun quyruğundan yapışıbsınız?!

***

Hacımuradlı tayfası yaslarını rövnəqləndirən yeganə şey Nəbinin uzaq Donetskdən, Həbibinsə uzaq Marıdan təşrif gətirmələri idi. İki qardaşın - adları da qafiyə - görüşü üç-beş ildən, bir, o da yalnız hüzürlərdə baş tuturdu. Hər bir hüzür qardaşlar üçün toy-bayram idi. Orda elgözünə ağlamsınıb burunlarını çəksələr, uzaqbaşı ağlamış olsalar da, evə çatar-çatmaz qoparağı götürərdilər. Onların rəftarı eynən uşaqlıqdakı kimi qalmışdı: əllə zarafatlaşır, itələşir, dürtmələşir, şillə-yumruqlaşır, hətta bir-birinə təpik atırdılar. Əlbəttə, bu zaman yaşlaşdıqlarını artıq hər ikisi nəzərə alırdı. 

Sınıqqalada Hacımuradlılardan fərqli elə tayfalar var, uzaq yerdə istinad eləməyə, adınısa çəkməyə bircə dılğırları yoxdur. Araya çıxmağa adam yetişdirməmiş tayfanın da el içində nə hörməti olacaq. Həmin tayfa öz oğlanlarına qızı da ölüm-zülüm tapır. Hacımuradlılarınsa uzaq yerdən gələni bir də yox, deyildiyi kimi, iki idi. Allah ikisinin də canını salamat eləsin! Onların sayəsində havayı hörmətdi də-ə - şollar suyu kimi axıb gedirdi. 

Ancaq kiçik qardaş yeddi il qabaq düz otuz il əvvəl baş götürüb getdiyi Marıdaca canını tapşırdı. Bununla da Hacımuradlıların hüzürə gələni yarıbayarı azaldı. Elə san onlar hörmətdən də yarı düşdülər. İşə bax, Həbibin bu dünyada olmadığı yeddi ili bir həftə kimi tez ötdü. Yası da hələ adamların xatirindəydi; həmişə orda-burda olduğundan, camaat onun yalnız hüzürünü xatırlaya bilir. Hüzürü Həbibin əsas xatirəsi idi. İşlədiyi qaldırıcı kranın bir illik qazancı cənazəsinin kəndə çatdırılmasını güclə gördü. Amma rəhmətlik yaman hüzürcanlı idi; bunu hamı deyir. O dünyanın ən hörmətli işini yasa gəlməkdə görərdi: yasa gələn gəlməyəndən insan adamdır. Namxuda, buna görə də öz yası gur keçdi. Hamı bilirdi ki, kim əvvəl ölərdisə, Həbib onun yasına özünü qaçatbasdı yetirər, "təcili yardım" kimi çatdırardı. Elə oğuldu Həbib! İndi də hamı onun hüzürünə "təcili" axışmışdı.

Məclis ahəstə...-oturanlar qəmgin olmaq əvəzinə fərəhli idilər. Beş sözdən də dördü rəhmətdi. O cür peyğəmbər insanın hüzüründə olmamaq ayıb sayılacaqdı - Allaha çox şükür, bu ayıb onlardan da yan keçmişdi. Mağarda hərənin qabağında bir stəkan pürrəngi çay - ərəb-farsca dediklərini kəsdirmədikləri mollaya qulaq kəsilmişdilər.

Həbib torpağa tapşırılanda Nəbi də qəbristanlıqda özünə yer bələdlədi. Əlbəttə, qardaşın sağı artıq "zanit"di, inşallah - solunda! Ağsaqqallardan xahiş edər, rus qaydasınca olacaqsa da, bu yeri ona saxlayarlar. Onsuz gec-tez öləsidir - yer boş qalmayacaq ki. Ölməyə başqa qardaşı-zadı yox, qalan ömür də az, tezliklə yer hökmən ona çatacaq. Bir tək bacı qalır ki, o da harda gəldi basdırıla bilər. Hətta yad kişilər arasında. Onsuz torpaq üzdə rübənd kimi bir şeydir. Həm də dünyada bacı üçün əsas şey qardaşdır və məclisin yuxarı başına bənzəyən yaxşı yerdə də elə qardaş basdırılmalıdır. Əlbəttə, yer bələdləyib, camaata burda basdırılmağa kişi kimi söz verib, gərəkdi hökmən gələ. Yoxsa sonra goruna söyərdilər. Di gəl meyidinin Donetskdən gətiriləcəyindən nagümandı. İndidən orda adam tapıb tapşırsa, pul qoymuş olsa da, lotular yenə gətirməyəcəkdilər. İnsan çiy süd əmib. İndi dipdiri adamı barmağa dolayır, soyurlar, onda qalmış ölü ola. Əlac ölümünün vaxtını dəqiqləşdirib təyyarə ilə, ya ekspress qatarla geri qayıtmağa idi. Bunun üçün ora qeydiyyatından çıxmaq da vacib deyil. 

İnsafən, məclisin şirin yerində qardaşdan yana Nəbinin gözləri dolmuşdu: hər gözündə də göz boyda göz yaşı. Elə bil kişilər arasında durbinlə oturmuşdu. Heyhat, ölərsə, yəqin elə orada da qal oğlu qaldır. Onu Donetsk soxulcanları yeyəcək. Barı vətən soxulcanlarınasa qismət ola. Əlbəttə, qardaşdan əvvəl ölməyin hüsnü özgə imiş -  bu sarıdan Həbibin bəxti yaman gətirmişdi. Qardaşdan sonra ölmək gümanı təkcə onun kimi bəxtsizlərin alnına yazılır.

***

Nəbi kəndə həmişə Nikolaydan qalma dama-dama boz kostyumda gələrdi. Özü qocalır, kim demiş, canı köhnəlirdisə də, kostyumu ölü malı kimi təzə qalırdı. Yəqin ildə uzaq başı bir-iki yol geyə, ya geyməyə. Nəbidə ölülük əlamətləri güclü idi. Çallaşdıqca da saçı kostyumunun bozuna düşürdü. Bacısıgilə hər dəfə bir çamadan pay-puşla gəlir; gəlmədiyi üç-beş ildə də hədiyyəlik şey-şüy almaqla məşğul olur. Hər məzuniyyətini kənddə keçirməyəcək ki. Donetsk dəbləri onun da qanına işləyib: hökmən bir il sanatoriya-kurortda olmalı, başqa il turist səfərlərinə çıxmalıdır. Orda bu cür insana həm də "mədəni" deyilir. Hə, Sınıqqalaya növbə yalnız onlardan sonra çatırdı. Hərçənd əslində o, Sınıqqalanı da özünə kurort sayır: cənub kurortu. Həmişə də gələndə  yaxınlıqdakı dağa baş çəkir, orda bir-iki qurtum bulaq suyu içir ki, təsəvvürü reallaşsın. 

...Məzuniyyətlərini heç vaxt hüzürlərlə uzlaşdırmaz; yeganə dikbaşlığı bu idi. Məzuniyyəti dəmir kimi həmişə avqustda olmalıdır, di vəssalam. Olur da. Öz hüzüründə onun iştirakını arzulayanlar buyurub avqustda - o, səfərini Sınıqqalaya planlaşdıranda ölə bilər. Azərbaycandakı məzuniyyəti yaslara düşdümü - sevincindən az qala uça; çünki onda bir gülləyə iki dovşan vurmuş olur. Həm el gözünə görünür, bu minvalla yaddan çıxmır, həm də ölənin qohumları ondan razı qalır. Üstəlik, hüzür məclisləri onun üçün güllü-naxışlı xalça kimi bir şeydi: gələn-gələndə, gedən-gedəndə molla əmi məclisi elə yuvarlaqlaşdırır, söhbəti vəziyyətə elə uzlaşdırır ki, tamam mat qalırsan. Vallah, əntiqə işdir. Kəlməbaşı səslənən fatihələr də səhərdən axşama məclisdə qotazlanır. Xoxollarda belə şey nə gəzir! Onlarınkı hüzürdə bir balaca gillədib ulaşmaqdı. Hətta bəzən yasın yas olduğunu unudub şən hava oxuyurlar. Ölüsü xoxola ucuz başa gəlir. Ancaq insafən onlar təbiətin ölmək kimi qanuni işinə burdakılar kimi süni fəlsəfə qatmırlar da.

İndi gəlməsin, Həbib el yaslarının hamısına gələr, onların bircəciyini buraxmazdı. Ancaq gec-gec olsa da, "fundamental" gələn böyük qardaşdan fərqli - əliboş, atdana-atdana. Bir də görərdin, budey, Həbib qəfil teatr personajı kimi həyətdə peyda oldu. Gətirdiyi də nə - çiyinlərindən sallanan iki boş qolu. Di gəl, Nəbi ayrı aləmdi. Düzdü, buna da deyirdilər ki,  Donetskdəki qardaşın indiyəcən hədiyyələrə səpələdiyindən çox Həbib bir tək yola dağıdıb. ...Nəbinin bacıuşaqlarına aldığı əsasən "tryapka"dan ibarət olur; iki-üç ildən bir də hər uşağa iki-üç "razmer"böyüyünü götürür. Sınıqqalada Ukrayna paltarlarını xoşlayırdılar. Nədənsə, sadə xalqların paltarları yapışıqlı olur.  Üç-dörd ildən bir də iki qardaşın görüşünü göz gərəkdi görə: "ay qardaş, can qardaş", "ay nə var, ay nə yox", - düzü, əvvəl danışmağa əsaslı bir söz tapmazdılar. Ağızlarının kilidi sonradan açılırdı. Donetsk-Marı söhbətləri bacı süfrəsinin bəzəyi idi. Ölkə birdisə də, bunlarda bir cür olan iş, sən demə, onlarda bambaşqa cür olurmuş. Arada bacı onları  danlayıb-dansıyır - "bəsdirin, ta uzaq yerin daşını atıb qayıdın". Onda bir də görürdün gah bunun, gah onun gözləri yol çəkdi. Söz yox, vətən vətəndi, amma hara gəlsinlər və necə. Artıq geriyə yol yoxdu. Hər şey gecdi. 

Nəbi Həbibin balalarına da əmipayını unutmazdı. "Bu nədi, dövlətli çıxıbsan?" - Həbib düznəqulu narazılıq bildirərdi. Həm də elə bil hədiyyəni qardaşdan yox, yaddan alırdı: utana-utana, sıxıla-sıxıla. "Hər halda, şaxtaçı krançıdan yaxşı qazanar", - bu da Nəbinin cavabı. "Mən heç nə bilmirəm, gələn dəfə boş gəlirsən". "Gələn dəfəyə hələ bir gələn dəfə qalır, qoy bir ona salamat çıxaq". Sonra Həbib özünün boş gəlməyini Nəbiyə nümunə göstərir. Hardasan-burdasan, gələn dəfə bu nadürüst bir az da üstünə qoyur; "əmipayı" barəsində yaman tərsdi. "Pay" beyninə bərk girib. "Mənimkilər bandit şeydilər, sən hələ onlara pay da göndərəcəksən? Onda Marıdakı qaraca əmiqızılarına ayda-ildə yolladıqları quruca salamlarına görə utanıb yerə girməzlər bəyəm?" elə özü də özünə cavab verir - "əlbəttə, yox, eşşək şeydirlər". Yox, balam, Nəbi oğlanlarından incikdi: bunu hiss eləməyən eləməsin. Ay Nəbi, Nəbi, sənin oyunun olsun... Həm də başladımı - xır-xır divar radiosu kimi gün uzunu danışacaq. "Mən böyük qardaşam", - bu cür deyə-deyə hədiyyə sarıdan həm bacı, həm də qardaşın ixtiyarını əllərindən almışdı. Bu ixtiyar tək bir ona şamildi. Nəbi bu iki nəfərin başı üstündə bir növ ağa idi.

Deyir, böyük axmaq olar, kiçik çaxmaq: maşallah, Həbib dal günə bir şey atıbmış. Elə bu səbəbdəndir ki, vətənindəcə beş qarış yerə sahib dura bildi, buna hünəri çatdı. Böyük isə əlinin rəncini onun-bunun əyin-başına korladı; hamı da geyib-köhnəldib atdı. Məhz ona görə də yəqin Donetsk xoxolları ilə bir cərgədə yatmağa məhkumdu: başdaşlarındakı göygöz, sarıbaş şəkillər arasında bir qaraqaş-qaragözlüsü peyda olacaq. Özü də kiçik qardaş gedəndən sonra onun öz ölümü də ona lap yaxında görsənirdi. Deyəsən, ölüm real şeydi. Bəlkə özü əvvəl ölmüş olsaydı, Həbib çaparaq gəlib nəşini Ukraynadan sürüyüb gətirərdi. İndi aman-zaman bir bacısı qalırdı ki, o da Allah göstərməsin, sanki əlsiz-ayaqsızdı. Tək buraxasan, beş addımlıqdakı, bir-birinə perpendikulyar vur-tut ikicə iri küçəsi olan rus qəsəbəsində azıb qalar.

Hə, qarnındakı cüzi sancı da onun gözləri önünə komputer düyməsi kimi ölü mənzərəsi çıxarır. Pa atonnan!...

***

Nəbi Tamaradan xoşluqla ayrılmışdı. Evdən biryolluq çıxanda hətta qucaqlaşıb-öpüşübmüşlər də. Hərçənd, yarıquru-yarıyaş dodaqlarla icra olunan bu öpüşlər artıq dadsız-tamsızdırlar. Lakin təzə məskənini köhnə arvada bildirmişdi də: toylarınkı başına dəysin, barı hüzür teleqramlarınısa ona çatdırsın. Məzuniyyət vaxtı hamıya baş çəkər. Hər halda, indidən kimin öldüyünü bilmək pis olmazdı; həm də axı bunun nə ziyanı. Haqqüçünə, Tamara hər şeydə keçi kimi tərsdisə də, bu işdə keçmiş ərin dediklərinə qol qoydu: xoş günlərdə-xoş saatlarda. Sınıqqalada hörmətlərini, bol-bol süfrələrini gördüyü, ancaq indi get-gedə ölməkdə olan insanlara (elə bil orda həyat silinib getmək üzərə idi), hüzürlərinə getməsə də, yaxşılıq mənasında barı ölüm xəbərlərini Nəbiyə çatdırmağı özünə borc bilirdi. Nəbi də il boyu teleqramları üst-üstə qoyur: bir ilin mabədində həmin hüzür yerlərinə gedə bilər. Nəbi başsağlıqlarını saxlayır məzuniyyətinə. Sınıqqala yasları onun üçün xoş bir gəzinti idi. Son illər hüzür teleqramları Tamara Vasilyevnanı Nəbiyə təzədən isnişdirirdi. Hərdən lap gənclikdəkinə oxşar duyğular onu çuğlayır. Bu duyğuların keçmiş adı "sevgi" idi.

***

Mən daim adını eşidib, sorağını aldığım Nəbini, nəhayət, ilk dəfə qardaşının yasında görürdüm. Xoş təsadüf nəticəsində qardaş ölümü məzuniyyəti ilə üst-üstə düşmüşdü. Dəfndə söhbətimiz tutdu: bir söz ordan, bir söz burdan, axır gəlib çıxdıq ev-eşik üstünə. Özü də elə bil o, yad bir eldə, məsələn, Donetsk hüzüründə idi: gah ortaya keçir, gah arxaya qalırdı. Bay, bu lap əng imiş: bir də gördüm çənəsinin altındayam. "Evinizin təmiri necədir?" Nə? Təmir? Bu nə sualdı? "Nə cür olacaq - bərbad", -dedim. Ancaq madam söhbət düşüb, hərlədib-fırladıb əsas onu Bakı  tualetimizin üstünə gətirdim. Ölən bilmərrə yaddan çıxmışdı. Həm də ölüb də-ə, ölünü təzədən dirildəsi deyildik ki. Ayaqlarımız öz-özünə qəbiristanlıq səmtə gedirdi. "Bizim tualeti düzəldən hələ anadan olmayıb". "Sən onu dadaşına həvalə elə, qalan şeylə işin yoxdu". Nəbi cuşa gəlmişdi. Ədə, bu, təmirin ölüsü imiş! Ay qardaşı rəhmət, bə durubsan, düzəltsənə! Kor nə istər, özün bilirsən!

Belə baxanda, bu ilhamlı-həvəsli santexnika işi Nəbinin bütün fikri-zikrini dağıtmalı idi. Mənim tualetimə dair planlar onun qardaş hüzürünə dair işlərindən maraqlı çıxmışdı. Həbibin mafəsi qəbiristanlığa girənə, molla əhli-qüruba salam verib fatihə zikr eləyənəcən biz söhbəti tamamladıq. Amma tualet bizim qohumluğumuzu həqiqətən bir az şirin elədi. 

Yeddiyəcən onunla hər gün ya görüşər, ya da xəbərləşərdik. Sanki bir-birimizə yalançı çıxacağımızdan ehtiyatlanırdıq. Əsas da bir-birimizin yadından çıxa bilərdik. Ancaq axır ki, ortaq məxrəcə gəldik. İnşallah, bazar axşamı qatarla çıxırıq! Hə, dediyimiz vaxtda cinayət planı quranlar sayaq xəlvətcə qatar ayağında görüşdük. Yalançı çıxmadığımıza görə də mənim ona, onun mənə etibar-inamı, hörmət-ehtiramı birə-beş artdı.

Taqqataq-taqqataq, bumbuz vaqonlarda o dünyanı görə-görə sübhün qulağı-burnu şüşə kimi kəsən şaxtasında şəhərə yetişdik. Vağzaldan bizə piyada gedənəcən də barmaqlarımız az qaldı sırsıra bağlasın. "Bakı Donetskdən soyuq olurmuş", - Nəbi yadellilər kimi fikir yürütdü. - Mən elə bilirdim, Bakı isti yerdir. Mənzilə ayaq basan saat da cəld tualetə buruldu, deyirdin qarnı gedir.

- Hə, gəl görək bunun harasıdı? Ey-y, hardasan?

- Gəll-dim! - çamadanla papağı çarpayının üstünə helləyib ona sarı yüyürdüm. - Heç başım çıxır ki? Hər yeri çürüyüb.

"Axmaq adam, çürüyüb, sökdür, tulla da-a", - onu qabaqlayıb özüm-özümə cavab verdim. 

- Necə "hər yeri?" - Nəbi qaşlarını çatıb artıq usta tonunda soruşdu. Deməyə utanır, yəqin Donetskdə həm də usta işləyirdi. Bay o mənim "çürümüş" bildiyim dəmir-dümürün hamısını təriflədi, əlbəttə, boynuma alıram, bu məni sevindirdi. 

- Bizi boğaza yığan əsas şey bunun su işidi. "Bak"ı heç nə saxlamır.

Amma kənddə dediyim bir Quranlıq söz onun fikrindən yerli-dibli çıxmışdı. Yasda çox sözümə yalandan "hə" deyirmiş. Onun qanacaq göstərib "hə-hə" deməsini mən ölən qardaşına etinasızlıq kimi başa düşmüşdüm. Sən demə, Nəbi sən deyən də yüngül deyilmiş. Çox sözümü "yaddan çıxarması" mənim ona məhəbbətimi daha da artırdı. O təzədən verdiyi suallarla mənim gözümdə bir daha ucaldı. Amma dar-bürüm yerdə əyilə-düzələ yaman çox danqa-dunq saldı. Köynəyinin dalı-böyrü də şalvardan çıxmışdı. Əyiləndə bel fəqərələri muncuq kimi sananırdılar. Hə, çəkici götürdü, kəlbətini qoydu. Buna əl atdı, ona əl atdı. Yubandığını gördükcə də çaşır, məsələn, mismarı götürür, ancaq onu neyləyəcəyini unudub yerə atırdı. Bizim tualet insanı dəli edəndi. Axır daldalı içəridən çıxıb dəhlizdə qəddini düzəldəsi oldu:

- Ay belim!...Yox, qardaş, heç nə çıxmır, -dedi. -Çıxmaz da. Boltları sınıb, rezbələri ölüb - tamam ha!

- Bə mən sənə nə deyirdim. Ancaq təzəsini də almayacağam. Dövlətin acığına!

- O kimdi elə?

- Hər halda, adam deyil. Dövlət, yəni hökumət.

- Əlbəttə, heç nə alma. Gələn iləcən dözsəydiniz, hər şeyi ordan özüm gətirərdim.

- Baxarıq, yazışarıq, - qudurasan qurbağa - burda mən ona bir az minnət qoydum. Belə çıxır, ömrün qıpqızıl bir ilini bu avara tualetlə yelə verməli idim: gündəlik də işlənən şey ola.

Nəbi ayaq üstündəcə bir qismət çörək kəsib, bir qurtum da soyumuş çaydan qurtuldadıb özünü Kiyev qatarına ölüm-zülüm çatdırdı. Mən də uşaq kimi düşmüşdüm dalına. Hə, tamburda artıq şax dayanmışdı.

- Sən o şey barəsində darıxmayasan ha!

- Yox, darıxacağam!

- İnşallah, gələn il üçün dəf kimi bir tualet məndən!

Nəbi qatar gözdən itənəcən, sanki günahını yumaq üçün vaqona keçmək istəmədi.

***

Ancaq Nəbi yalançı-gopçu çıxdı, yəni aradan beş il ötüb keçdisə də, ondan bir soraq çıxmadı. O, gözümdəki ucalıqdan çoxdan tirşap yerə gəlmişdi. ...Nə də yanından bir gələni olurdu. Artıq yaslarda təəccüblənirdilər də: bu "xoxol"u xoxan apardı, ya nədi. Bir az da inciyirdilər: ondan pul-para tələb olunmur ki-qeyrəti olsun, yaslara gəlsin, di vəssalam. Camaat qiymət qoyub, başa qaxmırlar - qardaşını (əlbəttə, Allah ona rəhmət eləsin) hörmət-izzətlə, təntənə ilə basdırıb-bəyəm günah iş tutublar? Hələ özünə də yer ayırıblar: barı gəlib doğmaca yerinə sahib dursun, hərdən ot-alafdan təmizləsin. Özü də çaşıb orda başqasını basdıra bilərdilər. Özgə nə istəyir? Ya subaydısa, yenə gəlsin, o işinə də əncam çəkərik. Axı kiçik qardaşı ölən böyük namərd bəyəm boş başına vurmaz ki, gec-tez növbə ona da çatacaq? Bəlkə hələ növbəsi keçib də - yaşamağı artıqdır. Di gəl bircə nəfərin Donetskə zəng çalıb onun öldü-qaldısını öyrənmək xəyalına gəlmirdi də. Bacı da ölü kimi bir şey - yalnız qardaşdan soraq gəlməsinə öyrəşib. Adəti üzrə oturub gözləyir; xəbərləşmək ağlına gəlməz.Lap ömrü boyu gözləyər. Donetsk onun üçün gedər-gəlməz bir yerdi. Həm də madam haçansa atıb gedibsə, buraları yad etmək də onun borcu idi.

Bu beş ildə bir yol da yasa gəlməməsi onun ölməsi əlaməti olmaya...Axı ölməyibsə, bu müddətdə insanın bir səsi çıxmazdımı? Bunu kimə pıçıldadımsa, ağzımdan vurdu, "elə şeyi dilinə də gətirmə", dedi. " Ölüb" deyərsən; dedilər, birdən diri olar, yaxşı düşməz. Həm də guya Ukrayna şən yerdir, orda insan hələm-hələm ölmür. Nəbi hələ indi arvad alıb - arvad boşayır. Çernobıl da onlara cənnəti bu dünyada tanımağa sövq edib. Xeyr, Nəbi ölməyib. Bu nəzəri Çernobıl fikrinə əsaslansaq, Nəbi bəlkə də artıq əbədiyyətə təsbit olunmuşdu. Həbibə baxma - Türkmənistanda bizdəkilər kimi tez ölürlər. Həm suları metal dadı  verir, həm də orda bir insanın çəkdiyi dərdləri heç beş-on dəvə də çəkməz.

Bir gün Sınıqqalaya teleqram gəldi - "Arvadım öldü TÇG Nəbi TÇG". Nəbi özü ölməyib, ura! Özü də "arvadım" yazmaqda Tamaraya təzədən evlənibmiş. Amma evlənmələri yaxşı olub; Tamara dünyadan konfliktsiz köçüb. Axır ki, sən demə. Nəbi bu beş ildə evlənməklə məşğul olub və indi arvadının ölümünü eşidən qohum-əqrəba bir-birinə gözaydınlığı verirdi: nə yaxşı, Allaha şükür. Nəbi ölməyib. Rusyətdi, Donetsk özüdü - buralarda əlli il bir yastığa baş qoymuş olsan da, arvad müvəqqəti şeydi. Ölüb - cəhənnəmə ki! Bu şadyanalığın üstündən kimdi durub yasa gedən!

Ancaq həm də ürəyimə dammışdı: deyəsən, bu beş ilin əsas baiskarı mən özüm idim. Təzəcə isnişdiyim qohum haqqında xatirə tualetdən ibarət ola - kimdi bir də bura ayaq qoyan. Beş ilin üstündən bir beşi də ötə, yenə gələn deyil. Mənim tualetim Azərbaycana nöqtə qoymuşdu. Mən deyirəm, tualet düzəlmiş olsaydı, Nəbi bəlkə həvəslənib gələrdi də. Onun qabağını kəsən şeyin sirri bir tək mənə əyandı. Bəlkə bunu heç onun özü də əməlli dərk eləməyib. Üstəlik, Sınıqqalaya vurduğu teleqram da yəqin bir sınaqdı: bu lotular bir yol hökmən yoxlanmalı idilər. Yasına gəlməsələr, yaslarına getməyəcəkdi. Artıq onun məntiqi yaş həddinə uyğun idi. Daha onun yaslara gəlməməyə haqqı vardı; arvadının "yas"ını kart kimi ortaya atmışdı. Artıq Azərbaycan onun üçün izafi xərcə çevrilmişdi. Üstəlik, yamyaşıl kurortları qoyub yasa niyə gəlir, dəlidir?

Elə bacının da dalağı sancmışdı: deyəsən, itkin qardaş bir daha qayıtmayacaq. Hərçənd qayıtmağı da onun üçün böyük dərdə çevrilməyəcəkdi: onsuz hamı onun varlığına yox, yoxluğuna vərdiş eləyib. Bacı hələ sappasağ ola-ola bəri başdan Həbibin sol böyründə (sağı tutulmuşdu) basdırılmasını vəsiyyət etdi. Vəsiyyətdi də-ə, nə ziyanı, indidən elə, arxayın ol. Bay, sabahısı arvad qıçlarını uzatmadı bə. Əcəl vəsiyyəti bəhanə edib onun başının üstünü alıcı quş kimi kəsdirdi. Camaat bu qənaətə gəldi ki, vəsiyyət pis şeydi. Onun da düşər-düşməzi olurmuş. Ancaq başqası yox, Nəbinin yerini özü tutacağına görə də ölərkən bacı yaman sevinirmiş. "Barı qoy bizim ocaqdan bircə nəfər sağ qalsın", - onun qardaş haqqında son fikri bu olub. Ölüm ayağında deyilmiş həmin sözləri onun dilindən güclə eşidiblər. Həmişə elədir, ölənin fikirləri dirilərə təkdənbir çatır.

 

                                                            7.12.1996 - 22.11.1997

 

                                                              "525-ci qəzet" , 10 fevral 1998-ci il. 

 

Digər xəbərlər

Həmid Herisçi - bizdə postmodernizmin sahibi

Millətin qaçqına çevrilməsi halı

“Moskva dəftəri”

Qaraçuxa

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

Şərhlər