Eklektik fikirlər

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 1953

 

        Rafiq Tağı anadan olduğu və  öləcəyi illəri maraqsız bildiyi üçün demədi. Müxtəlif zamanlarda dünyaya hekayət yazmağa gələn həkimlərdəndir. Klassiklərdən çoxunun öldüyü yaşı keçib. Ruh şəklində dolaşan saysız nəsr kitablarından cəmi ikisi çıxıb. Gördüyü işlərin onda doqquzunun izsiz-tozsuz itəcəyinə əmindir.


***

  Rafiq Tağı


        Bəşər təfəkkürü eklektikdir- eyni vaxtda həm ölüm, həm dirim, yaşatmaq  və öldürmək, “hərb və sülh” işlərilə məşğul olur.


***

        ...Manqurtluq keçmişi qoyub gələcəyə can atmaqda yox, gələcəyi qoyub keçmişə can atmaqdadır. Gələcək heç də keçmişin üzərində qurulmur. Yalnız keçmişin üzərində qurulmayan gələcək həmişə təzə olur. Onsuz da keçmişdən götürülən dərs dayanıqsızdır; hər şey həmişə təkrarlanır. Elə olmasaydı, bəşəriyyət çoxdan tərəqqiyə çatmışdı; ən azı müharibələr aradan götürülərdi. Tarix sanki bəşərin ixtiyarındakı onsuz da cüzi vaxtın öldürülməsi üçün uydurulub. Ona patoloji yüksək həvəs insanı reqressə düçar edir, hərçənd bu reqress zahiri proqress əlamətlərilə bəzəkli olur. Tarix bəşəriyyətin mühafizəkarlığına baisdir. Yəqin bəşər mənəviyyatı ayrı “inşaat materialları” ilə modullaşdırılmalıdır. İşğal ənənələri də tarixdə çeşmələnir. Tarixi heç vaxt xoşlamamışam. Yalnız çox-çox sonralar F.Nitsşedə oxudum ki, tarix ziyanlı şeydir. Amma “Nitsşedən əvvəl” buna özüm diaqnoz qoyubmuşam. Əslində də tarix sanki fövqəlinsanların əməlləri haqqında povestlər toplusudur. Həmin əməllərsə əsasən müharibələrdən ibarətdir. Binayi-qədimdən yalnız tarix yada salınmaqla müharibələr qopub: bu, fövqəlinsan yaradıcılığında əbədi ştampdır. Yer isə onun uğrunda gedən müharibələrdən şübhələnmədən daim fırlanmağındadır. Fövqəlinsanlar əslində qatı canilər, antiəxlaqi varlıqlardır: bizim  tərifli Teymurləng də, Napoleon da, bir-birinə oxşar antipodlar Hitlerlə Stalin də. Sual oluna bilər: fövqəlinsan dünya harmoniyasına can atır – bu, əxlaqi deyilmi? Cavab: ona qalsa, gəzəyən qadın da mənhus əməllərini seksual müvazinət adıyla “əxlaqiləşdirə” bilər. Onu deyim ki, Qərbdə, ya elə Rusiyanın özündə “ailə mütəxəssisləri” belə müvazinəti alqışlayırlar. Ümumiyyətlə, fövqəlinsan mövcuddurmu? Əslində fövqəlpişik, fövqəlcanavar olmadığı kimi, fövqəlinsanın da varlığı mümkünsüzdür.  İnsan vahid bioloji növdür və olsa-olsa yalnız bu “növ” hədlərində nəyəsə qadirdir. Yəqin ona görə və həm də təxminən bərabər yaratdığını bildiyindən, Allah hamını bir gözdə görür. Allaha kosmopolit ruh xarakterikdir.İnsanın sosial həyatı bioloji notlarda köklənib. Bazis biologizmdədir. Həyat bioloji boşqabda göllənib. İnsan özünüsaxlama instinkti sayəsində apriori ölümə məhkum hər hansı kimsənəni fetişləşdirməyə meyillidir. Allah çox uzaqda olduğundan və hər hansı faciə vaxtı çox ləng  tərpəndiyindən , onun təxmin edilən qüdrətində və xeyli mobil bir qüvvə uydurmaq lazım gəlir. Fövqəlinsan həmişə bizim mifləşdirilmiş birimizdir. Mif sınarsa, yerində adi bir məxluq qalar : fanilik şahın da, rəiyyətin də həyatına xasdır. XX əsrdə mifi sınmış “fövqəlinsan”ların nümunələrini özümüz görmüşük.


***

        Bəşəriyyətin ən despotik uydurmalarından biri əxlaqdır. Əxlaq uydurulmasaydı, insan toplumları başqa parametrlərlə bəlkə də xoşbəxtlik tapacaqdı. Amma sözdəki əbədi əxlaq dominantı fonunda həqiqətdə onun yoxluğu min illər boyu zəncirvari reaksiya şəklində ayrı-ayrı fərdləri məyus edib. İndiyəcən mədəniyyət əxlaqa inam və sonrakı məyusluqdan yaranıb. Ondan ali olan yalnız dinlərdir ki, onlar da çoxaldıqca etibardan düşdülər. Bir dəli quyuya bir daş atır, min ağıllı onu çıxara bilmir. Haçansa bircə nəfərin təfəkküründə cücərən əxlaq ümumbəşəri folklor nümunəsinə çevrilib. Lakin hər kəs ayrı-ayrılıqda bir vaxt bəşəriyyət tərəfindən  varlığı kəşf edilən şeyin yoxluğunu “kəşf etmək”lə məşğuldur. Əslində əxlaq ibtidai insanın ixtirasıdır, yəqin ona görə də daha sivilizasiyalı insanı qane etmir, onun əsəbiləşdirir. Əxlaq yalnız tarixi əhəmiyyətli tapıntıdır – qədim insanın zinətidir. Di gəl muzeylərdə çubuqla göstəriləsi şey hələ də müasir dünyanı dolaşır, şeytan əməlləri şəklində büruzə çıxır. Əxlaq məhz faydalı olduğu üçün, özü də maymaqlar tərəfindən uydurulub və insandakı praqmatikliyin ilk təzahürüdür. Lakin sonradan bəlli oldu ki, əxlaq xeyirdən çox ziyan gətirir, ən əsası ömrü qısaldır; hər halda onsuz insan uzun yaşayar, qocalmazdı. Qocalma atavizm formasında əxlaqdan qalıb.


        Əxlaq ilk baxışda proqress əlamətidir. Bəşəriyyət onu “tapmaq”la sanki bir addım irəliləyib. Əfsus ki, yalnız bir addım, iki yox. İkinci addımın atılmaması artıq tənəzzül sayılmamalıdır. Məhz elə bu bircə fakta görə insan ilahiləşdirilməyə layiq deyil; onun fantaziyası dar fəzalarda “cövlan” edir. Görmək istəyən hər bir kəs insan təxəyyülünün hüdudlarını açıq-aydın görə bilər. İnsan hələ qul olmaq üçün  ehtiyatda saxladığı, qul olmağa son ümid yeri bildiyi Allahı belə düşmanlı, mücərrəd təsəvvür edir.


***

        Boris Yeltsin fantastik coğrafi səhnədə əxlaqi bir rol oynamışdı: demokratiyaya sevgi imitasiyasını əsl sevgiyə bərabər səviyyədə göstərə bilmişdi. Xalq isə belə gözbağlıcaları xoşladığından, minnətdarlıq simvolu kimi ona taxt-tac bağışlamışdı. Amma imperiya yalan-palanları Qafqaz məhək daşına toxunub çilik-çilik oldu. Hətta hörmətli-izzətli rus demokratları sən demə “balaca Rusiya” istəmədiklərindən (balaca olsaydı, onlar Rusiyadan bilmərrə üz döndərərdilər), vaynax torpaqlarının keçən əsrdəki istilasına göz yummaqla öz riyakarlıqlarını aləmə faş elədilər. Xoruzun quyruğu göründü. Sergey Kovalyovdan başqa bütün rus demokratları Rusiyanın geniş coğrafi palazında oturmağa vərdiş eləyib. Onların təfəkkürü giqantizmlə xəstə bir ölkənin vətəndaşlığı duyğusu ilə formalaşıb – “kiçildilmiş” ölkədə heç cür yaşaya bilməzlər. P.Çaadayev demişkən, Rusiya dünyanın altıda birində yerləşməsə, mədəni bəşəriyyət onu sevməz. Rus demokratlarının da (antidemokratlarla hər şey aydındır) canına görünməzlik qorxusu hakimdir. Ona görə də var güclərilə Çeçenistanı Rusiya “həbsxana”sında saxlamağa çalışacaqlar. Hər halda Dumanı ali məclis saymaq qəbahət olardı. “Demokrat”, “demokratiya” olmayan şeylər haqqında gəlişigözəl gəlmələrdir. Amma “despot”, “diktator” real siyasətçi obrazlarıdır. Heç vaxt pələnglərin “demokrat”ı olmur.


        Çeçen xalqı  hamımızın tanıdığı fani və biz dirilərin hələ tanımadığı haqq dünyalar arasındakı sərhədləri “şəffaf”laşdırdı. Bu dünya kimi o dünya da onların auludur. Çeçenlər yeganə xalqdır ki, mövcudluq amplitudası bu qədər genişdir. Hər bir çeçen elə asan və  arxayın ölə bilir ki, deyirsən üç-beş günə diriləcək; sanki ölümə ezamiyyətə gedirlər.


        Vaxtilə yapon əxlaqı fenomeni kimi kamikadzelərə, xarakiri edən şərəf mücahidlərinə heyran olmuşdum. Belə hadisələr millətin sağlamlığı əlamətidir. Ruslarda dekabristlər də bu mənada hörmətə layiqdir, lakin təəssüf ki, onların “azadlıq aşiq”liyində kitablardan gəlmə elementlər çox idi. Biz on igidlikdən doqquzunu qaçmaqda, birinisə gizlənməkdə görən Koroğlumuzu  plakat səviyyəli qəhrəmana çevirmişik, özü də sən demə o təkcə bizim yox, bütün türk ellərinindir. Tərbiyədə gopa çox yer verdiyimizdən, milli ruhumuz xəstədir. Orqanizm bizdə çox əsas şeydir, torpaqların geri qayıtması naminə ayağımıza tikan batmasına da razı deyilik, həmd-sənamız “xaric”ədir, Ostap Bender demişkən, “заграница поможет”. Öz bədənimizə səcdəmiz bəlkə də bütpərəstliyimizdən qalıb. Biz ölüm ayağında qəhrəmanlığımızdan peşiman olanıq. Ağrı hissimiz qeyrətimizdən güclüdür; dərisi soyulmuş Nəsiminin “çürüyünü çıxarmaq”la öz yalanlarımıza şübhəni artırırıq. Nə edəsən ki, bir milyondan  çox qaçqını görə-görə, zəkamız alışıb-yanan rəngarəng şəhvətlərimizə üstün gələ bilmir və barı dünyanın gözü qabağında bunu gizlətmək də istəmirik. Bəlkə də bütün bunlarda coğrafiyamız günahkardır. Axı çeçenlərin Qafqazı ilə azərbaycanlıların Zaqafqaziyası bir-birindən “çox uzaq” yerlərdir: Zaqafqaziya Qafqazın kölgəsində yerləşib.


        Amma C.Dudayevin fonunda “İliç lampası” kimi közərən siyasətçilərimiz tamam şövqdən düşdülər. Həm də məlum oldu ki, biz qanun vahiməsi altında məcburi müvazinətdə “dinc yanaşı yaşayan” məxluqlarıq. Yox, Allah bizim timsalımızda heç də gözəl varlıq xəlq eləməyib. Allah Azərbaycan xalqını ilhamsız vaxtında yaradıb.


***

        Günahımı etiraf etməliyəm: bəzən insanın ram edilməsi ideyasından vəcdə gəlirəm. Mütləq azadlıq absurd şeydir. Mütləq azadlıqda bəşəriyyət antigözəllik lavaları püskürür, insan yaradıcılıq pafosunu azadlıqdan qurtuluş yollarının axtarışına yönəldir. Mənim yox, F.M.Dostoyevskinin sözləridir ki, azadlıq dözülməzdir, bəşər azadlıqda kiməsə itaət, özü də hamılıqla itaət barədə fikirləşir. Qərb azadlığında insanın bəlkə də yeganə gözəl hissi olan sevgi fiziologizm səviyyəsinə enib. Azadlıq sevgi üçün yeyici, öldürücü təsirlidir. Bəlkə də Qərbdə məhəbbətin dadı itib, yaxud elə orda da təbiət insanı ilk gənclikdə islami tərzdə riqqətli sevgiylə oyadır, amma sonra hər şey azadlıq girdabında  sulfat turşusundakı kimi əriyir. Məncə QİÇS (qanda immun çatmamazlığı sindromu.rusca: SPİD) azadlığın iflası nişanəsidir. Milyon illər keçə, nə Məcnun, nə də Leylidə QİÇS olmaz (əlbəttə, Leyli, Məcnun adlarını məcazi işlədirəm). Nuhun tufanı azadlığın zirvəsində baş verib. Sodom və Homorra şəhərləri azadlıq ucbatından dağılıb. Homoseksualizmlə lezbianlığa dözümlülük Avropa və onun törəməsi olan Amerikada humanizm anlamında təzəlik sayılır. Əslindəsə, bu, əxlaq qüsuru tirajını artırmaqdan başqa bir şey deyil. Siyasətçilərin iyrənc praqmatizmi, çılpaq merkantil maraqları bu yolun yolçularından da rəvac umur. Sevgilərdə qələbə naminə hamı hər şeyə hazırdır, hətta terrora da. Donuzdan bir tükü də qənimət bilirlər. Hakimiyyət ehtirası önündə əxlaq kəpənək kimi gücsüzdür. Bəli, Qərb azadlıq intoksikasiyasına uğrayıb, hətta protofaşizm dövründəki kimi koma halı keçirir. Ona görə də müasir dünya siyasətində neofaşizm rəngləri get-gedə artmaqdadır.


***

        ...Həyatda mənim şəxsi intibahlarım çox olub; indi onların həsrətindəyəm. Mənim intibahlarım yenə cücərir, ancaq hələlik hakim siyasətdəki çirkab onları artmağa qoymur.


        Şəxsi intibahlarımın haçansa cəmiyyətdəki intibahlarla üst-üstə düşməsi arzusundayam.

 

 

                                                                                                                      1995, yanvar

Digər xəbərlər

Rafiq Tağının "ironizmləri"

Subyektiv idealizm - təsadüfi oyun növü

MARI YAXŞI YERDİ

Yeni Zelandiyaya atlandı ürəyim

Sabir polemikası davam edir

Şərhlər