Tarix: 25-03-2015 11:24
Baxış sayı: 5400
Axır ki, Allahın bəxş etdiyi uca talantı azərbaycanlıcasına miskin tərzdə hərraca qoymuş Səməd Vurğuna da gəlib çıxdıq.
Həri, mən belə görürəm, insanlarımız həqiqətlə intensiv maraqlanmağa başlayıb, intensiv və kəskin. Bu, cəmiyyətimizdə əxlaqa meylin güclənməsi əlamətidir. Sevinmək gərək: müstəqilliyimiz əxlaq törətmədə. Və yalnız əxlaq törədən müstəqilliyin yaşamaq ehtimalı güclü olur.
Qardaşlar, bizim də xilasımız bəşəriyyətin ən böyük uğuru, onun ən vacib xüsusiyyəti olan əxlaqdadır. Əbədiyyətə uçuşlarımız həqiqətlə mümkün!
"Zamanın içində" - öncül fikir adamı Soylu Atalı bu son əsərində "həqiqətlə bir ol", deyir, "əbədiyyətdən danış", "mahiyyətdən danış", deyir.
Hə, görən, yerin-göyün Yaradıcısı "klassik" sözünü təntənəylə boynundan asdığımız Səməd Vurğuna İlham atını niyə bağışlamışdı? "Şər imperiyası"nın qabağında eşşək kimi işləməyəmi?
Bugün yaradıcılığı qətiyyən aktual olmayan Səməd Vurğundan danışmaqla, Soylu Atalı əslində çox aktual olan bir məsələni qabardır. Cəmiyyətdə mənim kimi aldadılmış insanlar, hətta bütün nəsillər intiqam amacında.
İmperiyanın buyruq qulu Səməd Vurğun da xalqı aldadanlardan olub deyə, indi onun ən gözəl lirik şerləri də gözdə deyil. "O yalnız cəmiyyətin təhrif olunmuş tarixində mövcuddur", - deyir Soylu Atalı. Mən də deyirəm, "kosmopolit xəyallı" olmuş olsa da, Səməd Vurğun artıq dünyanın heç bir insanına, xalqına lazım deyil. Hətta "doğmamız" MDB-də də.
Mən ədəbi dünyada Səməd Vurğun qədər boşboğaz ikinci bir şair tanımıram. Başqa dillərə tərcümədə Səməd Vurğunun yaradıclığı söz yığınından başqa bir şey deyil. "Özgəçiliyin" vəsvgu şairi öz millətini həmişə yadların ayağına verib. Bütün zahiri təzahürlərinə baxmayaraq, onun poeziyasında milli təəssübkeşlik hissi yox dərəcəsindədir. Səmədvurğunlar bağ-bağatlı, isabulaqlı Azərbaycanı qəşəng bir restoran qismində görüb. O öz millətinə yarımçıqlıq ruhu aşılayıb. Vətən ruhu atrofiyaya uğradılmış azərbaycanlı indi ancaq məişət qoçuluqlarına qadirdir. "Vətən" - azərbaycanlı üçün gəlişigözəl bir sözdür. Onu ibtidai sinif dərsliklərində - boğazdanyuxarı primitiv şerlərdə "görərsən". Azərbaycanlı yalnız qul simasında gözəldir. Ondan yenilməzlik tələb olunmayıb, elə ona görə yenilməz deyil də. Azərbaycan ziyalısı əsasən küt və yaltaq, beləliklə də cəmiyyət üçün ziyanlıdır. Azərbaycan yazıçılarının XI qurultayı da bunu tam sübuta yetirdi. Şəhidlər Xiyabanında Heydər Əliyevdən öz tualeti üçün unitaz xahiş etmiş qrafoman şair Qabil yenidən Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri seçildi.
İlahi, beyni xaşıl, marazmatik ağsaqqallardan qoru bizi!
Yox, "köhnnə əxlaq artıq komedik" (F. Nitşe) effektlidir. Saz aşiqi Səməd Vurğunun "vahid vətən"ində "QULAQ" arxipelaqları saz işləyirdi. Səməd Vurğunun "gurultulu-bağırtılı" qəhrəmanları manqurt tipli varlıqlardı. "Onun ən gözəl şerləri belə şair şəxsiyyətini təsdiq etmir", - deyir Soylu Atalı. Mən də deyirəm , diktatura çöllərində şad-xürrəm ov ovlayan, quş quşlayan Səməd Vurğun gözlərini-dırnaqlarını öydüyü ceyranın qarnını qurşunlarla dolduran , yeyib-içən, "akademik" bir oğlan olmuşdur. Olsa-olsa.
İlahi, bacarırsansa, bizə həqiqətlər səmtini tez göstər!
Səməd Vurğun "rus imperiyası"nın "parçala, hökm sür" siyasətinə beşəlli səs verənlərdəndi. "Şair Səməd üçün Türkiyə, türk ulusu yaddır", - deyir Soylu Atalı. "26-lar" poemasında şair Stepan Şaumyan haqqında "Döyünür köksündə polad ürəyi", - deyir. Günü sabah erməni ən "klassik" oğlumuzun bu sayaq misralarını mil kimi gözümüzə soxsa, neyləməliyik? Rəsulzadəni "xain" adlandıran S.Vurğun "Qafqazın qartalı Şaumyan", deyir.
"Səmədlər Azərbaycanın boynundan düşməsə , Azərbaycanın boynu görünməyəcək", yaxud "Səməd zamana bərabərdir, Azərbaycan - əbədiyyətə", qardaşlar, Soylu Atalının "zamanın içində qalmış" S.Vurğuna bu təzə baxışları hədsiz düşündürücüdür. Əlbəttə, bu, kimlərinsə xoşuna gəlməyə bilər. Gəlməsin də. Soylu Atalı, eləcə mən də, kimlərinsə xoşuna gəlmək üçün yazmırıq. Bizim davamız Azərbaycandır. İdealımız Azərbaycan olarsa, klassiklərimizə də qorxub-hürkmədən, açıq gözlə baxa biləcəyik, inşallah. Güman ki. Yəqin. İndilikdəsə bunu bacarmırıq.
"Sənət qəzeti" 02.06-15.06.2004-cü il