Rafiq Tağı üç, Samir Sədaqətoğlu isə dörd il müddətinə həbs edildi

Tarix: 25-03-2015 11:10
Baxış sayı: 2134

 
Mayın 4-də Sabail Rayon Məhkəməsində hakim Yusif Kərimovun çıxardığı hökmlə «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu dörd il, bu nəşrin yazarı Rafiq Tağı isə üç il həbs cəzası aldı. Dövlət ittihamçısı Sədaqətoğlunun beş, Tağının isə dörd il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Hökmdən dərhal sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Rebeka Nasland bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu qərar Azərbaycanda söz və mətbuat azadlığına qoyulan və «bizi narahat edən lüzumsuz məhdudiyyətlərin növbəti nümunəsidir»: «Səfirlik Tağının məqaləsində ifadə etdiyi fikirlərə şərik çıxmır, amma biz onun və hər bir Azərbaycan vətəndaşının öz fikrini azad şəraitdə ifadə etmək hüququnu dəstəkləyirik».
 
Bəyanatın sonunda bildirilir: «Söz azadlığı keçmiş Dövlət katiblərinin birinin dediyi kimi, ziddiyyətli və hətta amansız sözü qorumaqdan ötrüdür. Bu, müdafiəyə ehtiyacı olmayan, adi və bayağı sözlərdən ötrü deyildir».
 
Hökm çıxarılmamışdan əvvəl isə prosesdə iştirak edən bəzi şəxslər təqsirləndirilənlərin vəkili İsaxan Aşurovun çıxışına mane olublar. Hakimin qərarı ilə həmin şəxslərdən biri zaldan çıxarılsa da, səs-küy sakitləşməyib.
 
Samir Səqətoğlu həyatı üçün təhlükə hiss etdiyini deyərək, hakimdən özünün zaldan çıxarılmasını tələb edib. Baş redaktor bildirib ki, onda olan məlumata görə, zalda silahlı mütəşəkkil dəstə üzvləri əyləşiblər və hər an onu öldürə bilərlər.
 
Vəkil İsaxan Aşurov isə müdafiə etdiyi şəxslərin təhdid olunduqlarını və hədələndiklərini bildirib: «Mən bu məhkəməyə kimlərinsə iddia etdiyi kimi, hansısa səfirliklərdən və ya müdafiə etdiyim şəxslərdən külli miqdarda pul alıb gəlməmişəm. Mən bura kəfənimi boynuma dolayıb gəlmişəm». O, müdafiə etdiyi şəxslərə məhkəmədən bəraət istəyib: «Onsuz da beynəlxalq məhkəmələrdə bu şəxslər bəraət alacaqlar».
 
Son sözündə Rafiq Tağı bütün konstitusion hüquqlarının pozulduğunu və özünü vicdan məhbusu saydığını deyib. O, islamdan belə ağır cəza gözləmədiklərini bildirib.
 
Samir Sədaqətoğlu isə məhkəmədə nə dinin, nə də dövlətin təməl prinsiplərinin qorunmadığını deyib: «Mənim iki övladım var. Nə evim var, nə də ailəmə qazanc gətirənim...İslam əxlaqı budurmu ki, mənim uşaqlarım atasız və çörəksiz qalsın. Küçədə səfil olsunlar». Baş redaktor onların həyatlarının təhlükədə olduğunu bir daha xatırladıb: «Kənardan mesajlar alıram ki, həbsdə sizi rahat qoymayacağıq. Ona görə də, həbsdə bizim təhlükəsizliyimiz təmin olunmalıdır».
 
Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə - yəni irqi, milli və dini ədavəti qızışdırmaqda ittiham edilirlər. «Avropa və biz» məqaləsində Rafiq Tağının islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirdiyi iddia edilir. Onlar ötən ilin noyabrında həbs ediliblər. 
 

http://www.azadliq.org/content/article/391103.html

Digər xəbərlər

Eyvaz Zeynalov: "Rafiq Tağını xatırladım"

Zəminə Rəhimqızı ilə söhbət (2)

Qaraçuxa

Bir neçə anlıq macəra

Magistral xətlər keçə o torpağın üstündən...

Şərhlər